İbtidai istintaqın sonu: Doğrunun mühakiməsini şər və böhtanlarla nöqtələyən qanunsuzluqlar
Yalanlar neft-qaz sənayesi sahəsində möhtəşəm ilklərə imza atan Ramin İsayevi xarakter çalarlarına uyğun gəlməyən cinayət epizodlarıyla üz-üzə qoyur
Ölkədə xalqın dövlətə etimad və inamını azaldan, hüquqi dövlət quruculuğu qarşısında əngəllər yaradan talançılığa və korrupsiyaya qarşı mübarizədə bütün sərt vasitələrdən istifadə edilsə də, törədilən cinayətlərdə adları məlum harın vəzifə sahibləri daha çox pul ələ keçirmək istəklərindən əl çəkmək istəmirlər. Konkret desək, törədilən belə qatı cinayətlərin subyekti bütün hallarda öz qulluq mövqelərindən sui-istifadə edən yüksək səlahiyyətlilər olurlar. Di gəl ki, dövlətin milyonlarını mənimsəyən belələrinin əvəzinə, bir çox hallarda, törədilən həmin cinayətlərdən xəbərsizlər “dəmir barmaqlıqlar” arxasına göndərilirlər. Elə, barəsində neçə vaxtdır yazdığımız “SOCAR – AQŞ”-nin sabiq Baş direktoru Ramin İsayev də, bu aqibətlə üzləşənlərdən biridir. Onun başına gətirilənləri bilmək istəyənlər, “Araz” Media Qrupunun araz.az xəbər portalındakı https://araz.az/?p=57242 linki altında gedən, sərlövhəsi “Məhkum həyatı yaşayan Ramin İsayevin adı “yaşıl enerji”yə yaşıl işıq yandıran tanınmışların adlarıyla bir sırada — BU, FAKTDIR!” və alt başlığı “Doğru xoşagəlməz üsullarla mühakimə edilir: Bəyəm, 16 milyon kredit it-bata düşə bilər?!” olan bu mövzulu son yazımızı oxumaları kifayətdir.
Ümumiyyətlə, bu mövzuda qələmə aldığımız bütün yazılarımızda əsas motiv kimi, ölkəmizdə daha bir doğrunun, xarakterik xüsusiyyətlərində ədalət anlayışını hər zaman uca tutan bir soydaşımızın qanunsuz yollarla mühakimə edildiyini önə çəkmişik. Demək istəmişik ki, həbsində maraqlı “qara qüvvələrin” ona qarşı ortaya qoyduqları qisasçılığın sübutu göz qabağında olsa da, onlar neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis olan Ramin İsayevin bacarıq, potensialından və iş təcrübəsindən dövlət naminə lazımi məqsədlər üçün istifadə olunmasına imkan vermirlər. Daha doğrusu, onun bu çətin sahədə əldə etdiyi möhtəşəm uğurları belələrinin gözləri götürmür.
Bu, düzgün deyil və hansısa məntiqə də sığmır. Üstəlik, belə birisinin heç bir əsas olmadan qanunsuz həbsdə saxlanmasının, ona qarşı insanlıqdan kənar münasibət göstərilməsinin davam etməsinin xalqımıza və dövlətimizə başucalığı gətirmədiyi də ortadadır.
Təəssüf içində qələmə aldıqlarımıza onu da əlavə etmişik ki, iyrənc üsullarla doğrunun mühakimə edilməsinin acı nəticəsinin hədsiz ağırlığını bu mühakimə epizodlarına şahidlik edənlər daha çox hiss edirlər — “Araz” Media Qrupunun biz əməkdaşları kimi! Bəli, bu acılığı Ramin İsayevlə birgə yaşadığımıza görə, artıq, məhkəmə qarşısındayıq. Doğrunun hərtərəfli müdafiəsinə həsr etdiyimiz bütün yazılarımız başımıza “bəla açıb”. Buna baxmayaraq, yenə də, öz ampluamızdayıq — sonadək öz yazılarımızla bu çətin işin dalınca gedəcəyik. Bir də ki, doğru olanı necə müdafiə etməyək?! Axı, hədsiz təsir gücündə olan ağır bir acılıq yaşayan soydaşımız sıradan bir şəxs deyil. Bu barədə dediklərimizə baxmayaraq, saxta ittiham, böhtan və yalanlarla həbsə atılıb. Qanun pozuntuları ilə müşayiət olunan ibtidai istintaq altında mühakimə edilməsi, onu yaxından tanıyanlar və onunla bir yerdə işləyənlər bir yana, bütün ictimaiyyətə də, öz acı təsirini göstərir.
