Bu barədə Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu fakültədəki “Azərbaycan Mətbuat Şurası” auditoriyasında keçirilmiş iclasın gündəliyi barədə məlumat verib.
V. Zifəroğlu bildirib ki, Şuranın Katibliyi tərəfindən quruma daxil olmuş şikayətlər üzrə müvafiq araşdırma işləri aparılıb. Müəyyənləşdirilib ki, ayrı-ayrı media orqanları ilə bağlı məsələlər məhkəmə müstəvisinə də çıxarılıb. Buna görə də onların komissiyada müzakirəsi Şuranın nizamnaməsinə uyğun deyil. V.Zifəroğlu bu cəhətin cəmiyyətə çatdırılmasına və məsələyə dair Mətbuat Şurasının ayrıca maarifləndirici məlumat yaymasına ehtiyacın duyulduğunu vurğulayıb. Belə ki, Şuranın nizamnaməsində bildirilir ki, qurum məhkəmə icraatında olan şikayətlərə baxmır.
Bununla belə iclada həmin şikayətləri doğuran motivlərə diqqət yetirilib. Müəyyənləşdirilib ki, ayrı-ayrı vətəndaşların media orqanlarından narazılıqlarını doğuran konkret cəhət qarşı tərəfin mövqeyinin təqdimatına əhəmiyyətsiz yanaşmadır. Bu isə şikayətçilər tərəfindən müxtəlif cür qiymətləndirilir ki, qiymətləndirmələr sırasında şərəf və ləyaqətin təhqirindən tutmuş, işgüzar nüfuza xələl gətirilməsinədək bir çox xüsuslar var. Ona görə də media və jurnalistlər tənqid obyektlərinin mövqeyinin öyrənilməsinə ciddi yanaşmalıdırlar. Bu tələbə sonradan yox, məhz materiallar hazırlayarkən diqqət yetirməlidirlər ki, ictimaiyyətə ötürülən mesaj dolğun və obyektiv olsun.
İclasda “AzEstetik Group” MMC-nin “Publika.az”, “Moderator.az”, Bakunews.az”, “Hakimiyyet.info” saytlarında gedən yazılardan şikayətinə də baxılıb. Məlum olub ki, həmin materiallarda narazılıq doğuran başlıca motiv Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözügedən şirkətlə bağlı bildirdikləridir. Şuranın Katibliyinin adı çəkilən saytlarla apardığı fərdi söhbətlər zamanı onlar “AzEstetik Group” MMC-nin fikirlərinin də təqdimatına hazır olduqlarını bildiriblər. Şikayətlər üzrə Komissiya bu mövqeni məqbul qiymətləndirib. Komissiya, eyni zamanda, belə qənaətdədir ki, ümumən sözügedən media orqanlarının da tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmaları, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmaları mütləqdir.
Şikayətlər üzrə Komissiyada media adından sui-istifadə ilə bağlı MŞ-yə daxil olmuş bir şikayətə də nəzər salınıb. Bildirilib ki, bu kimi hallar bilavasitə Şuranın səlahiyyətinə aid olmadığından, belə şikayətlərin aidiyyatı üzrə göndərilməsi və görülən tədbirlərin diqqətdə saxlanılması vacibdir.
araz.az xəbər portalı.