Bu gün Fuad Poladovun 76-cı doğum günüdür
“Yaxşı insanın öldüyünə deyil, onu itirən cəmiyyətə ağlayın” Əl-Fərabi (872-951)
Bu gün Azərbaycan teatr və kinosunun sütunlarından biri olan Fuad Poladovun doğum günüdür. Qəsdən titullarını yazmağa ehtiyac duymuram. Çünki Fuad Poladovun adı və soyadı daşıdığı bütün titulların fövqündədir, uca bir dəyərdir.
Üstəgəl, sənətkar və şəxsiyyət vəhdətinin bütün xarakterik cizgiləri yüksək teatral, intellektual mədəniyyəti onu fərqli qılan bir tərəfiydi.
2007-ci ildə Kiyevdə Fuad Poladovla bir tədbirdə tanış olmağım, bir həftə onunla keçirdiyim günlərin xatirəsi həyatımın ən doğma əziz anları, məqamıdır. Və bu möhtərəm İnsanla, Sənətkarla bağlı xatirələrim olduğu üçün gerçəkdən özümü çox şanslı bir insan sayıram.
Kiyevdə olduğu bu yeddi gündə demək olar ki hər gün Fuad müəllimlə görüşdük. Əlimə düşən bu fürsəti acgözcəsinə dəyərləndirməyə çalışırdım. Onun da bu maraq və istəyimə səmimiyyət göstərən anlayışı qısa zamanda dostlaşmamızı belə sağladı. Uçmağa qanadım yox idi, necə deyərlər…
Nələrdən danışmadıq ki…
Maraq dolu verdiyim bütün suallara səbrlə, özünəməxsus səs tonu ilə, arada dərin pauzalarla cavab verirdi. Bu pauzalar əsnasında bəzən araya çökən sükut həm qısa idi, həm də bu günədək yaddaşımda ilişib qalacaq qədər dərin və uzun…
Rəhmətlik rejissor Tofiq Kazımovskidən ağızdolusu danışardı, ona özünü borclu sayardı. Məni Tofiq müəllim kəşf etdi, “Mamed can!” – söylədi söhbətlərimizin birində. Böyük aktyor İsmayıl Dağıstanlıyla qonşu olmaqlarından söhbət açdı.
Bir xatirəsini də söylədi ki, bəs İsmayıl Dağıstanlə olduqca çox siqaret çəkirdi. Aktyorun Tibb İnstitutunda oxuyan qızı Ləman xanım bir gün siqaretin insan ömrünü azaldan zərərlərindən dolayı atasına kövrələrək: “Mən istəyirəm sən uzun-uzun yaşayasan Atacan!” – dediyində, İsmayıl müəllimin də qızının bu pərişan halına dözməyərək, əlindəki siqaret qutusunu əzib necə zibil qutusuna atmasını belə mənə danışmışdı.
Yusif Vəliyevdən, Hamlet Xanızadədən, Səməndər Rzayevdən, Hacı Murad Yegizarovdan, Tariyel Qasımovdan, Nodar Şaşıqoğlundan, Həsənağa Turabovdan, Həsən Əblucdan, Bəxtiyar Xanızadədən danışmışdı mənə. Həm də sevgi dolu, uca təqdirləriylə. Gözəl aktyorumuz Kamal Xudaverdiyevlə dostluq etdiyini vurğulmışdı. Rejissor Yavər Rzayevin Hüseyin Cavid filminə yazdığı möhtəşəm ssenaridən bəhs etmişdi mənə. Fəqət, bu ssenari nə yazıq ki həyata keçməmişdi. Hüseyn Caviddən söhbət etmişdik. Kövrəlmişdi. “Biz Hüseyn Cavidi dünyaya tanıtdırsaydıq, Şekspri belə kölgədə qoyacaqdı” – deyirdi.
Fuad Poladov siqareti çox çəkirdi. Hüseyn Cavid haqqında söhbətimizdə siqaret dumanının içində onun dalğın, uzaqlara dikilən baxışlarını sezdiyimdə uca səslə soruşmuşdum: “Fuad müəllim nədən rejissorlar sizi Cavidin Azərinə çəkmədilər?! Çünki bu andakı dalğın, uzaqlara dikilən baxışlarınız eynən Azərin baxışlarıdır. Yorğun gözü həsrətli üfüqlər kimi dalğın Azər…”
Duyğulanmışdı. “Bu artıq rejissorların kəşfinə bağlı, Mamed can” – demişdi. Söhbətlərimizin birində kulisdən, teatrın pərdə arxasından söhbət açmışdım. Hətta özümdə cəsarət tapıb: “ Fuad müəllim, sanki kulis Salyeri paxıllığı üçün vardır”- demişdim. Dərin bir pauzadan sonra: “Hər teatrın, kulisin öz Motsartı, öz Salyerisi var. Motsart olmaq işin ən çətini, hər yer onsuz da zatən salyeriylə doludur…” – söyləmişdi.
Yenə siqaret dumanı və dərin bir pauza…
Son görüşümüz Kiyev hava limanından onu Bakıya uğurlayan gündə oldu. “Bakıya gələndə mütləq görüşək!” – söyləmişdi mənə, qucaqlaşıb ayrılarkən. “Artıq Bakıya gəlməyin tək səbəbi Fuad Poladovdur!”- demişdim, gülə-gülə mən də.
Sonralar Bakıya, Fuad müəllimin işlədiyi S.Vurğun adına Rus Dram Teatrında oynanan bir tamaşasına qəfil getməyin planlarını qurmuşdum xəyalımda. Amma gedə bilməmişdim Bakıya. Nisgildir indi artıq mənim üçün bu…
Telefonla tez-tez danışardıq. Hər səsimi eşidəndə: “Ooo Mamed can, əzizim sənsən?”- sualı ilk gələrdi qulağıma. Hər doğum günündə təbrik edərdim. Gün yenə həmin gün. Amma əli qoynunda, lal telefondan bir daha o doğma səsi eşitməz oldum artıq.
Adətən hər hansı bir teatr tamaşası başlarkən “Pərdələri qaldırın, işıqları yandırın!” – diqtəsindən sonra baş verir bütün olanlar.
ONUN ömrü bu işıqlar altında keçdi və yaddaşlarda elə işıq kimi də qalacaq…
Cismani yoxluğunda Ona İşıqlar içində yatsın deməkdən başqa çarəmiz qalmır…
Və ulduzlar sönmür…
Doğum günün qutlu olsun FUAD MÜƏLLİM!
Məhəmməd İSRAFİLOĞLU
araz.az xəbər portalı.