Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin ev sahibliyi ilə, “Bakı Gənclər Debat Forumu: Yaz, 2024”-ün bu yaxınlarda mükafatlandırma mərasimi keçirilib.

Bu barədə qurumdan araz.az-a daxil olan məlumata görə, tədbirin açılış mərasimində Bakı Dövlət Universitetinin Humanitar Məsələlər və Gənclər Siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Əli Abdullazadə, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak ediblər.

İlin ən həyəcanlı və rəqabət dolu ən böyük Debat Forumu olan bu layihədə, ümumilikdə, 2 gün ərzində Bakının 15 müəssisəsini təmsil edən 40 komanda, 1000-dən çox gəncin spiker, hakim, auditoriya kimi iştirakı qeydə alınıb.

“Ekoloji problemlərlə mübarizədə həyata keçirilən tədbirlər ölkənin iqtisadi inkişafında effektiv rol oynayır” mövzusunda keçirilən Debat Forumun Azərbaycan bölməsi üzrə çempionu Bakı Dövlət Universitetinin “Qeyd-şərtsiz” komandası, Rus bölməsi üzrə qalibi isə, Azərbaycan Neft və Sənaye Universitetinin “Ovod” komandası seçilib.

Forumun hər iki bölməsi üzrə, natiqlik qabiliyyəti ilə seçilən ən yaxşı 18 natiq də müəyyən olunub. Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşısı Azərbaycan Texniki Universitetinin tələbəsi Gülər Adıgözəlli, rus bölməsi üzrə isə, Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi Leyla Mirzayeva seçiliblər.

Məlumatda bildirilir ki, tədbirin sonunda Debat Forumun ən maraqlı anlarını əks etdirən video-çarx nümayiş olunub. Ən yaxşı natiqlərin, ən yaxşı məşqçilərin, ən yaxşı hakimlərin, finalçı və çempion komandaların mükafatlandırılması anları da maraqlı alınıb.

Ümumiyyətlə, belə Debat Forumun keçirilməsində əsas məqsəd gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə, onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.
Yeri gəlmişkən,, onu da qeyd etmək istəyirik ki, “Bakı Gənclər Debat Forumu: Yaz, 2024” layihəsinin əsasnaməsinə uyğun olaraq, fevral – aprel ayları ərzində ali təhsil müəssisələrində debat klubların təqdimatları, təlimlər, görüşlər və seçim turnirləri olmaqla, ümumilikdə, 100-dən artıq aktiv fəaliyyət həyata keçirilib. Bu mərhələləri uğurla keçən komandalar əsas Forumda iştirak haqqı qazanıblar.

 

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.