2024-cü il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədovun Ədliyyə naziri vəzifəsinə təyin edilməsindən sonra ədliyyə orqanlarında köklü dəyişikliklərə nail olmaq üçün mühüm addımların atıldığını müşahidə etməkdəyik. Müşahidələr göstərir ki, ədliyyə orqanlarında şəffaflığın, yüksək səmərəliliyin təmin edilməsi, bürokratik əngəllərin və rüşvət-korrupsiya hallarının aradan qaldırılması istiqamətində ciddi iradə nümayiş olunur.

Mübaliğəsiz demək olar, məhz bu müddət ərzində Məhkəmə-Hüquq Şurasının “işğaldan azad edilməsi” və bu sahədə müstəqilliyin əldə olunması ölkənin bütün sahələr üzrə gələcək inkişafı üçün möhkəm bünövrə yaratmış olur. Heç şübhəsiz, müstəqil məhkəmələrin olmaması dövlətçiliyin ideoloji əsaslarını sarsıdar və iqtisadi mühiti tamamilə tormozlayardı. Müsəqil məhkəmə hakimiyyətinin olmaması xarici sərmayələrin ölkəyə cəlb edilməsi istiqamətində də əsas əngəllərdən biri sayılır.

Prezident İ.Əliyevin yeni təyin olunan kadrlar qarşısında əsas tələblərindən biri məhz bu amildir: korrupsiya aradan qaldırılsın, şəffaf idarəçilik prinsipləri formalaşdırılsın, bacarıqlı kadrlar önə çəkilsin, günahsızlar deyil, günahkarlar cəzalandırılsın və s.

F.Əhmədovun qısa bir müddət ərzində ədliyyə orqanlarını “savadlı korrupsionerlər”dən xilasetmə əməliyyatlarına start verməsi və uzun illər boyu bu sahədə kök salan məmur özbaşınalığının aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atması ümidvericidir. Ələlxüsus, yeni Nazirin ədalət mühakiməsinin təmin ediməsində mühüm rol oynayan müstəqil ekpertizası və məhkəmə qəraralarının icrasının səmərəliliyinin artırılması sahəsində bu addımları atması xüsusilə təqdiralayiqdir. Qısası, Prezident etimad göstərib və bu etimad doğrulmalıdır.

Təbii ki, yeni nazirin atdığı pozitiv addımlar alqışlanmalıdır. O, bir neçə aydır nazir postuna təyinat alıb və qısa bir müddət ərzində problemlərin tamamilə həllini gözləmək sadəlövlük və ədalətsizlik olardı.

Amma hələ də öz möhkəm mövcudluğunu qoruyub saxlayan ciddi problemləri diqqətə çatdırmağı da məqbul hesab edirəm.

Ədliyyə orqanları sahəsində atılan addımların davamı olmasa və bu addımlar daha qətiyyətli şəkildə həyata keçirilməsə, bir müddət sonra görülən işlər “kosmetik islahat” kimi səciyyələndirilə bilər və bu üsulla da heç kəsi aldatmaq olmayacaq. Korrupsiya, işgəncələrin verilməsi, cəzasızlıq mühiti və s. hələ də “bufer problemlər” kimi ədliyyə orqanlarını neqativ vtirinə daşıyır. Dövlət başçısının yeni təyin edilən məmurlar qarşısında konkret tələbləri var və bu tələblər şəksiz icra olunmalıdır. Səthi qərarlar və “gözdən pərdə asmaq” üçün görülən tədbirlər dövlətin möhkəmləndirilməsi istiqamətində Prezidentin atdığı addımlara adekvat ola bilməz.

Məsələn, Penitensiar Xidmət hələ də Sovetlər dövründən “miras” qalan idarəçilik prinsiplərinin əsirinə çevrilib. Penitensiar sistemdə şəffaflığın təmin edilməsi üçün dövlət mümkün olan bütün qərarları verib. Bircə o qalır ki, bu qərarlar doğru-dürüsüt icra olunsun.

Obyektivlik naminə deməliyik ki, Penitensiar Xidmətə yeni rəhbər təyin olunandan sonra pozitiv addımların atıldığını və nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlərin görüldüyünü müşahidə edirik. Lakin bütün bunlar yetərli deyil. Probasiya sahəsində şəffalıq təmin olunarsa, penitensiar sistem də müasir standartlara da cavab verər və görülən tədbirlər də vaxt itkisinə səbəb olmaz.

Təcrübə göstərir ki, yeni penitensiar müəssisələr inşa olunsa da, məhbuslar arasında sıxlıq aradan qaldırılmayıb, məhbusların lazımı səviyyədə islah olunması təmin edilməyib, korrupsiya, işgəncə və pis rəftarın və s. qarşısı alınmayıb. Əksinə bu neqativ hallar günbəgün şişməkdə və inkişaf etməkdədir.

Yeni Nazir ölkədə cinayətkarlığın səviyyəsini aşağı salınmasını əsas prioritet kimi qarşıya qoyursa, o zaman probasiya sahəsinə diqqət yetirməlidir.

F.Əhmədov probasiya sahəsində köklü dəyişikliklərə nail olmaq üçün onunla eyni baxışlara – daha praqmatik düşüncəyə sahib olan şəxslərlə bu işi həyata keçirə bilər. Hüquq-mühafizə orqanlarının “klassik” əməkdaşları ilə buna nail olmağın mümkünsüzlüyü şübhə doğurmur.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə hələ də lazımı səviyyədə probasiya sistemi qurulmadığından penitensiar müəssisələrə gedən məhbus axınının qarşısının alınması mümkün olmayıb. Qapalı müəssisələrdə saxlanılan şəxslərin şərti olaraq vaxtından əvvəl azad edilməsində istifadə olunan “Komissiya”nın korrupsiya mexanizminə çevrilib və hazırda bu mexanizmdən məhbusların sayının azadılması üçün yox, yalnız və yalnız rüşvət yığmaq üçün istifadə olunur. Avropa ölkələri ilə müqayisə etsək, penitensiar müəssislərdə saxlanılan şəxlərin probasiya qurumlarında qeydiyyatda olan şəxslərə nisbətdə saylarının kifayət qədər az olduğunu görə bilərik. Əksinə probasiya sistemində qeydiyyatda olan şəxslərin sayının artması həmin ölkələrdə cəza-icra sistemində humanistliyin, cəmiyyətdən təcrid olunmadan səmərəli islah sisteminin inkişafının göstəricisidir.

Ən əsası, həmin ölkələrdə probasiya sistemləri yeni cinayətlərin törədilməsinin qarşısının alınması və penitensiar müəssisələrdə sxılığın aradan qaldırılması istiqamətdində çox mühüm rol oynayır. Məhz buna görə də həmin dövlətlər əsasən yeni həbsxanaların tikilməsi üçün gələcəyi olmayan sərmayə yatırmaq əvəzinə, gələcəyin səmərəli mexanizmi olan və ədalət mühakiməsinin bütün mərəhələrində istifadə oluna bilən probasiya sistemini inkişaf etdirirlər.

İnanıram ki, yeni nazir F.Əhmədov dövlətçilik prinsiplərini və Prezidentin tapşırıqlarını-inkişaf strategiyasını əsas götürərək göstərilən nöqsanların aradan qaldırılmasına nail ola bilər.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.