2020-ci ildə, 12 il 6 aydan sonra tutduğu “SOCAR – AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən ayrılan, 2023-cü ilin iyul ayında isə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 16 milyonluq kredit mənimsəməsi ittihamı ilə həbs olunan Ramin İsayevin cinayət işi üzrə 11 ay davam edən ibtidai istintaq başa çatıb.
Bu barədə sensasion yazılar dərc edən araz.az-ın əldə etdiyi son məlumata görə, bu günlərdə tamamlanan araşdırma zamanı Ramin İsayevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib. Məhkumun vəkil və yaxınları da, məlumatı ölkənin media vasitələrinə təsdiqləyiblər. Vəkil sözlərinə görə, onun müvəkkili verilmiş ittihamlara münasibətdə özünü qətiyyən təqsirli bilmir. Hesab olunur ki, Ramin İsayevin təqsirsiz olduğunu sübut etmək üçün, müdafiə tərəfi ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyacaq. İşin yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi bildirilir.
Ramin İsayevin həbsinin sifarişli və ittihamın saxta olması çoxlarına məlumdur. Buna baxmayaraq, həbsində maraqlı olanlar bu ittihamın vicdan çərçivəsinə sığmayan iyrənc üsullarla daha da ağırlaşdırılmasına nail olublar. Çoxları buna inanmasa da, etibarlı mənbənin dəqiqliyinə şübhə etmədiyimiz bu barədə məlumatı isə, əsl həqiqəti ortaya qoyur: “Həqiqət budur ki, Ramin İsayevi 16 milyon kreditin aradan yoxa çıxması, it-bata düşməsi ilə ittiham etmək mümkün olmurdu. Bu səbəbdən, ibtidai istintaqın müddəti də, qanunsuz olaraq uzadılırdı. İstintaq gedərkən, daha doğrusu, müstəntiq hələ istintaq araşdırmasına başladığı ilk günlərdə bu pulun itməsinin Nəsib Həsənovla bərabər, onun ətrafına gedib çıxdığını açıq-aydın görürdü. Məhz buna görə, cinayət araşdırmasını dayandırmışdı. Konkret desək, məhkum sabiq Baş direktora qarşı nəsə yeni bir ittiham axtarışı başlanmışdı. Böhtançılar, nəhayət buna da nail oldular. Onların növbəti uydurma ittihamı Ramin İsayevə məxsus olmayan torpaq sahəsinin, mal-mülklərin və digər daşınmaz əmlakların guya ona məxsusluğu iddiası, icarə qiymətlərinin yüksək olması yalanı üstündə qurulurdu.
Deyilənlər bir yana, dəhşət ondadır ki, onun həbsində marağı olanların — “NEQSOL Holding”-in sahibi Nəsib Həsənovun özünün, adlarını çəkdiyimiz şirkətlərdə vəzifə tutanların və onun “sağ əli” hesab edilənlərin 5 xarici ölkədə yerləşən çox qiymətli əmlaklarının, mal-mülklərinin də, Ramin İsayevə məxsusluğu barədə çox iyrənc bir oyun quruldu. Onu da deyim ki, bu ciddi məsələdə vacib olan məqam var: Əgər ittiham tərəfi məhkəmənin ədalət çərçivəsində keçirilməsini mümkün edə bilsə, əldəki müqayisəli fakt və dəlillər, Ramin İsayevə qarşı bu ittihamın da yalan olduğunu sübut edəcəyinə, onun əleyhinə olan hər kəsin çoxmilyonluq oğurluq və korrupsiya əməllərinin bütün detallarını üzə çıxaracağına tam əminlik yaradır. Bir də, necə əmin olmayasan ki, həmin qiymətli əmlak və mal-mülklərin Ramin İsayevə heç bir aidiyyatı yoxdur.
