İnternet video platforması – YouTube İran Xarici işlər Nazirliyinin hesablarından birini ABŞ-ın Tehrana qarşı sanksiyalarına görə bağladığını təsdiq edib.

Platformanın sözçüsü Alzbeta Huzarova AzadlıqRadiosuna deyib ki, Google sanksiyalara və ticarət qanunlarına ciddi şəkildə əməl edir.

Onun sözlərinə görə Google-un qaydalarını pozanlara qarşı müvafiq tədbirlər görülür.

İranın rəsmi IRNA xəbər agentliyi yazır ki, sözü gedən hesab İsrailin HƏMAS-a qarşı müharibəsində fələstinlilərə dəstək verən ingilisdilli video yayandan sonra bağlanıb.

HƏMAS Birləşmiş Ştatlarda və Avropa İttifaqında terrorçu təşkilat elan edilib.

‘Azərbaycanda Stalin üslubu icra olunur’

İran blokladığı saytı “ifadə azadlığını” pozmaqda ittiham edir

IRNA İranda 2009-cu ildən bloklanmış YouTube platformasını “ifadə azadlığını pozmaqda” ittiham edib.

IRNA-nın iddiası barədə suala cavab verən Huzarova vurğulayıb ki, sözü gedən hesabın bağlanması ABŞ sanksiyalarına görədir.

Google şirkətinin sahibi Alhpabet-in mülkiyyəti sayılan YouTube-un rəsmisi İran XİN-ə aid hesabın bağlı qalacağını vurğulayıb:

“ABŞ tərəfindən qoyulmuş sanksiyalara görə İran dövlətinə aid kanalların YouTube platformasında yayınlanması qadağandır”.

İran bütün əsas sosial media platformalarını bloklayıb və bloklardan yan keçmək imkanı verən fərdi VPN şəbəkələrini qadağan edib.

İran hakimiyyətinin özü blokladığı platformalardan istifadə edir

Buna baxmayaraq İran hakimiyyətinin özü həmin platformalardan geniş faydalanmaqda davam edir.

İran illərdir ki, ölkə daxilində istifadə üçün yaradılmış sosial platformaları təbliğ etsə də, bu platformalara həvəs göstərənlər azdır.

Yanvar ayında keçirilmiş sorğudan məlum olub ki, İranda bloklanmış Instagram, WhatsApp və Telegram iranlılar arasında ən populyar platformalardır.

YouTube bundan əvvəl İran dövləti tərəfindən maliyyələşdirilən Press TV və ispandilli Hispan TV kanallarını bloklamışdı.

Fevral ayında Instagram və Facebook HƏMAS-a dəstək verən postlara görə İranın ali rəhbəri ayətüllah Əli Xameneyiyə aid hesabları bağlamışdı.

Instagram platformasının sahibi Meta şirkətinin sözçüsü AzadlıqRadiosuna deyib ki, sözü gedən hesablar “Təhlükəli Təşkilatlar və Şəxslər” siyasətini dəfələrlə pozduqlarına görə bağlanıblar.

araz.az xəbər portalı.