İnsanlar arasında “xruşşovka” kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur. Digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür. Çoxları bazardakı tendensiyanı “xruşşovka”ların tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirir. 

araz.az  bildirir ki, Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Bakının yeni Baş Planında köhnə binaların əksəriyyətinin söküləcəyi xəbəri bazara ciddi təsir edib:

“İlk növbədə onu qeyd edim ki, mövcud ajiotaj yayılan informasiyalara görədir. Bildiyiniz kimi, Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə binalar, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar. Bunun başqa bir səbəbi də odur ki, Azərbaycan müəyyən iqtisadi inkişaf dövrünü yaşayır və 30 ildən bəri işğal altında olan ərazilərimiz azad edilib. Bunun fonunda ölkənin investisiya cazibədarlığı olduqca artıb. Təbii ki, bu da daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.

Vüqar Oruc vətəndaşların artıq yeni mənzillərə meyl göstərdiyini qeyd edib:

“Eyni zamanda vətəndaşların əksəriyyəti artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir. Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik. Söhbət ondan gedir ki, bu ajiotaj əslində o qədər də əsaslı deyil. Çünki əgər söküntü işləri başlasa da, bunun üçün müəyyən dövr tələb olunur. Birdən-birə bütün köhnə binaların söküntüsü mümkün deyil. Bu baxımdan hesab edirəm ki, yaxın dövrlərdə birmənalı şəkildə köhnə binaların sökülməsini və yerində yeni binaların tikilməsini müşahidə etməyəcəyik”.

araz.az xəbər portalı.