İqtisdadiyyat və maliyyə sahələrini korifeylərdən öyrənən, Nobel mükafatçısı 6 nəfər məhşur iqtisadçının ən parlaq tələbəsi olaraq, adını tarixə yazdıran soydaşımıza azadlıq çox görülüb

Böhtan və şantaj ustaları “SOCAR – AQŞ”-nin sabiq Baş direktorunu xarakter çalarlarına uyğun gəlməyən cinayət epizodlarıyla üz-üzə qoydura biliblər

(Davamı. Əvvəlinin linkləri: (https://araz.az/?p=57854), https://araz.az/?p=58065)

Neft-qaz sənayesi sahəsində tanınmış mütəxəssis kimi nəinki ölkəmizdə, hətta dünya səviyyəsində qəbul edilən, möhtəşəm ilklərə imza atan, 12 il 6 ay “SOCAR – AQŞ”-də Baş direktor vəzifəsində çalışan Ramin İsayevin saxta ittihamlar və verilmiş sifarişlər əsasında qanunsuz həbs olunaraq, 11 ay ibtidai istintaq altında saxlanması son vaxtlar ölkə gündəmini məşğul edən əsas mövzulardan birinə çevrilib. Gedişi ölkə ağsaqqallarının, ziyalıların, din xadimlərinin, sadə vətəndaşların narazılıq dolu hədsiz qəzəbləriylə müşayiət olunan ibtidai istintaq nəhayətdə bu yaxınlarda başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunan bu cinayət işi üzrə məhkəmə istintaqının hazırlıq iclasının bu yaxınlarda olacağı deyilir.

Qeyd edək ki, nüfuz sahibi bu şəxsin heç bir hüquqi əsası olmadan həbsdə saxlanması ilə bağlı, ölkənin sayılı media vasitələri ilə bərabər, araz.az da, şok detallar üzə çıxaran sensasion yazılar dərc edib. Ona görə sayılı media vasitələri deyirik ki, “SOCAR – AQS”-nin adıyla oyun quran, Ramin İsayevlə qərəzçilik edən və həbsinə sifariş verən vəzifə sahibləri mətbuata əsl həqiqəti yazmağı, reallığı ortaya çıxarmağı qoymayıblar. “Sözlərinə baxmayan” mətbu orqan əməkdaşları isə, onların daha təsirli təhdidlərinə məruz qalıblar — araz.az-ın sonda məhkəməyə verdikləri əməkdaşları kimi! Bu barədə, ötən yazılarımızda ətraflı yazmışıq. Ona görə, bu yazımızın mövzusunu dəyişib, demək istəyirik ki, yaxşı işləri dünyanın bir sıra ölkələrində qəbul edilən Ramin İsayevin qanunsuz həbsinə söz sahibi nüfuzlu beynəlxalq təşkilatların tezliklə etiraz reaksiyaları gözləniləndir. Bu barədə məlumatlı mənbə tərəfindən araz.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, insan haqq və hüquqlarını müdafiə edən,
işgəncələr əleyhinə mübarizə aparan həmin qurumların verdikləri qərarlar dünya səviyyəsində qəbul ediləndir. Biz də, ötən yazılarımızda əsas olaraq demək istəmişik ki, belə bir şəxsin həbsinə sifariş verənlərin yuxarılar tərəfindən himayə olunmasının dövlətimizin imicinə qarşı mənfi reaksiya doğuracağı yəqin ediləndir. Çünki “cidanı çuvalda gizlətmək olmur”.

Bəli, qabaqcıl texnologiyalar, tədqiqat və istehsal işləri sahəsində yüksək potensial sahibi qurucu, dünya səviyyəli yenilikçi kimi qəbul edilən belə bir mütəxəssis əleyhinə ağlasığmaz qanunsuzluq törədilməsinin ölkəmiz adına xoşagəlməz nəticəsi olmalıydı və olur da. Ona görə ki:

— Ramin İsayev 1989-cu ildə fizika fənni üzrə məktəblilər arasında Azərbaycanda keçirilən olimpiadanın qalibi olaraq, imtahansız Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul edilib. Bu ali məktəbi də fərqlənmə diplomu ilə bitirərək, aspiranturaya girib. Yarımkeçiricilər fizikası kafedrasında aspirant olan uğur sahibi, 1996-cı ildə ABŞ-ın Prinston Universiteti və Çex Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə təşkil etdikləri Riyazi İqtisadiyyat Doktoral Proqramının 2 aylıq çox rəqabətli müsabiqəsinin bütün mərhələlərini uğurla keçərək, dünyanın hər yerindən dəvət olunmuş 125 iddiaçı arasından 24 nəfərdən biri kimi, proqrama qəbul edilib. Bundan sonra, bu proqramda oxuyaraq, işləyən Ramin İsayev, 1998-ci ildə isə, doğma Vətənə geri dönüb. Öncə Maliyyə Nazirliyində Baş iqtisadçı kimi işləyib. 1998-ci ilin sentyabrında BP/StatOil Alyansı tərəfindən seçilərək, çox nadir bir proqramda, “Future CEO” – “Baş İcraçı Rəhbəri” proqramında 11 ay müddətində Böyük Britaniya, Norveç, ABŞ, Hollandiya, Almaniya kimi ölkələrdə neft-qaz sənayesinin bütün seqmentlərində xüsusi hazırlıq keçib. Onda 11 aylıq olan bu proqramın ümumi büdcəsi 950 min ABŞ dolları idi. Ramin İsayev isə, belə xüsusi hazırlıq keçən ilk və yeganə azərbaycanlı neftçiydi;

— ABŞ-ın məşhur Harvard Kennedi məktəbində oxuyan və magistr dərəcəsi alan Ramin İsayev, hətta Norveçdə, “StatOil” (indiki “Equinor”) şirkətinin Birinci Vitse-Prezidentinin müavini, Şərq yarımkürəsindəki layihələrin rəhbəri vəzifəsində işləyib. Tutduğu hər bir vəzifəsində əldə etdiyi möhtəşəm uğurları görən o vaxtkı dövlət rəhbəri, Ümummilli Lider Heydər Əliyevin şəxsi göstərişi ilə, ARDNŞ-ın Bakı Neft Emalı Zavodunda Baş direktorun iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Onun bu vəzifədə əldə etdiyi nailiyyətlərdən də ağızdolusu danışılır;

— 2003 – 2008-ci illərdə Böyük Britaniya və Almaniya qazma nəhəngi olan “KCA Deutag” şirkətinin Xəzər regionunda biznesin inkişafı menecerİ vəzifəsində çalışıb.
Burada işlədiyi zaman şirkət Xəzər regionunda 7 dəfə böyüyüb. O, bu nailiyyətlərin əldə olunmasında əsas rol oynayıb. Onun vasitəsi ilə,
bu şirkətin Azərbaycanda gəliri və layihələrinin sayı durmadan artıb. Üstəlik, şirkət üçün Qazaxıstanda yeni qazma layihələrinin alınmasında və Rusiyada mövqeyini möhkəmlətməkdə həlledici rol oynayıb;

— Ramin İsayev Xarici İşlər Nazirliyinin o vaxtkı rəsmiləri Xəzər İbrahimlə (hazırda ABŞ-da səfirdir) və Hikmət Hacıyevlə (hazırda Prezident köməkçisidir) birlikdə “NATO İctimai İnformasiya Mərkəzi” İctimai Birlyini təşkil edib. 2007 – 2008-ci illərdə isə, Mərkəzin icraçı direktoru vəzifəsini tutub;

— Sıfırdan qurub, yaratdığı, nüfuz sahibi etdiyi “SOCAR – AQŞ” və “Turan” Birgə Müəssisəsi kimi, Ramin İsayev, Azərbaycanda Amerikanın məhşur “Halliburton” şirkəti ilə də, Birgə Müəssisə yaradıb. O, işdən çıxandan sonra isə, Nəsib Həsənovun yaxın ətrafı hesab olunan bu işə məsul vəzifə sahiblərinin və digər əməkdaşların zəif iş qabiliyyətləri ucbatından, bu Birgə Müəssisəsinin fəaliyyətini normal səviyyədə davam etdirmək mümkün olmayıb. Son nəticədə, qurumun bağlandığı barədə elan verilib;