Elə, yuxarıda göstərdiyimiz səbəblərə görədir ki, hakim Yeni Azərbaycan Patriyasının fəal üzvü kimi, dövlət başçısının şəxsi göstərişi ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü təyin edilən Ramin İsayev barəsində, onun dövlət səviyyəli ürəkaçan möhtəşəm işlərinə yaxından bələd olanlar redaksiyamıza saymaqla qurtarmayan məlumatlar göndəriblər. Üstəlik, Ramin İsayevin özünün xoş, onun həbsinə nail olanların qanun çərçivəsinə sığmayan saysız-hesabsız bəd əməlləriylə bağlı inkarolunmaz fakt, dəlil və sübutlar dolu xeyli sayda məlumatları, etibarlarını qazandığımız məlumatlı mənbələr də, vaxtaşırı redaksiyamıza ötürüblər.
Həmin məlumatların və bu məlumatlar əsasında qələmə aldığımız yazılarımızın xülasəsi aşağıdakı kimidir:
— Müdafiəsinə qalxdığımız Ramin İsayev, doğrudan da, sıradan bir şəxs yox, beynəlxalq səviyyəli nüfuz yiyəsidir. Biz onu tanıyandan, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis kimi, adı, “SOCAR – AQŞ”, “StatOil”… kimi nəinki ölkəmizdə, hətta bütün dünyada tanınan nüfuz sahibi neft qurumlarının adları ilə qoşa çəkilib. Bir sözlə, nəinki Azərbaycanda, hətta ölkəmizlə bu sahədə əməkdaşlıq edən xarici dövlətlərdə belə yaxşıların yaxşısı kimi tanınıb. Buna görə hamı təəssüf içindədir — bizim özümüz kimi! Axı, necə də təəssüflənməyəsən ki, Ramin İsayev dünyada birinci MİT (Massachusetts Institute of Technology) ali məktəbində təhsil alan ilk soydaşımızdır. Həm də, daha bir nüfuzlu ali təhsil müəssisəsində, Amerikanın Harvard Universitetində də təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra, müxtəlif vəzifələr başında ölkəmizə xeyirlər qazandırıb.
Ölkənin neft-qaz sənayesi sahəsinin inkişafında xüsusi xidmətləri olduğuna görə, xüsusi bir dəvətlə, sıfırdan qurub, yaratdığı ”SOCAR AQŞ”-nin Baş direktoru vəzifəsinə gətirilən və bu vəzifə başında olduğu 12 il 6 ay ərzində ölkənin hesabına milyardlarla xeyirlər gətirən Ramin İsayev yaxşı işlərinə görə, dövlət rəhbərinin Sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülüb;
— Deyilənlərə baxmayaraq, Ramin İsayevə qarşı bəzi qüvvələrin düzüb-qoşduqları oyunlar, son anda onun həbsi ilə nəticələnib. Daha dəqiq desək, “SOCAR – AQŞ”-dəki işindən getdikdən 3 il sonra, özü də, başqa bir vəzifə başında olarkən, müəmmalı şəkildə həbs olunub. Həbsinə yol açan əsas iddia isə, utancvericidir. Guya, o, vaxtilə “Baghlan Group” xətti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən rəhbəri olduğu şirkət adına götürülən 16 milyon manat krediti sayılı günlər ərzində it-bata salaraq, mənimsəyib. Bu əsassız iddia geniş ictimai təbəqənin belə hədsiz narazılıqdan doğan diqqətini indiyədək cəlb etməkdədir. Lakin günü bu günədək, saxta ittihamlarla onun həbsini iddia edənlərin xətrlərinə dəyən tapılmayıb;
— Gördüyü mükəmməl işləri saymaqla qurtarmaz. Harada olmasından, harada işləməsindən asılı olmayaraq,
dövlət və milli mənafe naminə beynəlxalq səviyyədə qəbul edilən möhtəşəm işlər üzərində yorulmadan çalışıb.
