Son neçə aydır taksi şirkətlərinin sərnişindaşımada pula görə nümayiş etdirdiyi “varlı-kasıb” yanaşması insanların kütləvi şikayətinə səbəb olub.
Belə ki, “Bolt”, “Uber” kimi taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sürücüləri 2-3 bəzən 7-8 manata olan gediş haqqına sözün əsl mənasında naz edir. Sürüculər gələn sifarişləri geri çevirərək, proses ən azı 10-a yaxın sürücüyə ötürürlər. Lakin, sifarişə yaxın yerdə olan taksilərin heç birindən doğru-düzgün cavab gəlmir. Nəticədə sərnişin qalır yolda. Bir neçə taksi sürücüsü ilə həmsöhbət olandan sonra məlum olur ki, əvvəllər sürücünün geri çevirdiyi gedişlər, indiki halda müdiriyyət tərəfindən nəzərə alınmır. Daha düzü, taksi sürücüləri sistemdə bu görünsə də, bahalı müştəri götürərək o “minuslarını” əvəzləyə bilirlər. Müdiriyyət də pula görə sürücü ilə razılaşır. Yolda qalan yenə sərnişinlər olur. Xidmətin sıfıra endiyi, digər vacib məqamlarının olmadığı halda, sərnişinlərdən umulan yüksək pul taksilərdə gediş haqqını süni olaraq qaldırır.
araz.az Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Referans.az-a danışıb:
“Bilirsiniz ki, bizim ölkədə xarici taksi şirkətləri çalışır. Sürücünün qəbul etdiyi qərar müstəqil qərardır. Sürücü sadəcə xarici taksi operator şirkətlərinə komission haqqı verirlər. Ona görə yeni qərarlar qüvvəyə minəndən sonra, bu kimi məsələlər avtomatik olaraq aradan qaldırılacaq. İndi taksi sektorunda qarışıqlıq var. Tənzimləməyə qədər belə problemlər olacaq. Taksi şirkətləri və sürücülər öz mənfəətlərini düşünürlər və bu da normaldır. Taksi sifarişləri hamısı AYNA-nın portalında nəzarətə götüruləcək. Nə qədər sərnişindaşıma həyata keçirib, nə qədərini daşıyıb, nə qədərindən imtina edib, hansı marşrutda olub. Kamera və GPS sistemi olacaq. Sürücülər öz istədikləri kimi davrana bilməyəcəklər”.
Ekspert bildirir ki, sürücünün də öz hüquqları var. Məsələn, sərnişin sərnişin kimi özünü aparmayanda sürücü gedişdən imtina edə bilər. Amma, daha səbəbsiz imtina edə bilməyəcək:
“İndi az pula görə imtina edə bilir. Yeni qaydalardan sonra belə olmayacaq. Sürücü hesabat verməli olacaq. Bu hesabat kağız üzərində olmayacaq. Xüsusi elektron hesabat da deyil. Onların fəaliyyəti göz qabağında olacaq və bunun özü hesabat deməkdir. Burada sərnişin-sürücü məsələləri də tənzimlənəcək. Sürücünün nəyə görə gedişdən imtina etdiyi aydınlaşacaq. Sərnişinlərin şikayətlərinə operativ baxılacaq. Müsbət tərəflər budur. Mənfi tərəfləri hələ məlum deyil”.
“Xarici taksi şirkətlərinə icazə verilmişdi deyə, sərbəst, rahat, qanunları pozaraq çalışırdılar. Bundan sonra bu olmayacaq. Taksi sayı azalacaq, amma keyfiyyət yüksələcək. Qiymət yenə də tələb təklif əsasında formalaşacaq. Biz bilmirik qiymət yüksələcək ya enəcək. Altı aydır deyirlər ki, taksi qiymətləri yüksələcək. Amma, ən axırıncı dəfə 2023-cü ilin yayında yüksəlmişdi. Gediş haqqı 1.50 qəpikdən 2.50 qəpiyə yüksəldi. İndi taksidə yüksək qiymət artımı yoxdur. Hələ ki, qiymət stabildir”,- deyə ekspert suallara cavab verib.
araz.az xəbər portalı.