“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qədim və orta əsrlər dövrünə aid zəngin milli mədəniyyət abidələri ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutan İçərişəhərə həsr olunmuş yeni qızıl sikkə kolleksiyasını təqdim edib.

araz.az  bildirir ki,  kolleksiya yerli qızıldan, ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir. Sikkə çeşidləri üzərində ümumbəşəri dəyər kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhərin tarix və mədəniyyət abidələri dizayn edilib. Qız qalası, Şirvanşahlar sarayı, Şah məscidi, Qoşa qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələrin həkk olunduğu sikkə kolleksiyası paytaxtımızın tarixi simasını simvolizə edir.

999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması – “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Məlumat üçün qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.  “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

araz.az xəbər portalı.