Mərhum Ulu Öndər Heydər Əliyevin özü barəsində yazılan və onun özünün yazdığı Neft Strategiyası mövzulu 3 kitabı Azərbaycan dilindən ingilis dilinə tərcümə, üstəlik, dünya fikir liderləri ilə birlikdə ən öncül tədqiqat layihələrinin həyata keçirilməsində iştirak edən Ramin İsayev, qlobal mövzulu yazılar üzərində işləməyi isə, sanki özünə hobbi seçib. İndi “dəmir barmaqlıqlar” arxasında olmasına baxmayaraq, yenə öz işindədir. Kanadanin Mamitoba Universitetinin dünyaca məşhur çex – kanadalı alim-professoru, söz sahibi ictimai-siyasi xadim Vaclav Smilin beynəlxalq aləmdə qəbul olunan fizika və enerji, enerji və mədəniyyət mövzulu mükəmməl elmi əsərini Azərbaycan dilinə tərcümə edir. Üstəlik, türmədə eyni mövzulu öz kitabını da yazır;
— Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət, etimad və ifadəsidir. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri, bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir.
Hazırda həyata keçirilən iri həcmli günəş və külək enerji layihələrinin, bərpa olunan enerjinin Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasına səbəb olma perspektivi böyükdür. Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir;
— Ramin İsayev “Azərbaycan neftinin qısa tarixl” əsərini professor Miryusif Mirbabayevlə birlikdə hazırlayaraq, azərbaycan, ingilis və rus dillərində çap etdirib. O, Camal C. Azarın dünyaca məşhur “Qazma Mühəndisliyi” dərsliyini ingilis dilindən azərbaycan dilinə tərcümə ilə çap etdirib və pulsuz olaraq, ali məktəblərə, şirkətlərə və kitabxanalara hədiyyə edib.
Elə, bunlara görədir ki, bütün işlərində əldə etdiyi uğurlara görə hər yerdə alqışlanıb. Lakin onun bu çətin sahədə əldə etdiklərini gözləri götürməyənlərin, möhtəşəm uğurlarına qarşı olanların qısqanclıqları ucbatından, Ramin İsayevin potensial, bacarıq və iş təcrübəsindən dövlət mənafeli məqsədlər üçün tam olaraq istifadə olunmasına imkan verilməyib;
— Ramin İsayevin həyata keçirdiyi möhtəşəm işlərdən biri barədə məlumatlı mənbə tərəfindən araz.az-a ötürülən məlumat bizim üçün də maraqlı alındı. Sən demə, onun adı da, dünya gündəmini zəbt edən “yaşıl enerji” qlobal probleminin həllinə “yaşıl işıq” yandıran tanınmışlarla bir sıradadır. Qlobal iqlim dəyişikliyi, bərpaolunan enerji, yaşıl iqtisadi artım və süni zəka texnologiyaları sahəsindəki işləri beynəlxalq səviyyədə qəbul olunub.
Hələ Sofiyada keçirilən COP28-lə bağlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizi təmsil edəndə, o, Norveç və Amerikan Şirkətlər Qrupu tərəfindən təmsilçi kimi iştirak edib. Onun iştirakçıların dərin marağına səbəb olan bu toplantıdakı mükəmməl çıxışı Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudevi də olduqca maraqlandırıb. Bu, 3 günlük müzakirələr zamanı onun bolqar dövlət başçısı ilə tanış olmasına, aralarında yaxın münasibətlərin qurulmasına imkan yaradıb. Lakin bəd əməl sahibləri Azərbaycanın bu sahədəki maraqları naminə onların görüşməsinə imkan verməyiblər. Çünki özləri üçün belə görüşlər imkanı yaratmağa hansısa müsbət xarakterə söykənən bacarıq və istedad keyfiyyətləri çatmayıb;
— “Yaşıl işığın” daha gur yanmasına güc qatan və bir-neçə dildə Azərbaycan adına hazırlanan, bu yeniliyə keçid sahəsində müasir səviyyəli yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdıran beynəlxalq səviyyəli mükəmməl kitabın ərsəyə gəlməsində də, Ramin İsayevin əməyi ölçüyəgəlməzdir. Ciddi rəhbər göstərişləri ilə, mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində ölkəmiz adına bir-neçə mükəmməl pilot layihə hazırlanmasında müəllif kimi Ramin İsayev əsas fiqurlardan biri olub;
— Ramin İsayev bu sahədəki mükəmməl və səmərəli fəaliyyəti ilə, 2018-ci ilin noyabr ayında “SOCAR – AQŞ”-ni “yaşıl enerji” ilə bağlı BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan şirkətinə çevirə bildi. Bu MMC-ni dünyanın 160-dan çox ölkəsini təmsil edən nüfuz sahibi təşəbbüsçü şirkətlər sırasında, Azərbaycanı təmsil edən qurumlar liderliyinə yüksəltdi. Bu təşəbbüsə qoşmaqla, bu qurumun ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də, ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırdı.