Götürək, Türkiyə Cümhuriyyətində olanları və yalandan adına yazılanları: Guya, İstanbul şəhərindəki məşhur istirahət yerində, Bakırköy Yeşilköy məhəlləsində, Atatürk və Sarıyer caddələrində, “Nidya Tower”-də (“Sheraton Residence Esenyurt”), Zafer Məhəlləsində, Adilə Naşıt Bulvarında, “Aris Grand Tower”‘-də, Adnan Kahveçi məhəlləsində, Osmanlı caddesində, Saroz Özenkent Sitesində, Beylikdüzü, “Vadi İstanbul Teras”-da yerləsən qiymətli və fundamental görkəmli mənzillər, mal-mülklər və digər daşınmaz əmlaklar, habelə Türkiyə Respublikasında fəaliyyət göstərən bankların bir çoxunun hesabındakı külli miqdarda pul vəsaitləri onundur. Doğrudan da, bunların heç birinin Ramin İsayevə aidiyyatı yoxdur. Bunun təsdiqi elə də çətin deyil. Bunların birdən-birə ona qarşı ittiham olaraq elan edilməsi, qəbuledilməzdir. Əslində, bu mal-mülklərin, digər daşınmaz əmlakların hamısı Nəsib Həsənovun, onun şirkətini idarə edən Yusif Cabbarovun və onların ətrafındakı digər vəzifə sahiblərinin özlərinindir.
İbtidai istintaqın gedişi zamanı baş verən bir hadisə də, adamı dəhşətə gətirir. Bu hadisə, Ramin İsayevin yaxını,
Binəqədi rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakına görə, dəfələrlə dövlət səviyyəsində mükafatlandırılan mərhum iş adamı, “İstehsalat Tikinti Mexanizasiya Şirkəti” MMC-nin rəhbəri Akif Nəbiyevin evində baş verib. İstintaq qrupu evi ələk-vələk edib, nə tapılıb, Ramin İsayevin adına yazıblar. Yaxşı ki, Akif müəllimin doğmaları sakit dayanmadılar. Buna qarşı etiraz iddiası veriblər. Məhkəmə artıq bu işə baxır”.
Ramin İsayevi həbs etdirmək üçün, korrupsiya bandasının uydurduğu ittihamların nədən ibarət olduğu göz qabağındadır. Sifarişli həbsi həyata keçirmək üçün, uydurulan ittihamlar qəbuledilməzdir. Bu işdəki bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün, “SOCAR AQŞ”-də də payçı olan “NEQSOL Holding”-ın sahibi Nəsib Həsənovla əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz boşa çıxdı.
Məlumatlı mənbə isə bunun izahını belə verdi: “Ümumiyyətlə, Nəsib Həsənovla jurnalist əlaqəsi mümkünsüzdür. Çünki ölkədən çoxdan gedib. Özünü elə aparır ki, sanki onu milyarderə çevirən bu dövlətin ona borcu var. Bu günlərdə baş verən bir hadisə də, dediyimin izahsız bir sübutudur.
Hadisə belə olub. Rusiyada fəaliyyət göstərən və milliyyətçə dağ yəhudisi olan milyarder iş adamı həmyerlimiz Qod Nisanovun ətrafındakı 12 nəfərdən ibarət işçi qrupu bu yaxınlarda Nəsib Həsənovun qonağı olublar. Dubayda baş tutan bu görüşün həmin iştirakçılarını Nəsib Həsənov əslən Azərbaycandan olan 8 nəfər gözəllə qarşılayıb. Təmtəraqlı təşkil olunan qonaqlıq stolu arxasında təşkilatçı milyarder utanıb-çəkinmədən gözəlçələrlə min oyundan çıxıb. Soydaşlarımız olan qonaqların biri kefi kök Nəsib Həsənova ötən son illər ərzində Azərbaycana nədən getmədiyini soruşub. Onun: “Artıq, Azərbaycan mənim üçün soyuq bir məmləkətdir!” — cavabı ölkəmiz adına ürəkaçan olmayıb”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.