— “SOCAR – AQŞ” dünyaya inteqrasiya olunan ilk qazma şirkəti olaraq, Amerikanın “APİ Spec Q2” standartlarını tətbiq edən və sertifikatlaşan şirkət kimi, bu uğura Ramin İsayevin rəhbərliyi ilə nail olub. Həm də, dünyanın ilk qazma şirkətlərindən biri olaraq, Səriştəliliyin İdarə Edilməsi Sistemini (İADC Competeney Management System) tətbiq edən və sertifikatlaşan şirkət kimi, ona bu uğuru Ramin İsayev qazandırıb. Məhz onun bacarıq və istedadı sayəsində, “SOCAR – AQŞ” dünyada ilk qazma şirkəti olaraq, BMT Qlobal Sazişinin (UN Global Compact) lider şirkəti seçilib və 2019-cu ilin sentyabrında NyuYorkda BMT tərəfindən təltif edilib;

— “SOCAR – AQŞ” dünyanın biznes və fikir liderlərinin daxil olduğu İsveçrənin Cenevrə şəhərindəki Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurası (WBCSD)
təşkilatına da, Ramin İsayevin göstərdiyi xüsusi səy nəticəsində qəbul edilib. Qurumun Sammitlərində dəfələrlə Qlobal İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf barədə trend yaradan və yadda qalan çıxışlar edib;

— Ramin İsayevin təşəbbüsü ilə, 15000 PSİ-lik preventorlar da Azərbaycana gətirilib. Bu, həm qazmanın təhlükəsizliyini kəskin şəkildə yaxşılaşdırıb, həm də Xəzərdəki yüksək təzyiqli qaz yataqlarının dərin laylarında qazma işini mümkün edib. Elə, 10

milyardlarla kubmetr yeni qaz ehtiyatlarının kəşfinə təkan verən də, onun tətbiq etdiyi bu yenilik olub;

— Ramin İsayev ilk və yeganə azərbaycanlıdır ki, dünyanın tanınmış birinci və ikinci universitetləri olan Harvard və MİT-i bitirib və hər iki ali məktəbin seçkili idarəetmə orqanlarında 3 il xidmət edib.
Üstəlik, ilk və yeganə azərbaycanlı kimi, iqtisdadiyyat və maliyyə sahələrini korifeylərdən öyrənib. Milton Fridman və Robert Solow kimi nəhəng iqtisadçılar da daxil olmaqla, Nobel mükafatı almış 6 nəfər məhşur iqtisadçının ən parlaq tələbəsi olaraq, adını tarixə yazdırıb.
O, ABŞ Prezidenti İqtisadi Müşavirlər Şurasının sədri, məşhur iqtisadçı Gregory Mankiewin də tələbəsi olub və onun dünyaca məşhur
“İqtisadiyyatın əsasları”
(“Principles of Economics” ) əsərini azərbaycan dilinə tərcümə edərək, nəşr etdirib. Kitabı iqtisadi qurumlara, kitabxanalara və ali məktəblərə hədiyyə olaraq paylayıb;

— Ramin İsayev UNEC və Xəzər Universitetlərində bir çox iqtisadi və maliyyə fənnlərindən ingilis dilində mühazirələr oxuyub və yüzlərlə dünya səviyyəli mütəxəssislər yetişdirib. O, regionda analoqu olmayan “Baku Drilling School”-u yaratmaqla, IWCF və İADC Well Sharp sertifikatlı yüzlərlə qazma mütəxəssisləri hazırlayıb. Bu məktəbdə Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən, habelə Rusiya və Azərbaycandan olan qazmaçı neftçilər mükəmməl təhsil alıblar;

— Ramin İsayev Norveçin Dövlət Neft Şirkəti olan “StatOil”-da (“Equinor”) işləyən zaman, bu şirkətin Əlcəzairdə 2 qaz yatağı, İranda 2 layihəsi, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstanda yeni layihələri üzrə sanballı və önəmli müqavilələr imzalamasında əsas rol oynayıb. Bu möhtəşəm nailiyyətlərinə görə də, yüksək səviyyədə mükafatlandırılıb. Azərbaycan hökümətinin və BP-nin təklifi ilə, Ramin İsayev Böyük Britaniya Kral Cəmiyyətinin “Çatham Evi” (“Chatham House”) Beynəlxalq Münasibətlər İnstitutunda 2007 və 2008-ci illərdə “Dependency, Depletion, Development” tədqiqat layihəsində ölkəmizin təmsilçisi olub və eyni adlı kitabın yazılmasında yaxından iştirak edib;