Həmçinin insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi, qurum rəhbəri olaraq, öhdəsinə götürdü. Şirkət adından verdiyi dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri isə, artıq reallaşıb. Bu təşəbbüslərə idarəetmənin avtomatlaşdırılması, kağız sənədləşmənin rəqəmsal sənədləşmə ilə əvəz olunması, ağacəkmə aksiyaları, işçilərin inkişafı proqramları və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirlərinin həyata keçirilməsi daxildir. Beləliklə, Ramin İsayevin gərgin əməyi sayəsində, BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq, “SOCAR – AQŞ” öz fəaliyyətini “yaşıl inkişaf” istiqamətlərinə və öhdəliklərinə uyğunlaşdırmağa nail oldu. Şirkət Birləşmiş Millətlər Təşkilatı qarşısında davamlı öhdəliyinə görə və işgüzar fəaliyyət iştirakçısı olmasına əsasən, Qlobal Sazişin ölkəmizdə lideri elan edilməsi, tam olaraq, Ramin İsayevin adı ilə bağlıdır;
— Ramin İsayevin adı, dünyanın qlobal problemlərindən olan iqlim dəyişmələrinin qarşısının alınması sahəsində önəmli işlər görən məşhur alimlərin və tanınmış mütəxəssislərin adları ilə bərabər çəkilir. O, Con Sterman, Vaclav Smil, Jeffrey Sachs, Jeffrey Sachs… kimi dünyaca məşhur alim və mütəxəssislərlə bərabər, xüsusi araşdırma və nəzəri tədqiqat işləri aparıb. 2002-ci ildə isə, “StatOil” şirkəti üçün “Sustainability” hesabatı hazirlayib, Yohannesburqda keçirilən BMT-nin ali tədbirinə təqdim edib;
— Sabiq Baş direktorun hansı səbəblərdən həbsdə saxlanması müəmma deyil.
Dediyinə görə həbs olunub. Yəni, başqa işdə olarkən, yaratdığı müəssisədə baş verən talançılıqlara dözməyib və bunu ölkə başçısına çatdıracağını deyib. Dili başına həm də ona görə bəla olub ki, “NEQSOL Holding”dəki vəzifə sahiblərinin qanun çərçivəsinə sığmayan saxtakarlıqlarına, geniş miqyaslı korrupsiya əməllərinə və səhmdarların pullarının oğurlamasına qəti şəkildə etiraz edib və bu barədə şirkətin Direktorlar Şurasına məlumat verib! Nəticəsi göz qabağında: Doğru oğrular tərəfindən şərlənərək, ona heç bir aidiyyatı olmayan ittiham əsasında, yalan və böhtan dolu sifarişlə həbsə atılıb;
— Ramin İsayev 2003 – 2008-ci illərdə Böyük Britaniya və Almaniya qazma nəhəngi olan “KCA DEUTAG” şirkətinin Xəzər regionunda biznesin inkişafı menecerİ vəzifəsində çalışıb. Bu müddətdə bu qurum Xəzər regionunda 7 dəfə böyüyüb. Bir sözlə, Ramin İsayev bu nailiyyətin əldə edilməsində əsas rol oynayıb. Lakin bu şirkətlə bağlı yalan, şər və böhtanlarla da, onu şərləməyə çalışıblar. Lakin…
Nəhayətdə, “NEQSOL Holding” adından “qara qüvvələr” tamamilə saxta bir ittihamla Ramin İsayevi şərləyərək, həbs etdirməyə nail olublar. Bu korrupsiya komandası onu şərləyib həbs etdirməklə, çox şeyə nail olmaq, hər şeydən təcrid etmək, qorxudub, susdurmaq istəyirlər. Lakin bu mümkün olmur. Çünki Ramin İsayevi nə tam təcrid etmək, nə qorxutmaq, nə də susdurmaq mümkün olmayacaq. O, məhbuslar arasında olmağı belə, bu korrupsiya komandasında olmaqdan daha şərəfli hal kimi dəyərləndirir;
— Ramin İsayevi həbs etdirmək üçün, korrupsiya bandasının uydurduğu ittihamların nədən ibarət olduğu göz qabağındadır. Sifarişli həbsi həyata keçirmək üçün, uydurulan ittiham gülüş doğurur. Ona görə ki, 2012-ci ilin yanvar-aprel aylarında “Petroleum Services Group S.A.” ofşor şirkətinin Azərbaycan Respublikasındakı filialı 4 müqaviləyə əsasən, Azərbaycan Beynəlxalq Bankından, ümumilikdə 9 milyon ABŞ dolları məbləğində kredit götürüb. Bu kredit pullarından 6 milyonu “NEQSOL Holding”-in sahibi Nəsib Həsənovun “sağ əli” hesab olunan Yusif Cabbarov tərəfindən idarə olunan “Leon Kommerz AG” ofşor şirkətinə ödənib, lakin pullar arada yoxa çıxaraq, it-bata düşüb. Düz 12 il sonra, bu şirkətdəki korrupsiya bandası oğurlayaraq, aradan çıxardığı külli miqdarda pulları nəzərdə tutan cinayətə görə, Ramin İsayevə şər atdıraraq, onu həbs etdirə biliblər. Di gəl ki, onun nə “Petroleum Services Group S.A.”, nə “Leon Kommerz AG” şirkətlərinə aid olanlara, nə də ki, ortada yoxa çıxan 6 milyon dollar pulun it-bata düşməsinə heç bir aidiyyatı yoxdur;
