Bu da, daha bir jurnalistin başına gətirilənlərdə şok yaradan epizod: Nüfuzlu 7gun.az xəbər portalının rəhbəri, tanınmış jurnalist Cavid Şirəliyev təhrik və təpkilərlə üz-üzədir. Başına gətirilənlər azmış kimi, indi də, ona qarşı Masallının paqon daşıyan vəzifə sahiblərinin məcburi gətirmə təpkisi ortadadır. Bu barədə, dəyərli həmkarımızın özü tərəfindən araz.az-a Müraciət daxil olub. Onun məlumat xarakterli həmin Müraciətini olduğu kimi ictimaiyyətin diqqətinə çatdırırıq:

“Bu gün qeydiyyatda olduğum qəsəbənin sahə inspektoru ilə telefonla danışdım. O, mənə dedi ki, Masallı Rayon Polis İdarəsinin İstintaq Bölməsi tərəfindən barəmdə məcburi gətirmə qərarı çıxarılıb. Mən ondan nə üçün çağırıldığımı soruşduqda, heç bir cavab vermədi. Sabah, mayın 14-ü səhər saat 9-da Polis İdarəsinə gedəcəm.

Ümumiyyətlə, şəxsin məcburi gətirilməsi barədə qərar hansı hallarda çıxarılır? Bu sualın cavabı olduqca vacibdir. Qeyd edim ki, məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
– Cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
– Cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
– Cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
– Daimi yaşayış yeri olmadıqda.

Bildirmək istəyirəm ki, mən 2004-cü ildən bir nömrə işlədirəm və telefonum sutka ərzində açıq olur. Bundan başqa, daimi qeydiyyatda olduğum ünvanda yaşayıram.
Mənim adıma məktub daxil olan kimi, dərhal özümə çatdırılır. Yəni, mən cinayət prosesi aparan orqana qanunla müəyyən edilmiş qaydada çağırılmamışam. Belə olan halda, məcburi gətirilmə barədə qərarın verilməsi narahatlıq doğurur. Hesab edirəm ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri mənə qarşı münasibətdə kobud şəkildə pozulub. Hər bir halda, sabah söz verdiyim vaxtda istintaq orqanına gedəcəm”.

Həmkarımıza başımız üstündəki Böyük Allahımızdan kömək diləyib, araz.az xəbər portalı olaraq, bu prosesi daim diqqətdə saxlamağa çalışacağıq. Belə qənaətdəyik ki, Masallı polisi “köhnə palan içi tökür”. Çünki bir müddət öncə Cavid Şirəliyevin barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət olunub. Şikayət edənlər Masallı rayonunun Ərkivan qəsəbəsindəki 3 saylı orta məktəbin direktoru və həmin məktəbin pedoqoji kollektividir. Onlar AR CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bildikləri media qurumu rəhbərinin həbs edilməsini istəyiblər. Lakin onların bu istəkləri baş tutmayıb.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.