Ölkənin ali məktəb rəhbərləri arasında, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çoxdan barəsində ən çox şikayət ediləndir.

Şikayətçilərin çoxu da, elə, adı mediada anarxiya yuvası kimi çoxdan hallandırılan bu universitetin öz işçiləridir. Onların rektorun xoşagəlməz əməlləri barəsində yuxarı ünvanlara yazdıqları hədsizdir. Ölkənin bir sıra media vasitələrində olduğu kimi, araz.az xəbər portalında dərc edilən tənqidi yazıların çoxu da, elə, onların haqlı narazılıqları əsasında qələmə alınıb. Bu yazılarda rektorun bağışlanmaz günahları ucbatından universitetdə baş verən və qanun çərçivəsinə sığmayan nələrdən söhbət açılmır?! Amma, nə olsun, indiyədək rektorun və onun ətrafı hesab olunanların xətrlərinə dəyən tapılmayıb ki, tapılmayıb. Bu səbəbdən, şikayətçilərin əlləri hər şeydən üzülüb, naümidlər nə edəcəklərini bilməyiblər. Bu günlərdə Elm və Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetində başlatdığı rəsmi yoxlama isə, bu naümidləri az da olsa ümidləndirib. Ən çoxu ona görə ki, araz.az xəbər portalı kimi, onların da qulaqları çalıb ki, yuxarıların ciddi tələb və göstərişləri ilə, rektor fəaliyyəti barədə başladılan bu yoxlamaların son nəticəsi Yusif Yusibova yaxşı heç nə vəd etmir.

Məlumatlı mənbənin bu yoxlama barədə araz.az-a
ötürdüyü son məlumat da onu deməyə əsas verir ki, Yusif Yusibov törətdiyi bütün qanunsuzluqlara və özbaşınalıqlara görə, tezliklə öz payını alacaq. Elə, bu barədə camaat arasında yazılanlar da, deyilənlərin daha bir təsdiqidir. Bu mövzu ətrafında maraq doğuracaq daha geniş yazını tezliklə dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. araz.az-ı və “Araz” qəzetini izləməyi unutmayın!

İqbal SƏMƏD,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.