— 2008 – 2020-ci illərdə “SOCAR – AQŞ”-ni sıfırdan quraraq, ağlagəlməz surətlə inkşaf etdirməklə, işlədiyi 12 il müddətində bu şirkətin, eləcə də, “Neqsol Holding”-in
səhmdarı olan Nəsib Həsənova milyardlarla dollar dividend ödəyib. 2020-ci ildə Ramin İsayev işdən ayrılanda, “SOCAR – AQS” MMC-nin dəyəri, hesabatlara əsasən, 2,1 milyard dollar məbləğində olub;
— Ramin İsayev 2018-ci ildə “Turan” Birgə Müəssisəsini də yaradıb. Bu müəssisə irəlidəki hər il üçün Nəsib Həsənova ən azı 35 milyon manat dividend ödəyib.
2019 – 2022-ci illər ərzində, Nəsib Həsənova 80 milyon manat xalis dividend gətirən
Ramin İsayevin yaratdığı “Turan”ın müqavilələrinin hazırkı dəyəri 1.6 milyard ABŞ dollarından çoxdur. “Turan” hazırda Xəzərdə BP-nin idarə etdiyi bütün stasionar dəniz özüllərində qazma işlərini həyata keçirən tək müəssisədir. Ümumiyyətlə, hazırda Azərbaycanda qazılan hər 100 quyudan 70-ini Ramin İsayevin sıfırdan qurduğu “SOCAR AQŞ” və “Turan” qazır;
— Danılması mümkünsüz bir həqiqətdir ki, Ramin İsayev Azərbaycan neft sənayesində həyata keçirilən bir sıra ilklərin müəllifi kimi də, adını tarixə yazdırıb.
Horizontal quyu Ramin İsayevin rəhbərliyi altında qazılıb. Çoxşaxəli ilk quyunu belə o tikdirib. SOCAR tarixində qazılan 7810 metrlik ən uzun quyu da, onun adıyla bağlıdır. Bu yerdə, onu da demək yerinə düşür ki, SOCAR tarixində
sutkada 2.9 milyon kub metr qaz, 500 ton kondensat verən ən məhsuldar “Ümid – 16” quyusunu qazaraq, istifadəyə verənlər də, Ramin İsayevin rəhbərliyi altında əzmlə işləyənlər olub. Üstəlik, inqilabi texnolgiyanın hazırlanıb, tətbiq edilməsindən sonra, Qərbi Abşeron ağır neftinin çıxarılması, individual quyu məhsuldarlığının 6 – 10 dəfə artırılması və quyularda quməmələgəlmənin qarşısının tez bir zamanda alınması layihəsi də, Ramin İsayevin rəhbərliyi ilə həyata keçirilib. Bütün bunlardan başqa, Xəzərdə 530 və 560 tonluq ən ağır aralıq qoruyucu kəmərlərin bir dəfəyə endirilib, sementlənməsi və həmin quyuların texniki bütövlüyünün təmin edilməsi layihələri də, “Bulla” yatağında Ramin İsayevin rəhbərliyi altında həyata keçirilib. Ən əsası odur ki, ilk Azərbaycan qazma şirkəti olaraq, “SOCAR – AQŞ”, xarici ölkələrdə mürəkkəb qazma layihələrini (Türkiyə, Tuz Gölü layihəsi: 103 milyon ABŞ dolları və Banqladeş, qaz quyuları: 33 milyon ABŞ dolları) Ramin İsayevin bacarığı sayəsində əldə edib;
— İbtidai istintaq zamanı Ramin İsayevin özünün və müdafiəçi vəkillərinin bir dənə də olsun iddia və etirazlarına müsbət reaksiya olmayıb. Kobud pozuntularla keçirilən istintaq və məhkəmə proseslərində onların sübutlarını tədqiq etməkdən əsassız olaraq imtina edilib, protokollar saxtalaşdırılıb, proseslər zamanı çıxarılan qərarlarla müdafiə tərəfinin tanış olmasına imkan verilməyib. Bir sıra vəsatətlər gizlədilərək, proses süni olaraq uzadılıb. Halbuki, bu işdə Ramin İsayevin təqsirsiz olmasının onlarla sübutu olub, lakin çoxunun qarşısına falsifikasiya və manipulyasiyalar yolu ilə, “qırmızı işıq yandırılıb”. Bir sözlə, məhkuma birbaşa bəraət qazandıran sənəd və iddialarının qəbulu rədd edilib. Bütün bunlar bir daha onu göstərir ki, məhkumun təqsirsizliyinin əsas sübutlarının üzərindən susmaqla keçilib və
tagsirsizlik prezumpsiyasına zidd olaraq, qanunsuz addımlar atılıb.
