Mayın 29-da Bakıda Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert keçirilib.

araz.az   xəbər verir ki, Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsert məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipurun bədii rəhbərliyi ilə təşkil olunub.

Konsertdən əvvəl qonaqlar foyedə Qərbi Azərbaycanın tarixi abidələrini, təbiət mənzərələrini, xəritələrini, 1987-91-ci illərdə Ermənistan SSR-dən zorla çıxarılmış Qərbi azərbaycanlıların qaçqınlıq həyatını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə, həmçinin Bəxtiyar Qəhrəmanov tərəfindən Göyçə mahalının Qaraqoyunlu kəndinin 3D formatında yığılmış maketi də nümayiş edilib.

Tədbirdə Göyçə aşıq məktəbi, onun yetişdirdiyi görkəmli simalar, ustadlar barədə məlumat verilib, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurduğu diqqətə çatdırılıb. Bildirilib ki, bununla belə, Göyçə aşıq məktəbinin davamçıları və təəssübkeşləri öz mətanətləri və misilsiz bədii-estetik ustalıqları ilə ozan-aşıq sənətinin minillik ənənələrini yaşadırlar.

Konsertdə Göyçə aşıqlarından Aşıq Ramin Qarayev, Aşıq Nazim Quliyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xatirə Məmmədxanlı, eləcə də Xalq artisti Alim Qasımov, Aşıq Əfsanə Kərimova, Aşıq Ayşən Mehdiyeva, Aşıq Salar Mehdipur, Xalq artisti Samir Cəfərov, Aşıq Əli Novruzi, Aşıq Çingiz Mehdipur, Aşıq Nəbi Nağıyev, Əməkdar artist Fərqanə Qasımova, Xanəndə Mirələm Mirələmov, Aşıq Məhbub Əbdi, Aşıq Behnam Məliki bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib, Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan saz havalarının parlaq nümunələri ilə qonaqlara unudulmaz anlar yaşadıblar.

araz.az xəbər portalı.