Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili oktyabrda keçiriləcək parlament seçkilərində müxalifətin vahid siyahısının yaradılmasına çalışır.
araz.az “Newsgeorgia” nəşrinə istinadla xəbər verir ki, Saakaşvili bunu lideri olduğu Vahid Milli Hərəkatın(VMH) prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”na qoşulmasını şərh edərkən bildirib.
Xartiya avropapərəst müxalifət üçün vahid fəaliyyət planıdır, lakin o, ümumi strukturun və ya ümumi siyahıların yaradılmasını məcbur etmir.
Saakaşvili hesab edir ki, daha irəli getmək lazımdır.
Gürcüstanın həbsdə olan üçüncü prezidenti deyib: “Biz vahid prezidentliyə namizəd üzərində koordinasiya etməyi bacarmalıyıq və “maksimum vahid siyahılar” məsələsində razılaşmalıyıq.
Əvvəllər “Ağmaşenebeli strategiyası” istisna olmaqla, digər qərbyönlü müxalifət partiyaları VMH ilə birgə siyahıları istisna edirdi.
Saakaşvili bu gün bildirib ki, VMH siyahılardakı “kvotaların yarısını” digər partiyalara verməyə və onların reytinqlərinə əsasən bölüşdürməyə hazırdır.
Xatırladaq ki, dünən Gürcüstanda avropayönlü müxalifət partiyaları prezident Salome Zurabişvilinin təklif etdiyi birgə Fəaliyyət Xartiyası imzalayıblar.
Ölkədə növbəti parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək…
araz.az xəbər portalı.