Paris Şəhər Şurasının Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə qərarı gülməli və bir o qədər də cılız görünür.
Bu məsələyə etinasızlıq edərək, heç reaksiya verməmək də olardı. Lakin digər tərəfdən məsələyə daha qlobal yanaşsaq və son dövrlər Fransanın davranışlarını nəzərə alsaq, görməməzlikdən gəlmək düzgün olmazdı. Fransa Azərbaycanın apardığı xarici siyasətə sayğı göstərməyə bilər, hətta beynəlxalq hüquqa, beynəlxalq münasibətlərlə bağlı etiketə, dövlətlərarası davranış qaydalarına da hörmətsizlik edə bilər, amma ən azı özünə, öz tarixinə, dövlətçilik ənənələrinə hörmət etməlidir. Axı Fransanın da daxil olduğu Avropanın müxtəlif təsisatları, bütövlükdə Qərb dünyada demokratiyanın, insan haqlarının, ədalətin və bir sıra mütərəqqi dəyərlərin daşıyıcısı, müdafiəçisi qismində çıxış edir, dünyanın mədəni, qabaqcıl kəsimini təmsil edirlər.
araz.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.
O qeyd edib ki, Fransa, ilk növbədə, onun tərəfdaşlarının qınaq hədəfi olmalı, onun bu isteriyadan, hikkədən əl çəkməsi, cılız, primitiv ambisiyaları naminə böyük ideyaları, hər kəs tərəfindən qəbul edilmiş normaları, elementar mənəvi, etik qaydaları tapdalamasına yol verməməsi üçün tədbirlər görməlidirlər.
“Sirr deyil ki, şanlı Qarabağ Zəfərindən, xüsusilə də antiterror tədbirlərindən sonra Fransa Azərbaycana qarşı “cəbhə” açıb. Əlbəttə ki, bunun görünməyən səbəbləri var. Bu, tamam başqa söhbətin mövzusudur. Amma, görünən odur ki, bu illər ərzində Fransanın Azərbaycan əleyhinə atmadığı addımlar, etmədiyi bəd əməllər qalmadı. Ən pisi də odur ki, Azərbaycanın göstərdiyi dözümə, təvazökarlığa, alicənablığa, etdiyi xoşməramlı jestlərə rəğmən bədxah niyyətlərindən əl çəkmək də istəmir, iftira və böhtanları bütün əndazələri aşır. Otuz illik işğalı, Xocalı soyqırımını, yüz minlərlə qaçqını, xaraba qalmış şəhərləri, kəndləri görməzlikdən gələn, torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizəyə qısqanclıqla yanaşaraq, Azərbaycana qarşı çirkin iftiralar, Kalendoniyada baş verən hadisələrə görə sərsəm ittihamlar irəli sürən Fransa siyasətçilərinin şüvənliyinin, həyasızlığının hüdudu yox kimi görünür. Axı bu isteriyanın səbəbi nədir? Fransa niyə bu qədər hikkəli, bu qədər qərəzlidir? Nədir onu narahat edən? Azərbaycan əleyhinə etdiyi hərəkətlər hər dəfə uğursuzluqla nəticələndikdə, qurduğu tələlər boşa çıxdıqda, daha da hiddətlənir, bütün mümkün fürsətlərdən, kürsülərdən Azərbaycana qarşı istifadə etməyə çalışır”, – deyə Əhməd Abbasbəyli bildirib.
Fransanın bəzi siyasi mahiyyət daşıyan məsələlərdə öz dövlət maraqlarına uyğun Ermənistana sonsuz məhəbbətindən, təəssübündən çıxış edərək Azərbaycana qarşı qərəzli yanaşdığını, iftira və böhtan kampaniyası təşkil etdiyini vurğulayan siyasi şərhçi əlavə edib: “Bəs COP29-la bağlı məsələyə göstərilən münasibətə nə deyək? Bu paxıllığın səbəbi nədir? Axı bu, bütün dünyanı narahat edən problemin həllinə yönəlik məsələdir. Azərbaycan əleyhinə qərara səs verən Paris Şəhər Şurası üzvləri və ümumiyyətlə, Fransanın siyasi elitasında Azərbaycanın düşmənlərinin əxlaqı və mənəvi keyfiyyətləri bir yana, savadsız olduqlarını söyləmək, yəqin ki, düzgün olmaz. Onlar anlamırlar ki, birincisi, bu qərarı kimsə, ayrıca bir dövlət, qrup və sair qəbul etməyib. Bu nə Fransanın iradəsi çərçivəsində, nə də yalnız Azərbaycanın və onun tərəfdarlarının seçimi deyil. Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. İnanmıram ki, Azərbaycanı sancmaq istəyən məlum qurumun üzvləri bu məsələdən xəbərdar olmasınlar. Əgər belədirsə, onda bu nə “meydan oxumaqdır”, bu nə demarşdır? Yüzlərlə dövlətlərin qəbul etdiyi mötəbər qərara açıq-aşkar hörmətsizlik etmək, yekdil qərarı heçə saymaq cəsarətini Avropanın ən çirkli (bütün mənalarda), ən natəmiz şəhərinin rəhbərliyi haradan alır?”.
