Hər şey buna aparır: Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 konfransında iştirak edə bilər.

Amma bu səfərə qədər həllini tapmalı məsələlər var. Ən azından Bakı ilə İrəvan çərçivə sazişi imzalamalıdır. Biz xatırlayırıq ki, hələ qış aylarında Böyük Britaniyanın baş naziri Ruşi Sunak sülh sənədi anonsu vermişdi. İlk dəfə bu fikir Sunakdan gəlmişdi – noyabradək sülh müqaviləsi imzalana bilər. Daha sonra Ermənistanın baş nazirindən oxşar sözlər səsləndi. Tarixin məhz noyabr göstərilməsi isə BMT-nin İqlim Dəyişikliyi konfransı ilə əlaqələndirilir. Yəni Bakıda olacaq nəhəng tədbirə kimi iki dövlət sülh sazişi bağlamaqla dünyanın rəğbətini qazana bilər. Ardınca millət vəkili Zahid Oruc parlamentin iclasında Paşinyanın Azərbaycana dəvət olunmasına çağırış etdi. Şübhəsiz ki, bu təklif də təsadüfi deyildi, Zahid Oruc hakimiyyətin siyasi strategiyasına bələd olan “ağır top”lardan biridir. Əgər ondan belə bir ideya gəlirsə, deməli, Paşinyanın Bakıda COP29 tədbirində iştirakı istisna deyil. Niyə də olmasın?! Paşinyan Türkiyəyə də səfər edərək Ərdoğanın inaqurasiya mərasimində iştirak edib. İndisə etimad mühiti yaranmaqdadır, ikitərəfli danışıqlarla sülh sazişinin mətni razılaşdırılır, Almatı, Tiflis, dövlət sərhədlərində görüşlər keçirilir, o zaman liderlərin də həm dövlət sərhədində görüşü mümkündür, həm də Paşinyanın Azərbaycana gəlişi…
Bununla da tarixdə ilk dəfə bir Ermənistan lideri Bakını görə bilər. Bu şans Paşinyan üçün var. Nikol daxili sabitliyi də təmin etməyə yaxındır – kilsəni süquta uğradır, rəqibləri “üç badam, bir qoz” olublar, ictimai rəy onun əleyhinə deyil, xalq Azərbaycanla aparılan prosesin davamını dəstəkləyir. Keşiş Srbazan da təlxəkliyi ilə heç nəyə nail ola bilmədi. Hətta 26 may mitinqi belə Nikolun devrilməsi üçün zəmin sayıla bilməz. Odur ki, vaxt o vaxtdır, Paşinyan administrasiyası yay aylarında çərçivə sənədinin imzalanması üçün siyasi iradə ortaya qoyarsa, biz onu Bakıda görə bilərik. Təbii ki, bu səfər COP29 konfransı qədər əhəmiyyətli və diqqətçəkici olacaq. Dünya mediasının diqqəti Paşinyanın Azərbaycana gəlişində olacaq. Bu, iqlim dəyişikliyinə dair konfransa ciddi siyasi çalar qatmış olacaq. Və Qərb mediasının manşetlərini təsəvvür etmək mümkündür: Nikol Bakıda! Paşinyan ilkə imza atdı! Tarixi sülh sənədi yaxında!
Hətta slüh müqaviləsi imzalandıqdan sonra prezident Əliyevlə baş nazir Paşinyana Nobel Sülh Mükafatı verilə bilər. Bu da iki əsrlik münaqişənin finişi, regiona dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin gəlməsi demək olacaq. Artıq hər iki ordunun əsgərləri atəş aşmayacaqlar, qurbanlar olmayacaq. Ən əsası isə bölgəyə müdaxilə etmək istəyən həm region, həm kənar dövlətlər fakt qarşısında qalacaq, mat vəziyyətinə düşəcəklər.
Ermənistanın Azərbaycanla sülh və ya çərçivə sazişini imzalaması Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq, sərhəd açılacaq. Bu, saziş imzalanmadan əvvəl də baş verə bilər və buna görə Türkiyənin qınanması doğru olmaz. Doğrudur, başda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin rəsmiləri rəsmi Bakının qərarını gözləyirlər, ancaq Ankara Ermənistan siyasətində qərar verməkdə sərbəstdir. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin açıqlamaları da bu yöndədir. Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülhün və hərtərəfli əməkdaşlığın bərqərarıdır. Hazırkı gedişat böyük ümidlər yaradır, heç vaxt olmadığı qədər sülhə yaxınıq, üstəlik, danışıqlar vasitəçisiz inkişaf edir. Rusiya moderator rolunu itirib, Avropa İttifaqı və ABŞ qarışmır, qalır sülh sənədinin imzalanması yeri. Bu da Tiflis, yaxud dövlət sərhədi ola bilər. Təbii ki, rəmzi məna daşınması baxımdan elə ilk delimitasiya olmuş ərazini seçmək yerinə düşərdi. Lakin sənədin harada imzalanmasının böyük əhəmiyyəti yoxdur, yetər ki sülh sazişi tam razılaşdırılsın.
O cəhətdən bu noyabra qədər gözlər Cənubi Qafqazda gedən proseslərin yekununda olacaq. Könül istərdi ki 2024 sülh ili olsun!

Azər TALIBOV.

araz.az xəbər portalı.