“Stalin dövründə sürgün nəticəsində minlərlə insan yurd-yuvasından didərgin düşmüşdü. Bu, zülm aparatının kütləvi şəkildə həyata keçirdiyi cəza mexanizmi idi.

İndisə müasir sürgün metodunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov həyata keçirməyə başlayıb. Və elə bir absurd qərarlar qəbul edib ki, ölkənin heç bir xəstəxanasında bu sürgün variantı ağıla gəlməz”.

araz.az bildirir ki, Respublika Klinik Xəstəxanasının bir qrup tibb işçisi “Arqument.az”a göndərdiyi şikayətdə belə qeyd edir.

Onların sözlərinə görə, Respublika Klinik Xəstəxanası təmirə bağlanır, amma direktorun qəbul etdiyi qərarlar təəccüb doğurur: “Bu təmir səbəbindən E.Qasımovun “dərin planı” nəticəsində xəstəxananın II korpusunun I korpusa köçürülməsinə qərar verilib. Bu da başadüşüləndir. Amma direktorun 1-ci korpusun Bilgəhə köçürülməsi ilə bağlı qərarı olduqca absurddur. Buna heç bir məntiqi izah tapmaq olmur. Soruşan da yoxdur ki, ay başına dönüm, 20 Yanvar hara, Bilgəh hara? Bir qədər əvvəl Nərimanov ərazisində yerləşən 5 saylı Xəstəxanada da təmir işləri aparıldı. İşçi kontingenti çox asanlıqla yaxın ətrafdakı xəstəxanalarda yerləşdirdi. Heç kəs narazı qalmadı”, – deyə tibb işçiləri vurğualyıblar.

Kifayət qədər ironik tonda yazılan müraciət müəllifləri ictimai diqqət çəkmək üçün hadisəni bir az da obrazlı təqdim edirlər: “”Axırıncı aşırım” filmində Kərbəlayının təbirincə desək, heç Yədullanın müsibəti heç belə olmamışdı. Hərçənd, Elviz Qasımovu ictimaiyyət az qala islahatlar həyata keçirəcək biri kimi qəbul edirdi, amma gördülər ki, yanılıblar. Yaxşı ki, Elviz Qasımov Stalin kimi səlahiyyətlərə sahib olmayıb, yoxsa daha qəddar addımlar ata bilərdi. Hər halda, onun son qərarlarından sonra belə qənaətə gəlmək mümkündür. Çünki bu, konkret olaraq sürgündür”.

Müraciət müəllifləri bildirirlər ki, Elviz Qasımovun bu qərarı xəstəxanın həm 1-ci korpusda işləyənlərin, həm vətəndaşların narazılığına səbəb olub: “Çünki ölkənin ən böyük xəstəxanalarından olan və hər gün yüzlərlə insanın müraciət etdiyi “Respublikanski”ni uzaq Bilgəhə köçürmək məntiqsiz və faciəvi qərardır. Hər kəs üçün zülmdür, həm işçilər, həm xəstələr, həm də xəstə yaxınları üçün. Nəzərə alaq ki, qarşıdan isti yay gəlir və xəstələrin həkimlərin qəbuluna düşməsi üçün uzun yol qət edib Bilgəhə getməsi həm işgəncədir, həm də əlavə xərcdir. Hazırda metronun “20 Yanvar” stansiyasına yaxın yerləşməsi hamı üçün xəstəxananı əlçatan edir”.

“Kollektivin işçiləri haqlı olaraq soruşurlar: Bakının əlçatan bir yerində məkan tapılmadı ki, işçilər Bilgəhə sürgün edilir? Hətta bununla bağlı Elviz Qasımova edilən müraciətlər və təqdim olunan ərizələrin zibil qutusuna atıldığı hər kəsə bəllidir. Bu da azmış kimi, direktor özünə yaxın adamlara imtiyaz tanıyıb, onları Bilgəhə göndərmir, təmirə görə 2-ci korpusun yerləşəcəyi 1-ci korpusun yerləşdiyi binada saxlamaqda israrlıdır. Bu da ayrı-seçkilik və öz komandasını kollektivdən fərqləndirmək deməkdir. Təbii ki, bu da narazılığa səbəb olub. Ümumiyyətlə, Elviz Qasımovun nə etmək istədiyi başa düşülmür. Belə bir absurd hərəkət insanları işdən incik və əziyyətə salmaqdır”, – deyə müraciətdə qeyd olunub.

Adlarının açıqlanmasını istəməyən tibb işçiləri (Nəzərə alsaq ki, Elviz Qasımovun direktorluğu dövürdə təxminən il yarım ərzində 450-yə qədər şəxs işdən çıxarılıb) problemlə bağlı, sosial şəbəkələr vasitəsilə ölkə başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, İcbari Tibbi Sığortanın rəhbəri Zaur Əliyeva, TƏBİB- in rəhbəri Vüqar Qurbanova müraciət ediblər.

Onlar ölkə rəhbərliyindən bununla bağlı addım atılması xahiş edilər. Ümid edirlər ki, bu əsassız “sürgün” dayandırılacaq, I korpus daha əlverişli bir tibb müəssisəsinə köçürüləcək.

araz.az xəbər portalı.