Azərbaycanda təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib.
araz.az xəbər verir ki, təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınma olmamalıdır.
Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.
Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.
Qərara görə, həmçinin, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.
araz.az xəbər portalı.