“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bir neçə əməkdaşı ilə yollarını ayırıb.
araz.az–ın məlumatına görə, AzTV-dəki mənbədən konkret.az-a daxil olan məlumata görə, telekanalla yollarını ayıranlardan biri Texniki İstehsalat Birliyinin direktor müavini Xəlil Məmmədov, digəri isə Material-Texniki Təchizat Departamentinin rəhbəri Emin Nağıyevdir.
Mənbənin sözlərinə görə, Xəlil Məmmədovun vəzifədən ayrılmasının səbəbi təqaüd yaşı ilə əlaqədar olsa da, Emin Nağıyevin hansı səbəbdən vəzifədən çıxdığı məlum deyil.
Qeyd edək ki, mediada dəfələrlə yazıldığı kimi, Xəlil Məmmədov “AzTV” QSC-nin sədri Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Emin Nağıyevin isə “AzTV” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Natəvan Osmanlının əri olduğu deyilir.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Rüfət Seyidov sayta deyib ki, kadr dəyişiklikləri QSC-nin daxili işi hesab olunduğundan bu barədə geniş açıqlamaya ehtiyac görmür.
“Amma Xəlil Məmmədova gəldikdə, sizin məlumatınız doğrudur. O, həqiqətən, təqaüd yaşı ilə əlaqədar işdən ayrılıb. Ümumiyyətlə, AzTV-dən ayrılan əməkdaşlar özləri könüllü şəkildə ərizələrini yazıb işdən çıxırlar, yaxud, bu, əməkdaşın faydalı iş əmsalının aşağı olması səbəbindən baş verir”, – deyə AZTV sözçüsü əlavə edib.
Qeyd edək ki, AzTV-nin rəsmi saytında indiyədək iki departamentə – maliyyə və mühasibat uçotu və material-texniki təchizat departamentlərinə kimlərin rəhbərlik etmələrinə dair məlumat yoxdur.
araz.az xəbər portalı.