Ramin İsayevin özünü də, işdə olan saysız-hesabsız belə qanunsuzluqlar sakit durmamağa təhrik edib. Artıq, susmayacağını qəti şəkildə bildirib;
— Bu ciddi məsələdə vacib olan bir məqam: Ramin İsayevin istintaqı gedərkən, daha doğrusu, müstəntiq hələ istintaq araşdırmasına başladığı ilk günlərdə pulun itməsinin Nəsib Həsənovla bərabər, onun ətrafına gedib çıxdığını açıq-aydın görür və cinayət araşdırmasını dayandırır. Məhkum sabiq Baş direktora qarşı nəsə yeni bir ittiham axtarışı başlanır. Növbəti uydurma ittiham Ramin İsayevə məxsus olmayan torpaq sahəsinin guya ona məxsusluğu iddiası, icarə qiymətlərinin yüksək olması yalanı üstündə qurulur və…
Bizsə, əldə olan müqayisəli fakt və dəlillər əsasında, Ramin İsayevə qarşı bu ittihamın da yalan olduğunun
tezliklə sübut ediləcəyinə, ona qarşı olan hər kəsin çoxmilyonluq oğurluq və korrupsiya əməllərinin bütün detallarının üzə çıxarılacağına tam əminik…
(DAVAMI VAR)
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
MÜƏLLİFDƏN:
Qeyd etmək istəyirəm ki, uzun müddət ibtidai istintaq altında olan Ramin İsayevlə bağlı aparılan araşdırmalar zamanı, onun barəsində irəli sürülən və xarakterinə uyğun gəlməyən ittihamlar öz təsdiqini tapmayıb. Məhz buna görə, o, öz azadlığına qovuşmalıydı. Lakin onun həbsində marağı və əli olan araqarışdıranlar buna imkan verməyərək, azadlıqda yaşamasını bir daha ona çox görüblər. Dünənlərdə aldığımız xəbərə görəsə, həmin araqarışdıranların xətrinə istintaqçılar qanunsuz olaraq dördüncü dəfə 4 ay uzatdıqları ibtidai istintaqın başa çatdığını elan etsələr də, verdikləri son qərar daha dəhşətli olub. Sabiq Baş direktorun 16 milyon manatlıq krediti it-bata salması ilə bağlı irəli sürülən və təsdiqini tapmayan saxta iddianın üstünə, bundan 5 qat artıq digər mənimsəmə və yeyinti ittihamı yüklənib. Belə bir işə “möhürün” bu tərzdə vurulmasının birbaşa izahı vicdansızlıq və mövcud qanunlarımızın tələblərindən qorxmamaq deməkdir. Belə biabırçılıq olarmı?
Yuxarıda qeyd olunanlara baxmayaraq, bizsə ümid edirik ki, Ramin İsayevin heç bir əsas olmadan həbsdə saxlanması, nəhayətdə, möhtərəm Prezidentin diqqətini cəlb edəcək. Bu ciddi məsələyə xüsusi diqqət yetirərək, bu yöndə lazımi araşdırmaların aparılması, haqq-ədalətin öz yerini tapması üçün, aidiyyatı üzrə lazımi tapşırıqlarını verəcək.
araz.az xəbər portalı.