Bu önəmli tədbirdə də, dünya gündəmini zəbt edən “yaşıl enerji” qlobal probleminin həllinə Azərbaycanın ilk olaraq “yaşıl işıq” yandırması alqışlanıb

Ölkəmizdə aktiv ictimai fəaliyyəti ilə seçilən “Əbədi Birlik” Gənclər İctimai Birliyi xarici əlaqələrini də genişləndirir. Gənclər qurumundan araz.az-a daxil olan son məlumata görə, təşkilat sədri Şahin Əliyev bu günlərdə Şimali Kipr Türk Respublikasında Cümhuriyyət Məclisinin sədri Zorlu Törenin qonağı olub. O, bu səfəri zamanı Azərbaycan – Şimali Kipr dostluq qrupları arasında keçirilən ilk rəsmi toplantılarda da iştirak edib.

Məlumata görə, Şahin Əliyev “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kipr Nümayəndəliyinin rəhbəri Serdar Şengüllə birlikdə, ilk olaraq, Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə görüşüblər. Görüş zamanı Zorlu Töreyə Birliyin “Şərəfli Xidmət” mükafatını və Şahin Əliyevin müəllifi olduğu “İlhamlı Zəfər – 20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim ediblər. Cümhuriyyət Məclisinin sədri isə, Şahin Əliyevə Şimali Kipr Türk Respublikasını anlatan Cümhuriyyət Məclisinə aid hədiyyələr təqdim edib.

Onu da qeyd edək ki, Cümhuriyyət Məclisinin sədri Zorlu Törenin şəxsi katibi, öz heyəti ilə, qonaqlarla özəl olaraq məşğul olub və onlara Şimali Kipr haqqında rəsmi məlumatlar təqdim ediblər.
Şahin Əliyev tərəfindən İrem Uyğuna da “Şərəfli Xidmət” mükafatı və “İlhamlı Zəfər – 20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitabları təqdim edilib.

Digər maraqlı bir görüş Türkiyə Respublikasının Gənclər və İdman Koordinatoru Mithat Tekçam və Şimali Kiprin AkParti nümayəndəliyinin sədr müavini Metin Yılgınla olub. Bu görüşdə əsasən Azərbaycan – Türkiyə – Şimali Kipr gənclərinin mübadilə proqramlarının və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Mayın 13-ü baş tutan görüş daha yaddaqalan olub. Görüş iştirakçılarının İskelədə təşkil etdikləri mərasimlə, 1964-cü ilin dekabrında yunan EOKA-çıları tərəfindən qaçırılan, bu vaxt avtobusda olan və qətlə yetirilərək, quyuya atılan 12 türk şəhidinin xatirəsinə həsr olunan “Kayıp Otöbüs” Anıtının açılışı möhtəşəm alınıb. Şimali Kipr Cümhuriyyət Məclisinin dəvəti ilə qatıldıqları bu mərasimdə, qonaqlar Zorlu Töre ilə birgə görüşdükləri Kıbrıs Barış Harekatının Mücahidləri və Qazilərinə ürəkdən gələn “Şəhid və Qazilərimiz Əbədi Birliyimizin Təməlidir!” – sitatlarını xüsusi bir coşqu və ruh yüksəkliyi ilə çatdırıblar. Zorlu Törenin bu təsirli anlarda çıxışı da olub. O, bu torpaqları canlarından, qanlarından keçərək Vətən etdiklərini, keçmişdə baş verənlərin bir daha təkrar olunmayacağına ümidli olduğunu deyib, heç vaxt doğma Vətəni müdafiə etməkdən əsla vaz keçməyəcəklərini bildirib. O, öz çıxışında Kiprdə hərtərəfli bir razılaşmanın əldə edildiyini, lakin yunanların Enosis xəyalından əl çəkmədiklərini də önə çəkib, milli mübarizə illərində baş verənlərə xüsusi ifadə və izah çalarları qatıb. Şəhidləri və kütləvi qətlləri xatırladan Töre, adada hərtərəfli razılaşma istədiklərini, lakin ŞKTC və Türkiyə üzərindəki suverenlikdən əsla vaz keçməyəcəklərini bildirib. Birləşmiş Kipr ritorikasını tənqid edən Töre, Larnaka şəhidlərini yad edərək, abidəni inşa edən hər kəsə də, dərin hörmət və səmimi duyğular ifadəsi olan təbriklərini çatdırıb.

Cümhuriyyət Məclisinin sədri Türkiyə – Azərbaycan, Türkiyə – ŞKTC və Azərbaycan – ŞKTC parlamentlərarası dostluq qrupları və onları müşayiət edən nümayəndə heyətləri ilə birlikdə, Maraş şəhərini də gəzib. “Əbədi Birlik” rəhbəri və Birliyin Şimali Kipr nümayəndəliyinin başçısı da bu gəzintiyə dəvət olunublar. Töre bu gəzinti zamanı verdiyi açıqlamasında, Türkiyədən sonra Azərbaycanın da KKTC ilə dostluq qrupu yaratdığını və rəsmi olaraq, buraya gəlməklə, vacib bir mərhələyə başladıqlarını bildirib. “Biz fəxr edirik ki, Azərbaycan Türkiyədən sonra ikinci qardaş olaraq, buradadır”, — deyib. Maraşın açıq hissələrini gəzdiklərini deyən Töre, bu şəhərdə böyük mülkü olduğunu iddia edənlərin Daşınmaz Əmlak Komissiyasına müraciət etmələrinin lazım olduğunu qeyd edərək, vəqf mülklərinə diqqət çəkdi. Maraşın daha 50 il belə durumda gözləyə bilməyəcəyini deyən Töre, Mağusa Bələdiyyəsinin burada xidmət etməyə hazır olduğunu da bildirib.