— Ramin İsayev, hətta dünya fikir liderləri A. İoffe, Ceffri Saks, Vaslav Smil, M. Tegmark və R. Kurzvveil ilə birlikdə ən öncül tədqiqat layihələrində iştirak edən və Qlobal iqlim Dəyişikliyi, Bərpaolunan Enerji, Yaşıl İqtisadi Artım və Süni Zəka texnologiyaları sahəsində ən öncül sırada dayanan azərbaycanlıdır;

– “Ümid” qaz-kondensat yatağının 7-ci horizontu ehtiyatlarının tam müəyyən edilməsindəki əsas roluna görə, mərhum akademik Xoşbəxt Yusifzadənin şəxsi təqdimatına əsasən, Ramin İsayev Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib;

— Ramin İsayev iş və intellektual fəaliyyətlə yanaşı, idmanda da böyük nəaliyyətlər əldə edib. 1989 – 1995-ci illərdə Kung-Fu ilə peşəkar səviyyədə məşğul olub və 1995-ci ilin may ayında ölkə çempionu adına layiq görülüb…

Ramin İsayevin adına yazılan uğur və nailiyyətlər bunlarla da bitmir. Lakin onunla qərəzçilik edən vəzifə sahibləri şəxsi fəaliyyət istiqamətlərinin xronologiyasına xoşagəlməz uydurmalar “yapışdırmaq” istəyirlər. Guya, o, həm KCA Deutag”, həm də “SOCAR – AQŞ” qurumlarında tutduğu vəzifələrdən biabırçı şəkildə qovulub. Lakin araşdırma zamanı üzə çıxardığımız həqiqət və reallıqlar, cəfəng və böhtan xarakterli belə məlumatları dövriyyəyə buraxan yalançıların “ağızları üstünə sərt şillələrini vurur”.
Elə, götürək, “SOCAR – AQŞ”-dən və “Turan” BM-dən getmə səbəblərini; Ramin İsayevi kimsə işdən çıxartmayıb, onun özü sıfırdan qurub, yaratdığı bu müəssisələrdə baş verən haqsızlıqlara dözməyib. Buna kəskin etiraz kimi, öz ərizəsi ilə işdən getmək məcburiyyətində qalıb. Onun işdən çıxması barədə yazdığı və Direktorlar Şurasına təqdim etdiyi ərizəsi də, redaksiyamızda, bizim əlimizdədir. Onu da qeyd edək ki, vəzifəsindən gedəndən sonra, dəfələrlə, işinə qaytarmaq üçün, xahiş-minnətlə dalınca gedənlər də olub, lakin, o, bunu qəbul etməyib…

…Artıq bir ilə yaxındır ki, dözülməz şəraitdə məhbəs həyatı yaşayan bu şəxs işlədiyi uzun müddət ərzində dövlətimizə, səhmdarlara, “NEQSOL Holding”-ə və “SOCAR – AQŞ”-yə milyonlar deyil, hətta milyardlar qazandıran vəzifə saibi olub. Bundan əlavə, o, rəhbəri olduğu qurumun minlərlə işçisinin də, dərin hormət-rəğbətini qazanmağı bacarıb. Belə şəxsi xarakter göstəricilərini özündə cəmləşdirən tanınmış şəxsin istintaq təcridxanasında saxlanması yolverilməzdir. Ölkə iqtisadiyyatına nə az, nə çox, düz 6 milyard dollara yaxın pul vəsaiti qazandıran Ramin İsayevin adı ətrafında, heç nədən çəkinməyən vəzifə sahiblərinin düzüb-qoşduqları əsl faciədir. Bu isə, milyarder səhmdar Nəsib Həsənovun heç vecinə də deyil. Bu azmış kimi, ətrafında olan və səlahiyyət verdiyi qaraguruhçu vəzifə sahiblərinin də, xətrlərinə dəymək istəmir. Onların həyata keçirdikləri biabırçı oyunlar onu narahat etmir.

Yazının sonunda bir daha qeyd etmək istəyirik ki, belə bir şəxsin sifarişli həbsdə saxlanması həm dövlətimizin imicinə, həm də ölkəmizin adına ləkədir. Amma onu da unutmaq olmaz ki, ataların belə bir zərb-məsəli var: “Haqq nazilər, üzülməz”. Yəqin ki, gec-tez haqq-ədalət öz yerini tapacaq.

(DAVAMI VAR)

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.