“Bilirsiz, mən yalnız ciddi məsələlərə reaksiya verirəm. Hələ konkret bilinmir ki, bu parlament özünü buraxır, yoxsa buraxmır…”
Məlum olduğu kimi, hələlik rəsmi qərar verilməsə də, bu ilin payızında Azərbaycan Milli Məclisinə seçkilərin keçiriləcəyi haqda informasiyalar səslənib. MSK sədri Məzahir Pənahov da bildirib ki, qanunvericiliyə uyğun olaraq parlament seçkiləri 2024-cü il noyabrın əvvəlində keçirilməlidir. Lakin Bakıda keçiriləcək “COP29” beynəlxalq tədbirinə görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı ancaq qabağa çəkilməsi mümkündür…
Bir sözlə, seçkilərin keçirilməsi ehtimalı var…
Və nədənsə cəmiyyətdə artıq belə bir rəy formalaşmaqdadır ki, bu parlament seçkiləri tamamilə fərqli olacaq; bu dəfə MM üzvlüyü uğrunda 1990-cı illərdə ölkə siyasətində fəal rol oynamış liderlər və digər ciddi fiqurlar da mübarizə aparacaq…
Bu mənada Milli Məclisə seçkilərin rəsmən elan ediləcəyi halda Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədovun da deputatlığa namizədliyinin irəli sürülüb-sürülməyəcəyi maraq doğuran suallardandır.
Bir müddət öncə mediaya açıqlama verən AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev bildirib ki, parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə iştirak edəcək və artıq bir neçə aydır ki, hazırlıq kampaniyasına start verilib.
Partiyanın fəxri lideri Etibar Məmmədovun seçkilərə qatılıb – qatılmayacağına gəlincə, E.Mustafayev deyib ki, bu barədə ancaq onun özü açıqlama verə bilər.
İndiyədək bu sualı cavablandırmayan 1990-cı illərin istiqlalçı deputatlarından biri kimi də tanınmış Etibar Məmmədovla Moderator.az əməkdaşı arasında belə bir qısa dialoq alınıb:
“-Etibar bəy, payızda Milli Məclisə gözlənilən növbəti seçkilərin keçiriləcəyi rəsmən elan edilərsə, həmin seçkilərə qatılmaq niyyətiniz varmı?
-Bilirsiz, mən yalnız ciddi məsələlərə reaksiya verirəm. Hələ konkret bilinmir ki, bu parlament özünü buraxır, yoxsa buraxmır… Yəni ortalıqda ciddi bir qərar yoxdur…
-Bəy, axı aydın olmadı, suala konkret cavab vermədiniz. Məsələ ciddiləşsə, yəni rəsmən Milli Məclisə seçkilər elan edilsə, deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?
-Hələ mən ciddi heç nə görmürəm…”
Sultan LAÇIN.
araz.az xəbər portalı.