Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. Millətimizin cahilliyindən ürəyi vərəmləyən, gülüşün içində göz yaşı qan sel olan şair-vətəndaş…

Nə zaman ki Sabir aktuallığını itirəcək, o zaman dəxi bizdən adam olacaq, bir millət kimi. Çünki bu möhtərəm və böyük şair yazırdı ki, xalq cahilliyin daşını atsın, elm və irfan sahibi olsun!.

Hələliksə, düzəlməklə işimiz yox, bu böyük şairin satiraları nə yazıq ki aktualdır, nə qədər acıdır ki, hər kəs bunları oxuduqca çox böyük feyzlə: “Halal olsun Kişi elə bil bu günümüz üçün yazıb” – deyib, alimanə şəkildə başını bulayır. Yəni XXI yüzildə yaşamağımıza baxmayaraq hələ də XX əsrin əvvəllərindəki cahil zehniyyətimizlə “fəxr” edirik!

Heç yadımdan çıxmaz, onuncu sinifdə Sabirdən inşa yazmalı idik. Bununla bağlı sinifdən xaric çoxlu ədəbiyyat oxumuşdum. Rəhmətlik professor Abbas Zamanovun “Sabir bu gün” kitabını oxumuşdum, dil- ədəbiyyat müəlliməmizə “qəribə” sual verdim, heç gözləmirdi, dedim ki axı Sabir bu gün bizim nəyimizə lazımdır, o cəhaləti qamçılayır, biz də cəhalətsiz olaq kitab da olsun “Sabir dünən”.

Rəhmətlik Zeynəb müəllimənin dodaqlarına qəribə xoş bir gülüş qondu,  “doğru sözə nə deyim ki..” – cavabını verdi. Yəni bizim dünənimiz indimiz olmamalı heç bir zaman. Tərs gələn nə varsa zamanında imtina etməyi bacarmalıyıq. Nə ədəbi, nə siyasi şəxsiyyətlər, nə də onların fikirləri yanlışcasına kultlaşdırılmamalı.

Çox təəsüf ki günümüzdə belə Sabir satira, sarkazm şairi kimi tanımlanır. Halbuki, Sabirin “Hophopnamə”sinə baxanda oradan elə bir hüriyyət havası gəlir ki, adam əməlli heyrətlər içində qalır:

Kim ki, insanı sevər, aşiqi-hürriyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

Təkcə bu misraların işığında böyük bir fəxrlə demək olar ki, hürriyyətpərvər Şair olaraq Türkiyə üçün Namık Kemal kimdirsə, bizim üçün də Sabir odur!

Sabirin qələmi, ruhu, təmiz vicdanı yalnız və yalnız hürriyyətdən yoğrulmuşdur. Bu üzdən o qaranlığı, cəhaləti sevmirdi, xalqı geriyə salan bütün qüsur və nöqsanlara, rüşvətxor dövlət rəhbərləri olan şahlara, məmurlara, mədəsini xalqın cəhalətindən sui-istifadə edərək dolduran, onların pullarını öz ciblərinə çevirən yekəqarın, “həzrəti-mədə” olan din xadimlərinə, mollalara qarşı ölümünə mübarizə aparırdı. Bu mübarizədə Sabir təmənnasız idi, fədai idi, ona atılan çamurlara dözürdü ki, dözürdü. Belə olmasaydı öz zamanının önündə yürüyən bu nəhəng İnsan deməzdi ki:

Ey dilbəri-hürriyyət, olandan bəri aşiq

Könlüm sənə, çarpışmadadır ruzü şəb ilə!

Derlərsə əgər işbu səbəbdən mənə fasiq,

Pək müftəxirəm mən də bu ali ləqəb ilə!

Və yaxud da başqa bir Hürriyyətpərvər şairimiz olan Məhəmməd Hadi qaranlıqları aydınlatmağın necə möhtəşəm missiya olduğunu böyləsinə gerçəkcəsinə, gözəlcəsinə izhar etməzdi:

Bəxtim kimi olsun kəfənim, yəni, siyəhnak,

Heykəl diləməm, heykəli-qəbrimdir o əflak,

Millət işıq olsun, məni udsun bu siyəh xak,

Ancaq dilərəm, qövmim ola sahibi-idrak.

