Aprel ayında intihar edən Ali Məhkəmənin hakimi İlqar Dadaşovun son qərarlarından biri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xeyrinə olub. Həmin qərar indi böyük müzakirə mövzusudur.

araz.az    xəbər verir ki, söhbət “Diqlas” ticarət mərkəzində 2019-cu ildə baş verən yanğınla bağlı davam edən məhkəmə çəkişmələrindən birindən gedir.

Əldə etdiyimiz məlumata görə, İlqar Dadaşov əvvəlki iki instansiyanın qərarlarının ziddinə gedərək keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xeyrinə qərar çıxarıb. Belə ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün depressiv vəziyyətdə olduğu dövrdə İlqar Dadaşov işlərə baxaraq yeni qərarlar da çıxarıb. “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı ödəniş barədə məhkəmə çəkişməsi də bunlardan biri olub.

Ticarət mərkəzini idarə edən Diqlas-2 MMC məhkəməyə müraciət edərək sığorta şirkətindən dəymiş zərərə görə 410 min manat tələb edib. Bakı Kommersiya və Bakı Apellyasiya Məhkəməsi Diqlas-2 MMC-nin iddiasını rədd edib, Ali Məhkəmənin hakimi İlqar Dadaşov isə zərərin ödənilməsi barədə qərar çıxarıb və həmin qərarı dəyişdirilməsi çətin olan 3 ulduzla qiymətləndirib.

Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzinin sahibi Diqlas-1 MMC olub, bu şirkətin rəsmi təsisçisi Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Diqlas-2 MMC isə Diqlas-1 MMC ilə müqavilə bağlayaraq ticarət mərkəzini idarə edib. Şirkətdə sonradan kimlərin pay sahibi olması haqda daha ətraflı məlumat verəcəyik.

Xatırladaq ki, Ali Məhkəmənin hakimi İlqar Dadaşov 62 yaşında yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

araz.az xəbər portalı.