Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısı daşla hörülməsi məsələsi ilə bağlı qalmaqal davam edir.
araz.az Gundemxeber.az-a istinadən bildirir ki, Hacı Qalib məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi ittiham etmişdi.
Adil Vəliyev isə Bilgəhdə baş verənlərlə bağlı musavat.com-a açıqlama verib. İcra başçısı deyib ki, zəbt olunmuş ərazi qanuna uyğun olaraq qanunsuz tikililərdən təmizlənib:
“Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı da olmayıb. Bu (Hacı Qalibi nəzərdə tutur – E.M), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu möhürünü saxlayıb. Oğlu (hazırda Əliabbas Salahzadə deputatdır – qeyd) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni provakasiyaya çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”.
Adil Vəliyev deyib ki, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur:
“Oranı sökməyi mənə Prezident Adminstrasiyasından kimsə deməyib, öz təşəbbüsümlə təmizləmişəm. Ora dövlət torpağıdır, boşaldılmalıdır. O ərazinin yanında da böyük bir ərazini ayrı adamlar zəbt eləmişdilər. Yüz vasitə ilə oraları ələ keçirmək istəyirdilər. Lakin biz buna imkan vermədik. Çünki ora dövlət torpağıdır. Oranın 1 qarışı belə zəbt oluna bilməz. Heç kim də ora müdaxilə edə bilməz. “Amburan”dan Nardarana qədər olan ərazi qəşəng çimərlikdir, xalqın istifadəsindədir. Ona da demişəm ki, Hacı, başa düş, sənin əlində çıxarışın olsa, sənin mülkünə kimsə yaxın gələ bilməz. Oğlu da lazımi ünvanlara zəng vurub, ona da deyiblər ki, rayonun rəhbərinin atdığı addımlar qanun çərçivəsindədir. Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Çox təəssüf ki, bu adam qanun nədir, onu başa düşmür. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir”.
Adil Vəliyev bildirib ki, Hacı Qalib Salahzadə onlarla vətəndaşa heç bir kökü olmayan bələdiyyə sənədləri verib və bu əməlləri İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur:
“Onun işi məhkəmələrdədir. “Şəbəkə” adlı çimərliyi ələ keçirib. 2 hektar 80 sotdur. Haradan alıb bu qədər pulu? Hamısını özünün verdiyi köhnə sənədlərlə ələ keçirib. Həmin ərazi də belə mənimsənilib. Heç bir çıxarışı yoxdur, özünün verdiyi bir bələdiyyə sənədi ilə ərazini zəbt edib. Çıxarışı varsa, gəlsin, gedib ərazidə hasarı da bərpa edərəm, üzr də istəyərəm”.
araz.az xəbər portalı.