“Zəngəzur dəhlizi kimi tanıdığımız layihə Horadizdən başlayır, Ağbəndə qədər çıxır, daha sonra Ermənistan ərazisinə keçir. Azərbaycan hissəsində tikinti, o cümlədən dəmir yolları və avtomobil yollarının çəkilməsi prosesi davam edir. Yəni avtomatik olaraq, bu qədər xərc və investisiya qoyulursa, deməli, Zəngəzur dəhlizinin açılması mənzərəsi də asanlıqla canlanır. Zəngəzur koridoru proyekti həm regional, həm də beynəlxalq cəhətdən əhəmiyyətə malik olduğundan, onun gec-tez işə düşəcəyi ehtimalları güclüdür. Çünki bu layihə regional və qlobal aktorların əlaqələrini, əməkdaşlıq modellərini inkişaf etdirmək, qazanclarını genişləndirmək məkanı kimi çıxış edir”.
araz.az bildirir ki, bu fikirləri “Den.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov səsləndirib.
O bildirib ki, Rusiya da, Qərb də, Çin də Zəngəzur dəhlizinə maraq göstərir, lakin onların məqsəd və motivasiyaları fərqlənir:
“Problem onda böyüyür ki, Çin Zəngəzur dəhlizinə Orta dəhlizin mühüm seqmenti kimi baxır, bu isə ABŞ, Böyük Britaniya, Hindistan kimi güclərin maraqları ilə ziddiyyət təşkil edir. Üstəlik, Çin iqtisadi portfellərlə paralel olaraq münaqişələrə əlini uzadaraq vasitəçilik missiyasına yiyələnir ki, bununla da həm də geosiyasi məqsədlərini nümayiş etdirir. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması, Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik səyləri, HƏMAS-İsrail arasındakı müharibəni dayandırmaq cəhdləri bunun təsdiqidir. Məncə, Qərb Çinin Cənubi Qafqazda böyüyən əzələləri ilə də məşğul olmağa daha çox diqqət ayırır və bu, Zəngəzur dəhlizinə münasibətdə də özünü göstərəcək. Rusiya isə burada Çinlə əməkdaşlıqda maraqlıdır, ancaq onu da qeyd etmək zəruridir ki, Pekinin Orta dəhlizi istiqamətləndirən layihələri Rusiyadan yan keçir. Burada Rusiya əsasən Qazaxıstana diqqət yetirir ki, o, Pekinin strategiyasının ardınca çox getməsin. Bu prosesə Zəngəzur dəhlizinin Mərkəzi Asiya ilə əlaqələrdə yeni dinamika kontekstində baxdıqda, Azərbaycanın artıq üç güc mərkəzi – Qərb, Rusiya və Çin – arasında diqqətli balans siyasəti yürütdüyünü söyləyə bilərik. Mənim indi üçün gəldiyim qənaət belədir ki, Azərbaycan Zəngəzur dəhlizinin iqtisadi əsaslı rəqabət meydanına çevrilməsində maraqlıdır, çünki bu, Bakıya olan strateji diqqətləri artırır. Ancaq Azərbaycan gözlənilməz təhlükəsizlik risklərini də mütləq şəkildə nəzərə alır”.
araz.az xəbər portalı.