Qərbi Azərbaycan İcmasında ictimai və dövlət xadimi Yunis Rzayevin anadan olmasının 100 illiyi qeyd olunub.

İcmadan araz.az-a bildirilib ki, tədbirdə Yunis Rzayevin həyat və fəaliyyətini, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığı dövrü əhatə edən videoçarx nümayiş olunub.

Çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Yunis Qəhrəman oğlu Rzayev 1924-cü il mayın 2-də Göyçə mahalı Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. Ali təhsilini başa vurduqdan sonra keçmiş Ermənistan SSR-də və Azərbaycanda müxtəlif dövlət vəzifələrində çalışıb. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə – 1970-1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci il yanvarın 24-dək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləyib. Üzümçülük və şərabçılığın inkişafı istiqamətində Ulu Öndərin tapşırıqları əsasında nəinki respublika miqyasında, eləcə də ümumittifaq (SSRİ) miqyasında böyük nailiyyətlər qazanılıb.

İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Yunis Rzayevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Yunis Rzayevin uğurlu fəaliyyətində, onun bir ictimai və dövlət xadimi kimi yetişməsində, uğur və nailiyyətlər qazanmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olmuşdur.

Daha sonra İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Yunis Rzayevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, Y.Rzayev Ermənistandakı radikalların ucbatından Qərbi Azərbaycandan Bakıya köçəndən sonra Ümummilli Lider Heydər Əliyevin təyinatı ilə 1970-1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci il yanvarın 24-dən isə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifələrində işləyib. Həmin vaxtlarda Moskva, Leninqrad (Sankt-Peterburq), Rostov, İrkutsk, Kazan, Kemerovo, Bratsk şəhərlərində Azərbaycan şərabının istehsalı üçün iri müəssisələr yaradılıb. İstehsal olunan yüksək keyfiyyətli şərablar beynəlxalq sərgi və dequstasiyalarda öz layiqli yerini tutub.

Şərabçılıq üzrə tanınmış alim, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun keçmiş direktoru, texnika elmləri doktoru Tariyel Pənahov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin respublikada üzümçülük və şərabçılığın inkişafındakı rolundan bəhs edib.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov çıxışında bildirib ki, Yunis Rzayev Ümummilli Lider Heydər Əliyevin diqqəti sayəsində “Lenin”, “Oktyabr inqilabı”, üç “Qırmızı Əmək Bayrağı” ordeni, 9 medal və fəxri fərmanlarla təltif olunub. VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Çıxışlar bitdikdən sonra Yunis Rzayevin ailə üzvləri Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyət göstərməsi üçün yaradılan şəraitə, Yunis Rzayevin xatirəsinin anılmasına görə ailə adından ölkənin ali rəhbərliyinə dərin minnətdarlıq ifadə ediblər.

araz.az xəbər portalı.