COP29-un bəşəriyyəti narahat edən, dünyada iqlim dəyişikliyi probleminə həsr olunduğunu vurğulayan Ə.Abbasbəyli deyib: “Əslində normal halda, ən azı öz dövlətinin, vətəndaşlarının gələcəyini, geniş mənada isə bütün Yer kürəsinin gələcəyini düşünən hər kəs bununla bağlı öz töhfəsini verməyə çalışmalıdır. Amma nədənsə Fransa tərəfi ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə, bu fəaliyyəti sual altına qoymağa, əbəs yerə siyasiləşdirməyə cəhd edir. Bəlkə bu canfəşanlığın arxasında başqa məqamlar var? Bəlkə Fransa dünyanı narahat edən bu cür qlobal problemin həllində maraqlı deyil? Yoxsa iqlim dəyişikliyi ilə bağlı tədbirdə Fransa hansısa əməllərinin, cinayətlərinin üzə çıxacağından narahatdır? Yoxsa ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq cəhdlərinin daha qaranlıq məqamları var? Planetin ekoloji təmizliyinin qorunmasına, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürülən beynəlxalq təşəbbüslərə həsr olunan tədbir Fransanı niyə pəjmürdə edir? Bəlkə bu qarşıdan gələn Paris Olimpiadası ilə bağlı çoxdan səslənməkdə olan, son günlər isə daha aktuallaşan, hətta Fransanın özündə belə, mütərəqqi, sağlam düşüncəli adamların ciddi etirazına səbəb olan problemlərlə, xüsusilə də Parisin sanitar-gigiyena vəziyyəti, ekoloji durumuna, Sena çayının acınacaqlı vəziyyəti ilə narahatlıqdan, dünyanın diqqətini cəlb etmək üçün artan çağırışlardan yayınmaq məqsədi daşıyır? Bəlkə bu məsələdən diqqəti yayındırmaq cəhdidir? Axı nə üçün Fransa öz problemləri ilə məşğul olmur?. Bu məsələdə diqqəti çəkən digər məqam isə Fransa-Ermənistan münasibətləridir. Nəzərə alsaq ki, 2023-cü ilin dekabrında Ermənistan COP29-un ev sahibliyinə namizədliyini geri götürərək Azərbaycanı dəstəkləyib, belə olan halda Fransanı yandıran nədir? Bu, artıq erməni təəssübkeşliyinə də oxşamır. Yəni, Fransa öz “kiçik bacılarının” qərarına da hörmət etmir?”.
Siyasi şərhçinin sözlərinə görə, əslində Avropanın ən çirkli şəhərlərindən birinin rəhbərliyinin çıxardığı qərarla bağlı qaranlıq, eyni zamanda, ziddiyyətli məqamlar, məkrli məqsədlər çoxdur. Təbii ki, Fransanın belə addımlar atmasının səbəbi kimi, son zamanlar rəsmi Parisin ölkə daxilində ciddi problemlərin, narazılıqların yaranmasına səbəb olan fəaliyyətini, xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, dənizaşırı bölgələrində Fransaya qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətlərini də vurğulamaq lazımdır.
“Bu hadisələrə əsl qiyməti zaman, layiqli, tutarlı cavabı da Azərbaycan dövləti, rəşadətli və məğrur xalqımız verəcək.
Fransa siyasətçiləri niyə başa düşmək istəmirlər ki, Azərbaycan nə Fransanın əsrlər boyu müstəmləkəsində olmuş və ya ona bu gün vassallıq etməyə hazır olan bəzi oyuncaq dövlətlərdən deyil, nə də kimlərinsə iftira və böhtanlarından, hədə qorxusundan çəkinən deyil. Fransanın bütün oyunlarına baxmayaraq Azərbaycan yıxılmayacaq, irəliyə doğru gedəcək, daha da inkişaf edəcək. Azərbaycana qarşı mübarizədə Avropanın özündə belə keçmiş müttəfiqlərini itirə-itirə gedən, təklənən Fransa nə qədər ki, gec deyil, bu ədalətsiz, qərəzli, birtərəfli, haqsız əməllərindən əl çəkə bilsə, bəlkə də dünya siyasətində sürətlə düşməkdə olan nüfuzunu, beynəlxalq aləmdə gündən-günə ləkələnən imicini qoruya bilər”, – deyə Əhməd Abbasbəyli vurğulayıb.
araz.az xəbər portalı.