İdrakı olanlar məni sonra qanacaqdır,

Bir qövmü dirildən də cahanda qalacaqdır.

Bu fikirlərin işığında bu gün Sabirin satira və sarkazmını “çörək ağacına” çevirib, “biz düzələn zad deyilik!” – deyib, milli natamamlıq kompleksinə rəvac verən ədəbiyyat, elm adamlarının topluma vurduğu zərərin miqyasını ölçməkdə qələm acizdir.

Belə bur deyim var; cahil birini yıxar alim minini. Nə yazıqlar olsun ki, Sabir, Mirzə Cəlil, M.F.Axundov cəbhəsində alimlərimizin əksəriyyətinin qələmi bu istiqamətdə külüng çalmışdır illərlə.

Təbii ki, Abbas Zamanov kimi vicdanını qələminə çevirib, Sabir yaradıclığının ən işıqlı tərəflərini hələ sovet dönəmində topluma aşılayan əsl Alim əxlaq sahibləri istisnadır. Sovet senzurasının dar qəlibləri mühitində bacardığı qədər gerçəkləri dilə gətirmək, bəzən “Ezop dili”ylə Sabirin hürriyyətpərvər fikirlərini hayqırmaq heç də asan deyildi. İşıqlar içində yatsın dəyərli alimimiz Abbas Zamanovun bu mövzuda haqqı ödənməz bir əməyi, rolu vardır.

Nazim Hikmət Bakıya ilk gəlişində təkbaşına gedir Məhəmməd Füzulinin heykəli önünə və Füzliyə xitabən deyir:

– Aleyküm salam Ustad!

Yaşadığı ağır, məmur rüşvətxorluğunun ən acı, ürək parçalayan dramının ifadəsi olan “Şikayətnamə”sində Füzulunin dilə gətirdiyi: “Salam verdim, rüşvət deyildir deyə almadılar!” – fəryadına 400 il sonra onun salamını Nazim Hikmət belə alaraq tariximizə, ədəbiyyatımıza dərs vermişdir.

Könül istərdi ki, günün birində biz də xalq, millət olaraq Sabirin şiddətlə qınadığı orta əsr feodal buxovlarının yaratdığı, elmə, maarifə qandal vuran, straus quşu kimi başımız qumlara soxub qeyrət davası döyən zehniyyətdən xilas olaq, onun hürriyyət ideallarını mənimsəyək, ədalət olan toplumda yaşayaq var olaq.

Nazim Hikmət sayağı duraq Sabirin heykəli önündə və könül açıqlığı, asudəliklə deyək ki: Ey Ulu Sabir Sənin “ Kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə!” – sözlərin artıq satira, lağ obyekti olmaqdan çıxdı. İndi bizim qeyrətimiz xalqın canını, qanını soran onu soğan qabığına döndərən rüşvətxor məmur ordusundan, xalqını ac, susuz, məktəbsiz qoyub itinə, pişiyinə, madmuazellərinə sel kimi pul axıdan intiligent kimi görsənən milyonçulardan ibarət deyildir. Artıq qeyrətimiz ölənədək hürr və məsud yaşayacağımız məmləkətimizdir, elmin texnikanın ən son nailiyyətlərini mənimsəyən ağıllı kafalarımızdır, ac görəndə doyuran, məzlumun alın tərindən qazandığı pullarla tox görəndə quyruq bulamayan “Mərdə şirin, namərdə acı, Məzlumların haqqı üstə əsər, Zalimləri qılınc təkin kəsər” (Şəhriyardan iqtibas-M.İ.) olan bir Yurdun vətəndaşlarıyıq…

O zaman Sabirin ruhu şad olacaq, məzarında güllər bitəcək!

Döğum günün qutlu olsun Ey bizim Hürriyyət Şairimiz!

araz.az xəbər portalı.