“Bütövçüsən, istiqlalçısan yoxsa federalistsən deyə iddialar irəli sürürlər və sonra bu iddialar ətrafında müəyyən dedi-qodular yaradırlar. Bu dedi-qodu həm Güney, həm də Quzey Azərbaycan diasporunun başlıca virusudur”.
araz.az bildirir ki, bunu Diaspora.TV-yə politoloq Sədrəddin Soltan dünyanın bütün ölkələrinə səpələnən o taylı, bu taylı Azərbaycan diasporunun birləşə bilməməsi səbəbinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, məhz bu virus mükəmməl təşkilatlanmaya mane olur:
“Azərbaycanda diaspora hərəkatının tarixi çox da qədim deyil, yenidir. Xüsusilə ictimai-siyasi diasporumuz çox gəncdir. Cümhuriyyət dövründə diaspor nümayəndəliyi olub və onlar fəaliyyət göstərirdilər. Sonrakı dövrdə bu ara qırıldı və 1990-2000-ci illərdən sonra diaspor hərəkatı başladı. Bu hərəkat həm Güneyli, həm də Quzeyli idi. Güney diaspor hərəkatı mahiyyət etibarı ilə daha çox paniranist düşüncəli olub. Yəni milli düşüncəli Güney Azərbaycanın problemləri ilə bağlı diaspor hərəkatı olmayıb. Həm Güneyli, həm Quzeyli müasir dövrdə diaspor hərəkatının hardasa 30 ilə yaxın yaşı var. Bir qədər dərinə gedəndə hərəkatın daxilində də müəyyən ziddiyyətli məsələlər var. Bu məsələlər diaspor nümayəndələrinin fikir ayrılığına səbəb olur”.
S.Soltan bildirib ki, Şimali Azərbaycanla bağlı diasporun bir hissəsi iqtidaryönlü, digər hissəsi isə müxalifətyönlüdür:
“Belə olanda onlar arasında uzun müddət mübahisə getdi. Bu diaspora mənfi təsir edən amillərdəndir. Sonrakı mərhələdə təşkilatlanma prosesinə maneələr yarandı. Azərbaycan Respublikası tərəfindən idarəetmə məsələsində müəyyən problemlər var və diaspor nümayəndələrində təşəbbüslər azaldı. Onlar bütün tapşırıqların mərkəzdən veriləcəyini gözləyirdi. Nəyi qeyd edirlər? Azərbaycan Respublikası ilə bağlı bayram günlərini – Novruz bayramı, Respublika günü, 20 yanvar və s. Güney Azərbaycan məsələləri ilə bağlı nadir hallarda nə isə tədbir keçirirlər. Yəni ancaq bu tədbirlər, bayramlar ətrafında birləşirlər”.
Politoloqun fikirincə, diaspor təşkilatları arasında ideya qıtlığı var.
araz.az xəbər portalı.