Beynəlxalq şirkətlər AQC ilə əməkdaşlıq edəcək.

Audit və qiymətləndirmə sektorunda dünyanın aparıcı dörd şirkəti olan (“Big Four”) “Deloitte & Touche”, “KPMG” və “PwC” beynəlxalq şirkətlərinin nümayəndələri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini (AQC) ziyarət ediblər.

araz.az   xəbər verir ki, qonaqları salamlayan AQC sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, AQC ötən əsrin sonlarından etibarən faktiki olaraq qiymətləndirmə sektorunda tənzimləmə mexanizmlərini həyata keçirir: “Peşəkar qiymətləndiricilərin hazırlanmasını, təlim, tədris və sertifikasiya prosesinin həyata keçirən yeganə qurum olaraq beynəlxalq təşkilatlar, dövlət qurumları, maliyyə təsisatları, assosiativ birliklər, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edirik. Ölkə qiymətləndiricilərinin koordinasiyalı fəaliyyətinə nail olaraq bu sahədə mövcud olan neqativ halların aradan qalxmasına mühüm töhfələr veririk” – Vüqar Oruc vurğulayıb.

O qeyd edib ki, Azərbaycan qiymətləndiriciləri tarixi bir prosesin astanasındadır. “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulunda iştiraklarından söz açan sədr bu təşəbbüsün ilk dəfə AQC tərəfindən irəli sürüldüyünü qeyd edib: “Yeni qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsində də AQC yaxından iştirak edib. AQC sədri olaraq mən və sədrin birinci müavini Ramil Osmanlı qanunla bağlı Cəmiyyətin mövqeyini diqqətə çatdırmışıq. Artıq qanun qəbul edilib və yaxın aylarda Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətə başlayacaq. Ümidvarıq ki, bu proses qiymətləndirmə sektorunun inkişafında yeni mərhələ olacaq və ACQ olaraq biz də bu prosesdə yaxından iştirak edəcəyik”.

“Big Four”a daxil olan “Deloitte & Touche”, “KPMG”  və “PwC” şirkətlərinin rəsmiləri Kamran Xanməmmədov, Kirill Martınov və Mixail Çubarov AQC ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıblar. Onlar qeyd ediblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndirmə sektorunun inkişafına mühüm töhfələr verib və beynəlxalq qiymətləndirmə sisteminə uğurla inteqrasiya olunmaqdadır. “Big Four” təmsilçiləri AQC sədri Vüqar Orucu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti seçilməsi münasibətilə təbrik edib. Tərəflər qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəliblər.

Görüş gələcəyin əməkdaşlığın istiqamətləri mövzusunda səmimi müzakirələrlə davam etdirilib. Görüşdə AQC-nin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin rəhbəri Nail Həşimov da iştirak edib.

araz.az xəbər portalı.