Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İcmadan araz.az-a bildiriblər ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qardaş ölkənin nümayəndə heyətinə ortaq olaraq bilinən tarixdən – son 200 ildə azərbaycanlıların başlarına gətirilən müsibətlərdən danışıb. O, ötən əsrdə soydaşlarımızın 4 dəfə Qərbi Azərbaycandakı ata-baba torpaqlarından deportasiya olmaları barədə ürəkağrısı ilə bəhs edib. Deyib ki, sonuncu – 1987-1991-ci il deportasiyası zamanı 300 mindən artıq azərbaycanlı el-obasından zorla çıxarılıb və bu gün onlar öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri dönüş üçün Qərbi Azərbaycan İcmasında birləşiblər.

Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmud Özer ölkələrimiz arasında qardaşlıq bağlarından danışaraq tarix boyunca kədərimizdə və sevincimizdə bir-birimizin yanında olduğumuzu bir daha vurğulayıb. Əlaqələrimizin Şuşa Bəyannaməsi ilə daha da gücləndiyini vurğulayan M.Özer TBMM-dəki həmkarları ilə Qərbi Azərbaycan məsələsinə daha yaxından dəstək ola bilmək üçün müzakirələr aparacağını, bundan əlavə, Qərbi Azərbaycanla bağlı Azərbaycan, türk və ingilis dillərində ortaq bir kitab hazırlamaq təklifini irəli sürüb.

Digər çıxışçılar da Oğuz-türk ellərini birləşdirən Qərbi Azərbaycanla bağlı ortaq fikirlərini, xatirələrini bölüşüblər.

Sonda qonaqlara bir neçə dildə dərc edilmiş Qayıdış Konsepsiyası hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

araz.az xəbər portalı.