Tanınmış aparıcı Ceyhun Səfər sağlamlıq haqqında arayışların elektron qaydada verilməsi ilə bağlı problemlə üzləşib.
araz.az xəbər verir ki, aparıcı elekron sistem hazır olmadığı halda bunun tətbiq edilməsindən narazılığını ifadə edib:
“Dedilər ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayışın verilməsində onlayın xidmətlərə keçilir. Yəni müayinələrdən keçirsiniz, cavabı isə vaxt itirməmək, daha operativ xidmət üçün şəxsi kabinet vasitəsilə əldə edə bilərsiniz. Çox yaxşı, yaxt itkisi olmaması üçün bu edilir.
Mən də bu məqsədlə Nizami rayonunda yerləşən 26 saylı poliklinikaya yaxınlaşdım. Sağ olsunlar, operativ olaraq həkim müayinələrindən keçməyimə şərait yaradıldı. Günorta saatlarına qədər arayışın hazır olacağını öyrəndim. Neçə dəfə şəxsi kabinetə daxil oluram, TƏBİB-lə əlaqə saxlayıram (815 qaynar xətt), nəticə yoxdur.
Nəhayət bu gün dedilər ki, bu poliklinikanın öz İT sisteminin problemidir. Əgər poliklinikalar buna hazır deyildisə, bu nə kampaniya idi ki, başladıldı? Mayın 1-i olmasın, iyunun 1-i edərdiniz. Hamı hazır olardı, daha sonra tətbiq edilərdi.
Mənim avtomobilim var, gedib onu həmin yerdən götürəcəyəm. Amma bu imkanı olmayanlar da var. Arxı keçməmiş hop eləməzlər” – o yazıb.
araz.az xəbər portalı.