Siqaretdən istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə daha iki ciddi cərimə əlavə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov bildirib. O, sahibkarların xüsusən diqqətli olmasını tövsiyyə edib. İXM-ə yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir:
“212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi – yüz manat məbləğində cərimə edilir.
212.5. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə – vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
212.3-cü maddəni qısa şərh etsək, belə aydın olur ki, 18 yaşı çatmayan şəxsə siqaret vermək, ona siqaret almaq, yaxud ona siqaret çəkməyi təklif etmək 100 manat cəriməyə səbəb ola bilər. Ona görə də sizə yaxınlaşıb “Day-day, bir siqaret olar” deyən yeniyetmələrlə ehtiyatlı olun.
İkinci xəta (212.5-ci maddə) isə həm marqlıdır, həm də ciddi mübahisələr vəd edir, çünki bu cərimə sahibkarlara və hüquqi şəxslərə tətbiq oluna biləcək. Marqlısı odur ki, İXM-in 212-ci maddəsi iş yerlərində və müxtəlif obyektlərdə “siqaret çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün 1000 manat). Belə olan halda “tütün çəkilməsinin qarşısının alınmaması” ifadəsinin nəyi ehtiva etdiyi bir qədər mücərrəd qalır. Şübhəsiz ki, məsələn, obyektində siqaret çəkildiyini görən sahibkar həmin adamın əlindən siqareti ala bilməyəcək. Bu yolverilməz və təhlükəlidir. Uzaq başı, ona sözlə xatırlada biləcək ki, bizdə siqaret çəkilmir. Bu da sözdür və əslində buna da ehtiyac yoxdur, çünki obyektin divarında belə qadağanı bildirən yazı onsuz da olmalıdır.
Bu gündən rəsmi hüquqi qüvvə alan qanuna əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaqlar. İXM-ə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə – əlli manat məbləğində cərimə edilir.
Bu normanı hərfi mənasında təfsir etsək, belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər. Ona görə də adət etdiyiniz kimi harada gəldi, yəni küçədə, parkda, çəmənlikdə, həyətdə, hətta meşədə və s. bu kimi yerlərdə siqaret kötüyünü atmayın. O cümlədən taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə də 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı.
İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilərlər.
Taksidə siqaret çəkən sürücü və sərnişinləri YPX, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Nəqliyyat Agentliyinin, küçədə piyada kimi hərəkət edərkən siqaret kötüyünü yerə atan şəxsləri isə PPX-nin əməkdaşları məsuliyyətə cəlb edəcək.
araz.az xəbər portalı.