Dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, son illər ərzində, ölkənin üçüncü böyük şəhəri Sumqayıtın son abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsində yaxından iştirak edən şikayətçi bir qrup iş adamının iddiaları, daha doğrusu, daha çox onların ölkə başçısına və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinin adlarına ünvanladıqları şikayət xarakterli müraciətlər əsasında “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində xeyli sayda tənqidi yazılar dərc edib. Bu müraciətlərdəki şok effektli təsir yaradan faktlar və ayrı-ayrı epizodlar portal əməkdaşlarına da psixoloji cəhətdən öz təsirini göstərib. Məhz bu səbəbdən də, əməkdaşlarımız naəlac saydıqları həmin iş adamlarına vicdan çərçivəsi kriteriyalarına uyğun kömək göstərmək məqsədi ilə, onların dediklərini ictimailəşdirməyi lazım bilərək, həmin yazıları qələmə alıblar. Dərcindən dərhal sonra, həmin yazılara Sumqayıt Şəhər İcra Hakimiyyətinin reaksiyası da olub. Daha doğrusu, yazılarda göstərilən və şok təsiri bağışlayan fakt və epizodlara dərhal konkret cavablar verilib. Həmin cavablara görə, məqalələrdə qeyd olunanlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil: “Yazı qələmə alınarkən, əvvəlki yazılarınızda olduğu kimi, real faktlar nəzərə alınmayıb. Belə bir oxunaqlı saytın bu addımı atması təəssüf doğurur. Təəssüf hissi ilə bir daha qeyd edirik ki, bəzi saytlar kimi, araz.az xəbər portalında da, həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Bildiririk ki, məqalələrinizdəki etibarlı mənbə adıyla verilən əsassız məlumatların hər biri uydurma iddia xarakteri daşıyır. Araşdırmalarınızı hərtərəfli aparsaydınız, əsl həqiqətlər və kimin günahkar olması çoxdan üzə çıxardı. Dediklərimizi nəzərə almayacağınız təqdirdə, İcra Hakimiyyətinin adıyla növbəti hüquqi addım atmaq məcburiyyətində qalacağıq”.

Əməkdaşlarımızı bu cavablar qane etmədiyi üçün, yazılarının dərcini davam etdiriblər. Bu mövzuda olan və geniş oxucu kütləsi qazanan sonuncu yazımıza İcra Hakimiyyəti tərəfindən verilən cavab təkzib xarakterli olduğu üçün, bu, əksəriyyəti Sumqayıtda yaşayan Redaksiya Heyəti üzvlərinin heç birinə xoş təsir bağışlamayıb. Onlar təcili olaraq bir araya gələrək, bu məsələni ciddi şəkildə müzakirə ediblər. Məlum olub ki, İcra Hakimiyyətinin bu cavabı əsl həqiqəti üzə çıxarır. Açıq-aydın görünür ki, əvvəlki yazılarımızda sübut kimi göstərilən ayrı-ayrı fakt, dəlil və epizodlar öz təsdiqini tapmır.

Redaksiya İdarə Heyətinin üzvləri Media Qrupunun təsisçisi və Baş redaktoru ilə, deyilənlərlə bağlı müzakirələr aparıb və sonda belə qənaətə gəliblər ki, həqiqəti əks etdirməyən yazılar təcili müəyyən edilsin və saytın internet səhifəsindən dərhal silinsin. Yazı müəllifləri isə, bu ciddi məsələni diqqətdə saxlayıb, əsl həqiqəti dəyərli oxucularımızın diqqətinə çatdırsınlar.

araz.az xəbər portalı.