“Maliyyə naziri Samir Şərifovun dediyində həqiqət var. Həqiqətən də iqtisadi nəzəriyyədə və iqtisadi praktikada hər hansı bir valyuta mütəmadi möhkəmlənirsə, yəni hər il, yaxud il ərzində bir neçə dəfə məsələn, 4-6% möhkəmlənirsə, həmin vəziyyətə şərait yaradır. Bunu Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev maliyyə naziri Samir Şərifovun “milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil, çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir” sözləri ətrafında yaranmış devalvasiya qalmaqalına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ancaq əgər ildə valyuta məsələn, 0,01-0,02%, yəni 1%-in beşdə biri qədər möhkəmlənərsə bunun heç bir qorxusu yoxdur: “Burada söhbət valyutanın möhkəmlənmə faizindən və sürətindən gedə bilər. O sürət yüksəkdirsə, ildə 3-4% təşkil edirsə, o zaman yerli ixracatçılar üçün problemlər yaranır. Azərbaycanda son 1,5-2 ili götürsək, manatın məzənnəsi 0,01-0,02% civarında möhkəmlənib. Bu hal 3-5 ildə belə qalsa, onun o qədər də təsiri olmayacaq. Həmin o problemlərə gətirib çıxarmayacaq”.
R.Quliyev diqqətə çatdırıb ki, S.Şərifov Azərbaycanda bütün maliyyə proseslərini idarə edən adamlardan biridir: “Buna görə də insanlar onun dilindən bu formada eşidəndə düşünürlər ki, maliyyə naziri belə deyirsə, deməli devalvasiyanın təməli qoyuldu. Adətən bizdə bu məsələlərlə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək devalvasiyanın olmayacağını deyir. Mən özüm də bildirmişəm ki, indiki vəziyyətdə və dövrdə devalvasiya gözlənilmir”.
Deputat qeyd edib ki, burada başqa amilləri də nəzərə almaq lazımdır: “Əgər dövlətin valyuta ehtiyatları il ərzində 2-4 milyard dollar azalarsa, ona hansı dövlət dözər. Bu, başqa məsələdir.Azərbaycanda manat il ərzində 0,5-1% möhkəmlənsə belə, onun bir o qədər təsiri olmayacaq. Valyutanın bu formada sabit saxlanılması Azərbaycanda makroiqtisadi sabitlik yaradır və inflyasiyanın qarşısını alır. Bizdə devalvasiyanın baş verməsi üçün heç bir əsas yoxdur. Qızıl və valyuta ehtiyatlarımız artır, Mərkəzi Bankın valyuta ehtiyatları az da olsa çoxalıb, qeyri-neft sektorunun effekti, büdcədən ayırmalar artır. Böyük templə də olmasa, büdcədə və ümumi daxili məhsulda da görünür ki, qeyri-neft sektorunun payı artır. Təbii ki, neftin qiyməti psixoloji həddən aşağı düşsə, bizim üçün siqnal olacaq ki, müəyyən problemlər başlaya bilər. Bu da o demək deyil ki, başlayır, sadəcə başlaya bilər”.
Xatırladaq ki, 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat Mərkəzi Bank tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində manat dollara nisbətən 0,01% möhkəmlənib. (sonxeber.az)
araz.az xəbər portalı.