Qərbi Azərbaycan İcması uğurlu fəaliyyətinə uğurlar qatan tədbirlər keçirməyi davam etdirir. İcmanın adıyla təşkil olunan çoxsaylı tədbirlərin əsas qayəsi tarixi torpaqlarımıza qayıdışla bağlı olur.

Belə bir yaddaqalan tədbiri Qərbi Azərbaycan İcmasının Dərələyəz İcması tərkibindəki Paşalı İcması paytaxt Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki “Prestij” restoranında keçirdi. Bu tədbirdə erməni təcavüzü nəticəsində Dərələyəz mahalından zorla deportasiya edilən Paşalı rayonunun bir qrup ağsaqqalı və ziyalısı, fəal ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə açılış nitqi ilə çıxış edən Terp Kənd İcmasının rəhbəri Ceyhunə Şirəliyeva qeyd etdi ki, bu tədbir əsasən hesabat xarakterlidir. Amma işgüzar mühitdə keçməsi üçün, təşkilatçılar əllərindən gələni əsirgəməyiblər. Onun sözlərinə görə, görüşün əsas məqsədi həm Paşalıdan olan ziyalılarla və ağsaqqallarla görüşmək, həm də geniş ictimaiyyətə bu təşkilatın fəaliyyəti ilə bağlı məlumat verməkdir. Rəhbər xanım öz çıxışında xüsusi olaraq onu qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının yaranması əslən bu mahaldan olan soydaşlarımıza da yüksək ruh verib. Bundan sonra, hamı dədə-baba torpaqlarımıza qayıdışla bağlı fəal mübarizəyə qoşulub. Qərbi azərbaycanlılara bəxş olunan bu qəti inama görə, o, ölkə rəhbərinə dərələyəzlilərin də dərin minnətdarlığını çatdırdı. Bildirdi ki, bu önəmli missiyanın uğurla həyata keçirilməsinə rəhbərliyi də, dövlət başçısı doğma yurd sevgisi yüksək soydaşlarımıza etibar edib. Onlar bu etibarı inamla doğruldurlar. Bu, göz qabağında olan bir həqiqətdir.
Bundan sonra söz alan Dərələyəz mahalı Paşalı İcmasının rəhbəri Faiq Xudayev də, öz çıxışında xanım sədrin dediklərinə dəstək olan fikirlərini önə çəkdi. Bildirdi ki, Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və əməkdaşları, başda icma rəhbəri, millət vəkili Əziz Ələkbərlə olmaqla, onlara etibar olunan missiyanı uğurla davam etdirirlər. O, bu istiqamətdə həyata keçirdikləri gərgin işlərinə görə, bütün dərələyəzlilərin minnətdarlıqlarını da, onlara çatdırmağın vacibliyini vurğuladı.

Digər tədbir iştirakçılarının çıxışları da maraqlı alındı. Beynəlxalq Diaspor Mərkəzinin tanınmış rəhbəri, Terp İcması İdarə Heyətinin üzvü İsmayıl Ağayev öz çıxışında bildirdi ki, belə bir təşkilatın yaradılması onların çoxdankı arzuları olub. Elə, rəhbəri olduğu diaspor qurumu da, bütün fəaliyyətini daim bu ülvi istəyin reallaşmasına kökləyib. Ötən müddət ərzində, təşkilat xəttiylə bu istiqamətdə hansı möhtəşəm işlərin həyata keçirildiyi danılmazdır.

Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı üzrə nümayəndəsi İnam Məmmədov və digər çıxış edənlər də, bu qurumun məqsədləri, icmanın yerli nümayəndəliklərinin qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yüksək səviyyədə fəaliyyət həyata keçirdiklərini, eləcə də Əziz Ələkbərlinin rəhbərliyi altında, İcmanın bu günə qədər göstərdiyi uğurlu fəaliyyət barədə danışdılar.
Çıxış edənlər onu da bildirdilər ki, Paşalı İcması artıq ən fəal yerli təşkilat olaraq özünü tanıdıb. Bu Qərbi Azərbaycan İcmasının keçirdiyi tədbirlərdə də, dəfələrlə qeyd olunub. Çıxış edənlər mərkəzin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını dilədilər və bu uğurlu işlərə
dövlətə və dövlətçiliyə sadiq dərələyəzlilərin sonadək dəstək olacaqlarını xüsusi olaraq qeyd etdilər.
Tədbirin sonunda Qərbi Azərbaycanın Paşalı rayonunun Terp Kənd İcmasının üzvlərinə vəsiqələr və döş nişanları verildi. Bu, tədbir iştirakçıları üçün sevindirici bir xəbər oldu. Bundan sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himninin mübarizliyə səsləyən sədaları altında xatirə şəkli çəkdirdilər.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.