Azərbaycan Milli Məclisinin KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev Maraş və Qarabağın bir-birinə çox bənzədiklərini və onları öz daxili aləmlərinə daxil etdiklərini bildirib. Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem 6 komissiyadan ibarət bir qrup olaraq, Maraşa səfər etdiklərini, KKTC-nin turizm, təhsil və sənaye sahələrində inkişaf edərək, daha yüksək yerlərə çatacağını bildirib.

Bu hadisələrə şahidlik edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Güneş TV-dəki çıxışı zamanı: “Mən Ağdamla Kapalı Maraşı bir birinə bənzədirəm. Çox zülümlər gördük, evlər yıxıldı, şəhidlərimiz oldu. Hər ikisini də, “Hayalet Şehir”ə bənzədirəm”, — deyə, təsirli ifadələr işlədib. “Kapalı Maraş” gəzintisində Şahin Əliyev, eyni zamanda, AkParti KKTC nümayəndəsi Fahri Yönlüer ilə görüşüb. Onlar gənclərin inkişafı üçün prioritet istiqamətlər mövzusunda fikir mübadiləsi də aparıblar.

Bu tədbirdən sonra, “Əbədi Birlik” sədri Şahin Əliyev və təşkilatın Türkiyə nümayəndəliyinin təmsilçiləri “ToreX Trading” şirkətinin rəhbəri Tuygun Töre ilə görüşüblər. Qeyd edək ki,
“Torex Trading” Şimali Kipr Türk Respublikasının təşkilatıdır və təkrar emal edilmiş tullantı torbaları istehsal edir, həmçinin təmizlik və gigiyena məhsulları satır. Bu zaman, mövzu öz yerini tapıb deyə, Şahin Əliyev onu xatırladıb ki,
bu gün dünya gündəmini zəbt edən “yaşıl enerji” qlobal probleminin həllinə ilk “yaşıl işıq” yandıran Azərbaycandır. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də, bu “yaşıl işığın” daha gur yanmasına bir təkan olub. Bütün bunlar ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir.Onun Töre ilə bu mövzuda apardığı fikir mübadiləsi və diskussiya da maraqlı alınıb.

“Əbədi Birlik” sədri Şahin Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti Ülkü Ocaklarının rəhbəri Fatih Arıcı ilə görüşündə isə, hər iki tərəf öz fəaliyyət istiqamətlərindən, birlikdə həyata keçiriləcək layihələrdən söhbət gedib, Şimali Kiprin Türk Dünysasındakı rolu və mövqeyi barədə fikir mübadiləsi aparılıb.

May ayının 16-sında Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyevi və onu müşayiət edən nümayəndə heyətini Ercan Hava Limanından yola salıb. C. Feyziyev burada verdiyi açıqlamada bildirib ki, KKTC-yə bu səfər bir daha Kiprin qardaş türk xalqını və dövlətini daha yaxından tanımaq baxımından çox məhsuldar alınıb. O, əldə etdikləri yeni məlumatlarla, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı planlarını daha rahat qura biləcəklərini deyib: “Bura­da olduğumuz müddətdə özümüzü yad kimi yox, öz evimizdəki kimi hiss etdik. Həm dövlət rəhbərliyinin, həm də ictimaiyyətin bizə böyük maraq göstərdiyinin şahidi olduq. Bu ruhda paytaxt Bakıda keçəcək görüş arzusunday­ıq”.

Cümhuriyyət Məclisinin sədri Zorlu Töre dostluq qrupunun yaradılması ilə, ŞKTC və Azərbaycan arasında əlaqələrin rəsmiləşdiyini və bunun onları sevindirdiyini qeyd edib. O, yenidən Azərbaycan nümayəndə heyətini gözlədiklərini vurğulayaraq: “Biz qardaşıq, bir millətik!” deyib.
Kayseridə keçirilən Erciyes konqreslərində Türk dövlətlərinin təmsilçi çadırlarının qurulduğunu xatırladan Töre, bu ölkələrin bir-birləri ilə görüşməyə başladığını və bu görüşün başlanğıc olduğunu bildirib. Yolasalma mərasimində TBMM KKTC – Türkiyə Dostluq Qrupunun sədri Resimye Eroğlu, sədr müavini Erkut Şahali, eyni zamanda Şahin Əliyev,Serdar Şengül və Türkiyə nümayəndəliyinin təmsilçiləri də iştirak ediblər.

Məlumatda o da bildirilir ki, mayın 16-sı axşam saatlarında Zorlu Töre, yenidən “Əbədi Birlik” sədri Şahin Əliyevlə bərabər, təşkilatın Şimali Kipr və Türkiyə nümayəndəliklərinin rəhbərləri ilə də görüşüb, onlara bu səmərəli fəaliyyətlərində uğurlar arzu edib. Zorlu Törenin bu istəyi birbaşa Türk Dünyası gənclərini birliyə səsləyib. Şahin Əliyev də, Zorlu Töreyə səmimi qonaqpərvərliyinə görə, xüsusi təşəkkürünü çatdırıb. “Siz, Türk Dünyası gənclərinin lider, öndər gördüyü şəxslərdən birisiniz! Azərbaycan gəncləri olaraq, sizi çox sevirik!” – deyib və ürəkdən gələn bu ifadələrini xüsusi olaraq vurğulayıb.

Mayın 10-dan başlayan və maraq doğuran bu səfər 17-sində başa çatıb.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.