Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər” mövzusunda ingilis dilində məruzənin təqdimatı keçirilib.

araz.az   xəbər verir ki, tədbiri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açaraq məruzənin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə baş tutmalıdır.

Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısaca danışaraq deyib ki, sənədin ingilis dilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdə azərbaycanlı qaçqınlar barədə ətraflı məlumat vermək və birtərəfli yanaşmaların qarşısına keçməkdir.

BMTM-in şöbə müdiri Cavid Vəliyev isə azərbaycanlıların Ermənistandan deportasiyasının erməni millətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə həmçinin məruzənin hazırlanmasında iştirak edən ADA universitetinin beynəlxalq münasibətlər üzrə məzunları Elcan Həsənli və Sarvan Hüseynovun təqdimatları dinlənilib.

Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib.

Qeyd edək ki, BMTM tərəfindən hazırlanan “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər” sərlövhəli məruzə beş bölmədən ibarətdir. Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə detallı məlumat verilir. İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir. Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı mümkün siyasi həll istiqamətləri – azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, , onlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin, Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir. Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir. Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.

11:30

Qərbi Azərbaycan İcması və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər” mövzusunda ingilis dilində məruzəni təqdim edib.

araz.az   xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzənin təqdimat mərasimində çıxışı zamanı bunun bir ilk olduğunu bildirib:

“Biz ilk dəfədir ADA Universitetinin tələbələri ilə birlikdə ingilis dilində məruzə hazırlamışıq. “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər” adlı məruzədə münaqişənin tarixi, başlaması və s. haqqında tarixi faktlar və məlumatlar öz əksini tapıb. Bizi ittiham edirlər ki, guya Ermənistana qarşı ərazi iddialarımız var. Halbuki Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir və Ermənistana heç bir ərazi iddiası yoxdur. Artıq sülh prosesinin tərkib hissəsi kimi qaçqınların qayıdış məsələsi müzakirə edilir. Bütün bunlarla bağlı məlumatlar məruzədə əks olunub”.

araz.az xəbər portalı.