Bu gün Mətbuat Şurasında respublikamızın əməkdar mədəniyyət işçisi, tanınmış telejurnalist Telli Pənahqızının 70 illik yubileyinə həsr olunmuş bağlı toplantı keçirilib.
Bu barədə, qurumdan araz.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid T. Pənahqızının Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2024-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini bildirib və bu təltifi yubilyar qələm sahibinin timsalında bütövlükdə ölkə jurnalistikasına yüksək ali dəyərin növbəti nümunəsi adlandırıb.
T. Pənahqızının tərcümeyi-halındakı ayrı-ayrı məqamları yada salan R.Məcid bildirib ki, yubilyarın ömür yolu peşəyə xidmətin məziyyətləri ilə dolu zənginlik mənzərəsidir. MŞ sədri, eyni zamanda, vurğulayıb ki, T.Pənahqızı müasir dövr Azərbaycan mediasının inkişafına yönələn xidmətləri, zəngin telejurnalist fəaliyyəti, ictimai əhəmiyyətli, ədəbi-bədii xarakterli publisistik yazıları əsas götürülərək, Şuranın diplomu ilə təltif olunub. O, diplomu yubilyara təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov T. Pənahqızı ilə bağlı xatirələrini bölüşüb, onu jurnalistika prinsiplərinə sadiq, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən əməksevər qələm sahibi kimi səciyyələndirən xüsusiyyətlərə diqqət çəkib.
Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva yubilyar jurnalisti işinə dürüst yanaşan, dürüstlüyünü peşəkarlıqla birləşdirən qələm sahibi olaraq xarakterizə edib, ona ən xoş arzularını çatdırıb.
Əməkdar jurnalist Flora Xəlilzadə çıxışında T. Pənahqızını sözə məhəbbəti özündə əks etdirən dəyərli imza sahibi adlandırıb. F.Xəlilzadə, həmçinin, yubilyar jurnalistin Qərbi Azərbaycan yanğısını yaradıcılığa ustalıqla gətirmək bacarığından söz açıb.
“Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı da çıxışında T.Pənahqızının doğma yurd-yuva həsrətini peşəkar yaradıcılıqda əks etdirmək bacarığı üzərində dayanıb. Bu bacarığın ümumən milli-mənəvi dəyərlərin təbliğinə söykəndiyini deyib.
Şair-jurnalist Gülşən Behbud bildirib ki, yubilyarın parlaq istedadı ilə uzun illər reallaşdırdığı aktiv telejurnalist fəaliyyəti mükəmməl cəmiyyət institunun formalaşmasına müstəsna töhfədir.
Tanınmış televiziya aparıcısı, uzun illər Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərmiş Sevda Ağazadə çıxışında T. Pənahqınızı sadəlik və xeyirxahlıq mücəssiməsi kimi xarakterizə edən cəhətlərdən söz açıb. O, eyni zamanda, yubilyar jurnalistin fəaliyyətinin Azərbaycan ədəbi dilinin yaşadılmasına xidmət olduğunu vurğulayıb.
Tanınmış teleaparıcı Fəxriyyə Lilpar T. Pənahqızının sözün, səsin ahəngini duyan peşəkar jurnalist obrazını canlandırıb. Bu obrazdakı çoxşaxəliliyə diqqət yetirib və bildirib ki, belə dəst-xətt jurnalistikaya dəyər qazandırır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, əməkdar jurnalist Əntiqə Qonaq, Azərbaycan Dövlət Musiqili Dram Teatrının mətbuat katibi Fəridə Aslanova Rüstəmova, Qərbi Azərbaycan İcmasının təmsilçisi Rəhilə Abdullayeva və başqaları çıxışlarında T.Pənahqızının peşəkar jurnalist fəaliyyətinin teleradio məkanımıza rəğbət, cazibədarlıq qazandırdığını dilə gətirib, yubilyara təbriklərini və xoş sözlərini çatdırıblar.
Sonda çıxış edən Telli Pənahqızı əməyinə verilən qiyməti bütövlükdə söz sənətinə dəyər kimi xarakterizə edib, bu qədirbilənlikdən məmnunluğunu dilə gətirib, toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Əliyeva Telli Pənah qızı 24 may 1954-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Vedibasar rayonunda anadan olub. 1971-1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Dövlət Televiziyasının ictimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə Dövlət Televiziyasının informasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə “Azərbaycan Dövlət Teleradio Şirkəti”nin informasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqramı üzrə direktor, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC televiziya proqramları direktorunun müavini vəzifələrində işləyib.
T. Pənahqızı 2006-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Müxtəlif illərdə “Qızıl qələm”, “H.Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görülüb. O, həmçinin Mətbuat Şurasının Ali Media Mükafatının laureatı olub. 3-ü şeir, 7-si publisistik əsər olmaqla 10 kitabın müəllifidir. T.Pənahqızı Azərbaycan Prezidentinin 2024-cü il mayın 23-də imzaladığı Sərəncamla 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliB.
araz.az xəbər portalı.