Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Putin bəzi şəxsləri hökumətdə saxlasa da, Sergey Şoyqunu müdafiə naziri postundan göndərib, yerinə Andrey Belousovu gətirib.

Bu təyinat diqqət çəkir, çünki Belousov mülki məmurdur, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Baş nazirin birinci müavini vəzifələrini icra edib. Yəni onun müdafiə naziri təyin edilməsi Rusiya tarixində nadir hadisədir.

Məsələ ondadır ki, istər Çar Rusiyası, istər SSRİ, istərsə də müasir Rusiyanın hərb nazirləri ya ali hərbi kadrlardan, ya da hərb keçmişi olan şəxslərdən seçilib. Putinin müdafiə naziri postuna Belousovu təyin etməsi bəzi mühüm səbəblərlə bağlıdır.

Birincisi, yuxarıda da qeyd etdiyim kimi, A.Belousov Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb. Yəni iqtisadi bilikləri və təcrübəsi çoxdur. Rusiya-Ukrayna müharibəsi iki ildən çoxdur davam edir və rəsmi Moskvanın müharibə xərcləri, itkiləri günü-gündən artır. Bundan başqa, son zamanlar Müdafiə Nazirliyində korrupsiya qalmaqalları, generalların mənimsəmə halları artıb. Putin bu vəziyyətdən ciddi şəkildə narahatdır. Buna görə də hərbi xərclərin tənzimlənməsi, mənimsəmə hallarının qarşının alınması üçün belə bir qərar verdi.

İkincisi, Putinin Şoyqunu Belousovla əvəzləməsinin ən önəmli səbəbi onun hərbi kadrlara lazımi qədər güvənməməsidir. Məsələ ondadır ki, Ukrayna müharibəsinin uzanması daxili auditoriyada narazılığı artırır. Təbii olaraq Qərbin Putin əleyhinə inqilab ssenariləri də aktuallaşır.

Kreml rəhbəri yaxşı bilir ki, Rusiyada bu tezlikdə xalq ayaqlanması olmayacaq. Yəni onun hakimiyyətinə real təhdid ancaq hərbi elitadan gələ bilər. Bir neçə dəfə S.Şoyqunun Putini əvəzlənməsi kimi versiyalar səslənib. Görünür, Putin bu iddialara ciddi yanaşır və ətrafında təhlükəsizlik halqası yaratmağa çalışır. Hərbi elitanın gücünün qırılması Putini buradan gələcək təhlükədən sığortalaya bilər, lakin həmin elitanın Belousovun tapşırıqlarını necə icra etməsi, ya da onun nazirlik fəaliyyəti sual altındadır. Bütün hallarda Putin Rusiya tarixində nadir təyinata imza atdı və bu, kifayət qədər radikal addımdır.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.