Paytaxt və kənar ərazilərdə dayanma-durma qaydalarını pozan sürücülərə tez-tez rast gələ bilərik. Adətən parkinqə ödəniş etmək istəməyən sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə saxlayırlar. Belə ki, səkilər, parklar, keçidlər daha çox zəbt olunan ərazilər sırasındadır. Nəticədə öz rahatlıqlarını düşünən, pullarına qənaət edən sürücülər piyadaların hərəkətinə əngəl törədirlər və ən pis halda qəzalara belə səbəb ola bilirlər. Bəzi sürücülər “bir neçə dəqiqəylə heç nə olmaz” düşünərək törətdikləri xətaya haqq qazandırırlar. Bir qismi isə “yaxınlıqda maşını saxlamağa yer yoxdur” bəhanəsiniylə bu qaydanı pozurlar.
Dayanma-durma qaydalarını pozan sürücülər səkiylə hərəkət etdikləri zaman manevr qaydasını da pozmuş hesab olunurlar. Belə olduqda onlar ikiqat təhlükə yaradırlar. Bəzən tıxacı gözləməyən sürücülər də bordürə çıxaraq avtomobili səki boyu sürürlər. Lakin unutmaq olmaz ki, səbəb nə olursa-olsun bu kimi hallar qanunvericiliyə görə yolverilməzdir.
araz.az xəbər portalı “Jetour Azerbaijan”nın dəstəyi ilə hazırlanmış videomaterialda avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı mövzuyla bağlı danışdığını bildirir.
O, sürücülərin parkinqə pul ödəməmək üçün daha çox bu qayda pozuntusunu törətdiklərini bildirib: “Bəzi sürücülər parklanma yerlərində pul ödəməmək üçün dayanma-durma qaydasını pozurlar. Belə ki, onlar maşını parkinq üçün ayrılmış yerlərdə saxlamırlar və səkiləri zəbt edirlər. Nəticədə xoşagəlməz görüntü yaranır: Parkinq yerləri boş, səkilər avtomobillərlə dolu..Bu qaydanı pozan sürücülər adətən fikirləşirlər ki, belə etməklə məsuliyyətdən yayına bilirlər, parklanmaya görə ödəniş etmirlər. Eyni zamanda onların bir qismi 3.27, yaxud 3.28 nişanlarının təsir zonasına düşməmək üçün maşınlarını səkiyə çıxararaq park edirlər. Lakin bu olduqca yanlış yanaşmadır. Səkidə nəqliyyat vasitəsini saxlamaq dayanma-durma qaydalarının tələblərinin pozulmasıdır. Qayda pozan bəzi sürücülər isə cərimələndikləri zaman ərazidə nişanın olmadığını əsas gətirir. Bəzi yerlərdə nişanlara ehtiyac olmur. Yəni, səkidə, keçiddə (piyadaların hərəkəti üçün nəzərdə tutulan yerlər) avtomobil saxlamağın qanunvericiliyə zidd olduğunu hər kəs bilir”.
Ekspert, səkidə hərəkət edən sürücülərə tətbiq olunan cərimələrdən də danışıb: “Səkidə hərəkətlə bağlı cərimələrin 2 mexanizmi var. Birinci halda sürücülər 346.1-ci maddənin, yəni dayanma-durma qaydalarını pozduqları üçün yol polisi tərəfindən 20 manat cərimələnirlər. Digər hal isə 327.1- ci maddənin tələbinin pozulması kimi (səkidə hərəkət) qiymətləndirilir və 40 manat cəriməylə nəticələnir. Yəni, sürücü avtomobili səkidə park edərkən istər-istəməz orada hərəkət edir, uyğun yeri seçərkən müəyyən məsafə qət edir. Unutmayaq ki, səki piyadalar üçün nəzərdə tutulub. Əks halda bu qaydanı pozan sürücülər üçün cərimə qaçılmazdır”.
Nərmin
araz.az xəbər portalı.