ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev müsahibəsində deyib ki, bəzi jurnalistlıri parlamentdə görmək istəyir:”Çox istərdim ki, bizim mətbuatda çox hazırlıqlı, faktiki jurnalistdən daha çox politoloq, siyası ekspert kimi formalaşmış, kütləvi informasiya vasitələrində mütəmadi çıxış edən jurnalistlərimiz də parlamentdə təmsil olunsunlar”.

O, siyasi jurnalistikanı siyasətdən qətiyyən ayırmadığını vurğulayıb:

“Qeyri-hökumət təşkilatlarında yaxşı mənada özünü göstərən, hazırlıqlı və öz sahələrini dərindən bilənlərin də parlamentə düşməsini istərdim. Fikrimcə, parlament seçkilərində kiməsə, kiminsə kürəkəni və qohumu olduğu, kiminsə şirkətində işlədiyi üçün dəstək verilməməlidir”.

Maraqlıdır, Qüdrət Həsənquliyevin bu təklifinə baş redaktorların münasibəti necədir?

Şakir Ağayev: “Şanslarımı münasib saysam, iştirak etmək fikrim var”

“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, maraqlı və lazımlı mesajdır: “Bu istənilən jurnalistin haqqıdır ki, yaradıcı vətəndaş kimi parlament və başqa seçkilərdə iştirak etsin. Parlamentdə təmsil olunmaq üçün mütləq seçkidə iştirak etməlisən və qalib olandan sonra parlamentdə təmsil oluna bilərsən. Azərbaycanda gözəl jurnalistlər, siyasi analitakanı mükəmməl bilən həmkarlarımız var ki, onlar parlamentdə təmsil olunmağı haqq edirlər. Belə adamların daha çox faydası ola bilər. Parlament tribunası belədir ki, orada yalnız qanunlar qəbul edilmir, eyni zamanda təşəbbüslər də irəli sürülür. Parlamentdə elə adamlar var ki, onların heç səsi çıxmır. Xaricdən Azərbaycana bəslənən qərəzli münasibətə heç mövqe bildirmirlər. Amma elə həmkarlarımız var ki, istər analitik çıxışlarında, istərsə də yazılarında elə dairələrin layiqli cavabını verirlər. Özümə gəldikdə isə, vəziyyəti qiymətləndirəcəm. Münasib saysam, seçkilərdə iştirak edəcəm. Düzdür, hələ qəti qərar verməmişəm bununla bağlı. Təbii ki, şanslarımı münasib saysam, iştirak etmək fikrim var”.

Elçin Mirzəbəyli: “Harada görünüb ki, müavin sədrin fikirlərinə münasibət bildirsin?”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qəzetimizə bunları bildirdi: “Qüdrət bəy Ədalət, Hüquq, Demokratiya Partiyasının sədridir, mən də onun müaviniyəm. Seçki ilə bağlı qərar isə seçki elan olunandan sonra partiyanın seçkili orqanlarında veriləcək.

Mən partiya sədrinin müaviniyəm. Fikirlər də partiyanın sədrinə məxsusdur. Harada görünüb ki, müavin sədrin fikirlərinə münasibət bildirsin?”

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.