Aprel döyüşlərində ağır yaralanan və uzun müddət komada qalan qazimizə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov hayan oldu. Mübariz Mənsimovun bundan əvvəl də dəfələrlə xeyirxah əməllər görüdüyündən xəbərdarıq. Görəsən digər imkanlı şəxslər qazinin vəziyyətindən xəbərdar deyildilərmi? Bu biganəlik və laqeydlik nədən irəli gəlir?
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı mövzu barədə Moderator.az-a münasibət bildirib. O, məsələyə dini yönümdən yanaşaraq kapitalizmin Azərbaycandakı reallıqlarından da danışıb.
“Bismilləhir-rahmənir-rahim. Sualınız elmi bəhsdir deyə 2-3 kəlmə ilə izahatını vermək asan olmayacaq. Səbəblərin birincisi və əsası insanda varlanmaq və bu var-dövlətdən istifadə etmək təlim-tərbiyəsinin olmamasıdır. Çünki insan Yaradanı tanımır ki, özünü tanısın. Bilmir ki, nə ilə necə rəftar eləsin. İnsan nəyin xeyirli və nəyin zərərli olacağının fərqində deyil. Ağılı necə kəsir elə də cəmiyyətlə və dövlətlə rəftar edir. Rəftar yəni mərifət, tanımaq deməkdir. Hər kəs bacardıqca gələcəyini təmin etmək üçün varlanmaq ehtirasında fəaliyyət göstərir. Nəticə əldə edir, amma qazandığını bölüşdürmək istəmir.
Baxın Sosializm formasiyasında belə hesab edirdilər ki, insanı bədbəxt edən var-dövlətdir. Ona görə insanların əlindən var-dövlətin aldılar ki, insan səfehləməsin və cəmiyyətə düşmən kəsilməsin. Nəticədə insan özünə, cəmiyyətə və mənsub olduğu dövlətə düşmən çıxdı. Uzun illər nəfsi həbs olunmuş insanlar həbsxanalara salındı, sürgünlərdə çürüdüldü və qolçomaq adı ilə düşmən simasında məhv edildilər. Bu kimi, insanların fitrətinə zidd olan ideologiyanın ömrü cəmi 70 il çəkdi.
Kapitalizmi düşünənlər isə əksinə, hesab etdilər ki, insanı cəmiyyətə və dövlətə düşmən edən kasıbçılıqdır. Ona görə insanların mal dövlətinin artması üçün şərait yaratdılar. Bir şeyi unutdular ki, insanın fitrətində Allahlıq iddiası yaranmağa şərait yaradırlar.
Xüsusən də belə Fironlar çoxlaldıqca varlılar və kasıblar arasında ciddi ixtilaflar, düşmənçiliklər daha kəskinləşdi və hətta elmi-texniki inkişaf dövlətlər arasında müharibələrin miqyasını genişləndirdi. Çünki insan fitrətən mənfəətpərəstdir və zərərdən uzaqlaşmağa meyllidir. İnsan qorxu ilə ümidin arasında özünün yaratdığı aləmdə özünə hərəkət sistemi yaradır. Hər iki ideya insanın fitrətinə ziddir deyə bu formasiyalarda insan özün xoşbəxt görmür.
İslam isə insanın qazanmasında, var dövlət sahibi olmasında problem görmür. Amma hesab edir ki, insan təlim-tərbiyyə almalıdır. Qazandıqlarını özünün şəxsi ağlının məhsulu bilməsin və qazandıqlarını ona Allahın imtahan üçün verdiyini mütləq bilsin. Ən başlıcası isə qazandıqlarının özünün istəyi ilə deyil, insanların qayğısına qalmaq üçün verildiyini anlasın və bölüşsün. Məhz bu səbəblər formasiyaların ideologiyası ilə İslam ideologiyası arasında ziddiyyət yaratdığından və maraqlar toqquşduğuna görə İslamla düşmənçilik edirlər.
İslamın nəzərində bu kimi hadisələr bütövlükdə, xalq, millət və dövlət üçün imtahandır. Allahın varlığına inanan şəxs qarşısına çıxan belə imtahanları özünə fürsət bilib, bütün vasitələrdən istifadə edib, narahatçılıqları həll edərlər ki, Allahın razılığını qazansınlar.
Azərbaycanın indiki reallıqları kapitalizmin eybəcər sifətlərini üzə çıxarıb. Bu kimi təsirli hadisələrdə cəmiyyətin varlı təbəqəsi Qazilərimizə belə biganəlik və laqeyidlik göstərirlər. Belə adamlar insanlıqdan uzaq, xəsislik etməklə müşahidə edilirlər, ya da yaxşı nümunələr sərgiləməkdən qorxurlar. Çünki milyonlarla pulu olan şəxslərın qazandıqları pullar çirkli mənbələrdən qazanılıb. Yaranmış vəziyyətdən isə bəhrələnən ancaq Şeytan olur ki, insanlar arasında düşmənçilik toxumu salır və cəmiyyətdə birlik, vəhdət pozulur. Hz. Əli (ə) buyurur ki, kasıb o adamdır ki, ağıldan və əxlaqdan kasıbdır.
Qeyd etmək istəyirəm ki, insanların problemlərini tək dövlət deyil, eləcə də imkanlı səxavətli şəxslər həll etməlidirlər. Bunu Allah istəyir və ürəyiaçıq imkanlı insanlara etdiyi xeyirxah əməllərin əvəzində behişt vəd verir.
Mehman Nəbiyev
araz.az xəbər portalı.