Elnur Fərzəliyev: “Qəzalı kimi qeydiyyata alınan binaların sığortalanması, təbii ki, sığorta şirkətləri üçün risq hesab olunacaq”
Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risqlərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar. Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırki binaların müasir standartlara tam cavab verdiyini düşünür. Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü?
“Yaşayış binaları ilə bağlı monitorinqlərin aparılması vacibdir, çünki son illər dünyada seysmoloji aktivlik artıb”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təkcə Bakı şəhərində 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli yaşayış binası var. Eyni zamanda, onlarla köhnə yaşayış binaları qəzalı kimi aidiyyəti qurum tərəfindən qeydə alınıb: “Qəzalı kimi qeydiyyata alınan binaların sığortalanması, təbii ki, sığorta şirkətləri üçün risq hesab olunacaq. Binaların qəzalı olub-olmaması ilə bağlı kütləvi şəkildə monitorinq aparılarsa yaşayışa uyğunluğu müəyyən olunar. Bundan əlavə, binaların qəzalı olması qeydiyyata alınarsa onların nə zaman söküləcəyi də təqribən bəlli olacaq. Bakı şəhərində sökülən binalar qəzalı kimi qeydiyyata alınanlardır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yaşayış binaları ilə bağlı monitorinqlərin aparılması vacibdir. Çünki son illər dünyada seysmoloji aktivlik artıb. Bu baxımdan da istismara yararsız binalar müəyyən edilməlidir. Tikinti bərpa işi ilə çoxmərtəbəli binaların ömrünü uzatmaq olar: “Məlumdur ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, artıq istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikili olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.
Günel CƏLİLOVA
araz.az xəbər portalı.