Tahir Süleymanov
Beynəlxalq dərəcəli hakim
Azərbaycan futbolunda hələ belə inamsızlıq yaşanmamışdı. Müharibənin, siyasi-iqtisadi xaosun tüğyan etdiyi 90-cı illərin əvvəllərində belə sabahın futboluna ümid var idi. İşıqsız, qazsız, susuz, baxımsız stadionlarda tribunalar dolardı. Ac-yalavac futbolçular, yox, usta futbolçular meydana çıxır, mübarizə aparır, heç oyundan sonra isti nədi, soyuq suyun olmamasını göz önünə gətirmirdilər. Çünki, çünki sabaha inam var idi…
Vəziyyət düzəldi, “peraşki” dövrü yaddan çıxdı, azarkeşlər yenidən stadionlara axışdı. Artıq ölkə çempionatlarında stadionlar dolurdu, tribunalara 15-20 min azarkeş toplaşırdı. Gəncə, Tovuz, Lənkəran, Yevlax, Zaqatala, İmişli, Qəbələ…
Rəqabət, səviyyə ildən-ilə artırdı. Avropanın böyük futbol qapıları döyülürdü. Nəhayət xəyal görünən qruplar gerçəyə çevrildi. “Neftçi”, “Qarabağ”, “Qəbələ”…
Azərbaycana kimlər gəlmədi. “İnter”, “Çelsi”, “Borussiya”, “Atletiko”, “Totenhem”, “Roma”…
Birmənalı, qruplara layiq “Xəzər Lənkəran”, “Bakı”, “İnter” də var idi. Dağılmasaydılar “Karvan”, “Turan”, “MKT-Araz” da bu yolu gedə bilərdi. Hələ “Kəpəz”, “Şəmkir”, “Xəzər” Sumqayıt, “Araz”, Naxçıvan, “Kür” Mingəçevir və digərləri dirçəlməliydi…
Hər il futbol bayrama çevrilirdi…
Çox gördülər…Daraşdılar futboldan bixəbərlər futbola. Klublar dağıldı, dağıdıldı. İnam inamsızlıqla əvəz olundu. Artıq azarkeş Azərbaycan futboluna inanmır. İmansızlar inamı əllərindən alıblar…
Təqaüd alan kim, keçmiş milli məşqçilərdən əcnəbi fəryadı qoparan kim, təsadüflərin kabinet oyunları qələbələrinə vuran kim, rahat futbol həyatını davam etdirən kim…Hərə öz kefində, işində, gücündə…
Bir narahat olan Azərbaycan, millət, sevgisi olan azarkeşdi. Milli üçün də ürəyləri yanır, klub istəyi də qəlbləri dalır…
İnam(sızlıq)…
İnam sızlaya sızlaya inamsızlaşır, inamsızlaşdırılır. Artıq Azərbaycan futbolunda biganəlik tüğyan edir.
Bu gün Londonda futbol var. “Qarabağ”ımız oynayacaq. Heç kimin marağında deyil. Çünki Azərbaycan futbolu heç kimə maraqlı deyil. Futbola inamı azarkeşin, xalqın əlindən alıblar.
90-nın ortaları idi. Sumqayıtın “İnşaatçı” stadionunda qaçqın-köçkün “Qarabağ” “ev” oyununa çıxırdı. Baş hakim idim. Klub rəsmisi yanıma gəldi, qetrıların (corabların) çatışmadığnı bildirdi. 11 cüt (!) eyni rəngdə corab yox idi. 1-2 corabın oxşar rəngdə geyinilməsinə icazə istənilirdi…Sabahın futboluna inam var idi…
Bu gün böyük futbol gecəsidir. “Qarabağ” “Arsenal”ın qonağıdır. Kiyev “Arsenal”ının deyil, London “Arsenal”ının…İnamı itirdiyi Azərbaycan futbolunun futbolun vətəni İngiltərədə inam(sızlıq) oyunu…
araz.az
araz.az xəbər portalı.