Etibar ƏLİYEV,
millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün mötəbər tədbirlərdəki çıxışları dünyanın diqqətini cəlb edir.
Tarixə müraciət etsək, görərik ki, müdrik dövlət başçılarının irəli sürdükləri fikirlərin aktuallığı heç zaman itmir. İlham Əliyevin çıxışları yeniliklərlə zəngin olur və bütün mövzuların fəlsəfəsi açılır. Bu, əlbəttə ki, geniş mütaliə, dövləti idarə etmək təcrübəsi və intuisiya ilə sıx surətdə bağlıdır.
Torpaqlarımız ermənilər tərəfindən işğal olunanda ermənilər analoqu olmayan genosid törətdilər. Prezident İlham Əliyev erməni vəhşiliklərinin daha dərindən dərki üçün daha 3 anlayışı siyasi leksikona gətirdi: “Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir.”
Ekosid – canlı təbitətin kütləvi şəkidə məhv edilməsidir və Beynəlxalq hüquq çərçivəsində ağır cinayət sayılır. Dünyanın ekoloji hüquq sahəsində tanınmış mütəxəssisi Polli Hiqqins ekosidi “zəmanəmizin görünməyən beynəlxalq cinayəti” adlandırıb. O, sübut edir ki, ekosid hüquq nöqteyi-nəzərindən etnik təmizləmə və genosidlə ekvivalentdir. Ekosid törədənlər Beynəlxalq Haaqa Cinayət Məhkəməsinin qarşısına çıxarılmaldırlar.
44 günlük Vətən müharibəsi və zəruri antiterror əməliyyatından sonra torpaqlarımız işğaldan azad olundu və artıq doğma torpaqlarımıza gələn xaricilər də urbisid, kultursid və ekosidin nəticələrini görüblər. Törədilən amansız genosid haqqında faktlarla isə bütün dünyanı tanış etmişik. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində çıxış etdi. Həmin çıxışdan: “Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.”
Prezidentin işlətdiyi “ekzistensional təhlükə” anlayışı çağımız üçün yenidir. Ekzistensiya (latınca existentia -mövcudluq) fəlsəfənin anlayışıdır. Böyük filosof Jan Pol Sartr ekzistensializmi -humanizm kimi dəyərləndirirdi. Bu anlayış XXI əsrdə tamamilə başqa məzmun kəsb edir.
Ekzistensional təhlükə – bəşəriyyətin (insanlığın) uzunmüddətli potensialına yaranan təhlükədir. Uzunmüddətli potensial geniş diapazona malik olan anlayışdır, bizim üçün açıq olan gələcəyin bütün mümkün variantlarının məcmusudur və bu prosesdə insan potensialının zəifləməsi geridönməz xarakter daşıyır. Buna görə də bəşəriyyətin qarşısında duran əsas məsələ mövcud potensialı qorumaq və onu gələcəkdə məhvolma riskinə məruz qoymamaqdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gələcək nəsilləri qorumağa səsləyir. İndi gələcəkdə böyük potensiala malik olan bir uşaq təsəvvür edin. Onun üçün müxtəlif parlaq gələcək variantları var. Bizim üzərimizə düşən vəzifə onu gələcək travmalardan və təhsilsizlikdən qorumaq olmalıdır. Uşağın potensialının gerçəkləşdirilməsi üçün bütün yollar açıq olmalıdır.
Bəşəriyyətin də yolu buna bənzəməlidir.
araz.az xəbər portalı.