Azərbaycan Macarıstanın Avropa Birliyi tərəfindən təzyiqə məruz qalmasından narahatdır.
araz.az bildirir ki, bu barədə iyunun 6-da dövlət başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə danışıb.
İlham Əliyev deyib ki, Macarıstan Avropa İttifaqında böyük təzyiqlərə məruz qalır:
“Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər. Bu, ağlasığmaz bir məsələdir. NATO-nun üzvü olasan, Avropa İttifaqının üzvü olasan, Avropanın mərkəzində yerləşəsən, öz siyasətini aparmaq istəyən bir ölkəyə sanksiya tətbiq edilir. Bəs demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir”.
Ölkə başçısı Azərbaycanın Avropa ailəsinə üzv olmaq istəmədiyini vurğulayıb:
“Biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də, heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin”.
İlham Əliyev Ermənistanla danışıqlarda Yerevana ünvanladığı təkliflərə də toxunub:
“Ermənistana təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure-hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.
Prezident qeyd edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil:
“Ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda Ermənistanla sülh sazişi bağlaya bilmərik. Həm də, bilirsiniz, daha sonra deməliyəm ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın, Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhval-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik”.
Prezidentlə görüşdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini iştirak ediblər.
araz.az xəbər portalı.