Müəllimlərin sertifikasiyaya cəlbi 2022-ci ildən etibarən başlayıb. Məqsəd müəllimlərin inkişafını təmin edib stimullaşdırmaqdır.

Bəziləri sertifikasiyanı müəllimlərin imtahanı kimi başa düşsə də, əslində sertifikasiya müəllimlərin bilik və bacarıqlarını, o cümlədən onların peşə yararlığını yoxlamağa xidmət edir.

Maraqlıdr, sertifikasiya ilə bağlı yanlış düşüncəni necə aradan qaldırmaq olar?

araz.az bildirir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlının  sözlərinə görə təhsil sistemini sağlamlaşdırmağın yollardan biri müəllimin, verdiyi dərsin özünün lazımi səviyyədə bilməsidir:

 “Ölkəmizdə həm dövlət büdcəsi, həm də Heydər Əliyev fondunun hesabına müasir məktəblər tikilib. Lazımi avadanlıqlarla təchiz edilib. Amma həmin məktəblərdə dərslərin keyfiyyəti hansı səviyyədir? Ümumiləşdirmək istəməzdim, amma cəmiyyətimizdə kimdən soruşsanız hamı deyəcək ki, təhsil sistemini sağlamlaşdırmaq zəruridir.

Bəs təhsil sistemini sağlamlaşdırmağın yolları hansılardır? Bu yollardan biri müəllimin verdiyi dərsin özünün lazımi səviyyədə bilməsidir. Heç kəsə sirr deyil ki, müəllimlərin bir qismi dərs verdiyi fənni özləri yaxşı bilmirlər. Fənnini yaxşı bilməyən müəllim şagirdə dərsi necə öyrədə bilər? Təbii ki, bu mümkün deyil.

Elə isə həmin müəllimlərdən məktəb necə xilas olmalıdır? Bunun əsasən 2 yolu var. Birincisi inzibatçılıq, ikincisi isə müəllimlərin səviyyəsini üzə çıxarmaqdan ötrü sertifikatlaşdırmaqdır, biliklərinin yoxlanılmasıdır.

İnzibati yol uğurlu deyildir. Orada subyektivliyə yol açıla bilər. Müəllimin biliyini inzibati qərarlarla müəyyənləşdirmək, hansının bildiyini, hansının bilmədiyini üzə çıxarmaq çətindir. İndiki şəraitdə ən düzgün yol müəllimlərin bilik şəraitini yoxlamaqdan ötrü sertifikasiyanın həyata keçirilməsidir”.

Deputat vurğulayıb ki, sertifikasiya sayəsində hər bir müəllimin öz fənninə qarşı olan bilik səviyyəsi müəyyənləşir:

“Sertifikatlaşmadan keçməyən şəxslərin Elm və Təhsil Nazirliyini günahlandırmağa heç bir haqları yoxdur. Elm və Təhsil Nazirliyi kiməsə yüksək, kiməsə aşağı səviyyə yazmır. Səviyyəni iştirak edən müəllim öz cavabları ilə müəyyənləşdirir.

Ona görə də hesab edirəm ki, burada tənqid hədəfi Elm və Təhsil Nazirliyi olmamalıdır. Sertifikasiyadan keçməyən müəllimlər özlərinə sual verməlidirlər. “Nə üçün keçə bilmədim?” belə müəllimlərdən məktəb və şagirdlər xilas olmalıdır.

Valideynlər haqlı olaraq soruşurlar ki, nə üçün dərslər keyfiyyətli keçmir? Bəs nə üçün onlar əlavə vəsait sərf edib övladlarını repetitor yanına qoyurlar? Nəticədə belə müəllimlərin fəaliyyətindən dolayı vətəndaşlar dövlətin təhsil siyasətindən narazı qalırlar.

Dövlətimiz bütün imkanları yaradıb və sertifikatlaşma fikrimcə ən doğru yoldur. Təhsil sistemimiz sağlamlaşdırmalıdır. Dərs verə bilməyən müəllimlər məktəbdən məhz təbii yolla kənarlaşdırılmalıdır. Çünki təhsil millətin gələcəyidir. Sertifikatlaşma millətimizin gələcəyi olan təhsilin sağlamlaşdırılması məqsədini güdür”.

araz.az xəbər portalı.