May ayının 22-sində Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər İdarəsinin, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun və İstanbul – Azərbaycan Mədəniyyət Evinin dəstəyi ilə, dünyaca məşhur Marmara Universitetinin Fikir Talimi Klubu tərəfindən Azərbaycanın Müstəqillik Gününə, Cümhuriyyətin elan olunmasının 106-cı ildönümünə həsr olunan mədəniyyət görüşü tipli tədbirlər keçirilib.

Sədr Ayşe Süreyya Özavarın, İdarə Heyətinin üzvləri Ayşe Sevgi Hacaloğlunun, Belkıs Eserin, Serpil Suğcunun, Melisa Cabiroğlunun, Yasin Demirtaşın, Ahmet Faruk İlhanın, Melike Canerin, Berna Bilgiçin, Zeynep Dilan Yılmazın, Nedime Tümürlenkin, Ümmühan Özgülerın, Erdem Akın, İpek Erdemin, Leylanur Kıvançın, Sevilay Serinin, Fatma Nur Alçepin, Boburmirzo Hakimovun, Muhammet Şamil Kasımayın və Eda Akpınarın təşkilatçılığı ilə keçirilən və Azərbaycan Mədəniyyət Görüşləri adlandırılan bu tədbirlər olduqca maraqlı alınıb. Onu da deyək ki, Ayşe Sevgi Hacaloğlu həm də “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Türk Dünyası Komitəsinin rəhbəridir. Bu barədə araz.az-a elə həmin Birlikdən daxil olan məlumatda bildirilir ki, Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanan həmin tədbirlər dövlət himnləri oxunduqdan sonra, öncədən tərtib olunan protokola uyğun salamlama çıxışları ilə davam edib və bunun ardından klub tərəfindən plaketlər təqdim olunub.

Məlumata görə, tədbir iştirakçısı qonaqlar arasında Azərbaycan Respublikasının İstanbuldakı konsulu Sevinc Süleymanova, Marmara Universiteti Türkşünaslıq İnstitutunun direktoru, prof. dr. Okan Yeşilot və müdir köməkçisi dos. dr. Mehdi Genceli, Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi Maltepe Gənclik Mərkəzinin direktoru Korhan Dəmirkol, siyasi elmlər fakültəsi dekanı prof. dr. Nail Yılmaz, dekan müavini dos. dr. Muhammet Erdal Okutan, İstanbul – Azərbaycan Kültür Evinin sədri Hikmət Elp, Sidney Universitetinin professoru prof. dr. Şəmsəddin Necati kimi nüfuz sahibləri də olublar. Həmin qonaqlar belə, Azərbaycan mahnılarından tutmuş rəqslərə, eləcə də, yemək süfrələrindən Şərq guşəsinə qədər hər şeydə Azərbaycan ruhunu özündə yaşadan bu tədbirdəki Odlar Yurdunun zənginliklərindən sonadək gözlərini ayıra bilməyib və hər şeyə böyük maraq göstəriblər.

Məlumatın sonunda xüsusi olaraq o qeyd edilib ki, “Əbədi Birlik” və təşkilatçı qurumlar tərəfindən Azərbaycanı unutmayan, qardaş dəyərlərini qoruyan dəyərli qonaqlara və türk gənclərinə, həmçinin Fikir Talimi Klubuna sonsuz təşəkkürlər çatdırılıb. Əsas olaraq, iştirakçı hər kəs xüsusi bir coşqu ilə: “Müstəqillik Günün Mübarək, əziz və doğma Azərbaycan! — deyib.

 

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.