Onlara Türkiyədə “çingənə”, İspaniyada “gitano” Rusiyada “siqan”, Azərbaycanda isə “qaraçı” deyirlər.

Yer üzündə ən qəribə, sirrli, mənşəyi məlum olmayan yeganə köçəri tayfa qaraçılardır ki, barələrində dolğun məlumat bu günə qədər də bilinmir.

Konkret olaraq haradan, necə, nə vaxt gəliblər? – məlumatlar həm azdır, həm də dəqiq deyildir. Bəzi mənbələrdə onların 15-ci əsrin əvvələrində görüldüyü, Şimali Hisdistandan gəldikləri bildirilir. Bəzi mənbələrdə isə İrandan.

Dünyanın dörd bir yanında məskən salan qaraçılara Azərbaycanda əsasən Quba, Xaçmaz, Sumqayıt, Göyçay, Bərdə və daha çox kompakt halda yaşadıqları Yevlax rayonunda rast gəlmək olur. Onların Avropaya gəlişi İstanbulun fəthi, Azərbaycana gəlişləri isə Şah Abbasın köçürülmə siyasəti ilə əlaqələndirilir.

Bir sözlə, Avrasiya materikinin hər yerində onları görmək mümkündür.

Günümüzdə onlar bəzi adət-ənənələrinə görə birmənalı qəbul olunmurlar. Əslində isə onların qəbul edilməyən tərəfləri əsrlərdir davam edən yaşam qaydaları, həyat tərzləridir.

Mahiyyət olaraq onları kosmopolit hesab etmək olar. Çünki onlar bütün dünyanı öz vətənləri hesab edirlər. Daha dəqiq, onların vətəni yoxdur. Baxmayaraq ki, öz himni, bayrağı var, heç zaman harasa ərazi iddiaları da olmayıb.

Yaşadıqları əraziyə uyğunlaşmaqları o qədər sürətli və qəribədir!

Dəyişilməyən bircə maraqlı məqam var, o da adət-ənənələri. Hansı ki, bu adətlər dünyada başqa köçəri tayfaların heç birində yoxdur.

Məsələn, qaraçı qız mütləq şəkildə qaraçı bir oğlanla evlənməlidir. Onlar üçün ən vacib məsələlərdən biri də qan qohumluğudur. Amma buraqdakı fərq budur ki, bəzən qaraçı oğlanlar başqa xalqların nümayəndələri ilə də ailə həyatı qura bilir. Bu isə çox nadir hallarda olur, çünki başqa millətlər, xalqlar onları o qədər də yaxşı qəbul etmirlər. Qaraçılar üçün ən böyük cəza öz içlərindən, tayfalardan qovulmaqlarıdır ki, bu, qəbuledilməzdir. Çünki tayfadan ayrı düşən qaraçı yaşamaqda çətinlik çəkir.

Erkən evliliklə tanınan qaraçıların qadınları həm də ən sadiq qadınlardan hesab edilirlər. 19 yaşlı qız artıq qaraçılarda qarımış hesab olunur. Buna baxmayaraq, qaraçılarda da kişilər qadınlardan daha üstün hesab edilir.

Oxşar adətlər də vardır: onlarda da ailə quran qız oğlanın ata-anası ilə birgə yaşayır. Onlarda da ata-ana ilə evin balaca oğlu yaşayır, onlarda da kimsə ölsə, bizdəki kimi yas adəti, daha dəqiq, pul yığma mərasimi olur və məzar daşını təmtəraqlı edirlər. O cümlədən, zəngin musiqiləri ilə birlikdə toyları da şən, əyləncəli keçir.

Bir sıra qəribəliklər də var: qadınının saçının qısa olması onun əxlaqsız olması deməkdir. Bəzi qaraçı oğlanların qulaqlarının birində sırğa olur ki, bu da həmin qaraçının evin tək oğlu olduğu anlamına gəlir.

Qaraçılar heç vaxt təhsilə önəm vermirlər. Onların düşüncəsinə görə bir neçə il məktəbdə oxuyub, ilkin anlayışları bilmək kifayətdir. Bundan sonra qaraçı uşaq məişət məsələləri ilə məşğul olmalıdır.

Əslində, qaraçılar tarix boyu əziyyət çəkiblər. Fərqli adətlərinə görə sürgünlərə, təzyiqlərə belə məruz qalıblar.

Onların bu gün ən fərqli, qəbul edilməsi çətin olan əsas adətləri qadınların dilənərək ailəni saxlamasıdır.

Uzun müddət onların adının uşaq oğurluğunda hallanması bununla əlaqədardır ki, qaraçı evlərində mütləq oğul olmalıdır. Oğlan yoxdursa, onlar bu uşağı istənilən irqdən, millətdən övladlığa götürə bilərlər. Əlavə olaraq cibgirlikdə də adları hallanır.

Fala baxmaq, bəxt açmaq kimi “xüsusiyyətləri” isə qaraçıların unikallığıdır.

Orxan SAFFARİ.

araz.az xəbər portalı.