“Parlamentdə müstəqil, tərəfsiz deputatlar olmamalıdır, partiyalar təmsil olunmalıdır. Yaxşı olardı ki, referendum keçirilsin və proporsional seçki sisteminə keçilsin, partiyaların cəmiyyətdə funksiyası daha da artsın”.

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri növbəti seçkilərin daha demokratik keçiriləcəyinə inandığını bildirib:

“Bizim də gözləntilərimiz çoxdur və düşünürük ki, bu seçkilər tam demokratik və şəffaf keçiriləcək. İstərdik ki, budəfəki seçkilərə Ramiz Mehdiyev kimilər müdaxilə etməsin, normal seçki olsun. Azərbaycandakı demokratik mühitlə bağlı dünyadan, Qərbdən bəzi narazılıqlar var – söz azadlığı, mətbuat azadlığı və sair. Düzdür, bunların hamısı artıq təmin olunub ölkədə. Bəzi məmurlar aparıb qohumlarını parlamentə qoyur, eləsi var sevgilisini qoyur. Bu, deputat seçkisi demək deyil. Biz bu qınaqdan qurtulmaq üçün partiyaların rolunu nəzərə almalıyıq”.

Hafiz Hacıyev deputatların sayının artırılmasının tərəfdarı olduğunu deyib:

“Yaxşı olardı ki, 24-25 partiyadan hərəsi parlamentdə 2-3 yer tutsun. Belə olsa, Azərbaycan ABŞ-ın, Avropanın qınağından kənarda qalardı. Hamısı bizdən bunu tələb edir. Əminəm ki, bunların hamısı olacaq, çünki ortada Prezidentimizin iradəsi var. Prezident həmişə demokratik mühitin formalaşması üçün böyük işlər görür. Əhalinin 7 milyon olduğu vaxtdan 125 deputat sayı müəyyən edilib. İndi 10 milyonuq. Yaxşı olardı ki, deputatların da sayı artırılsın. Say artsa, parlamentdə partiyalardan 30-40 nümayəndə təmsil olunsa, daha yaxşı olar”. /metbuat.az/

araz.az xəbər portalı.