Bu gün Azərbaycanın görkəmli antropoloqu, türk tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm (Buntürk) Məmmədlinin anım günüdür.

araz.az   xəbər verir ki, bu münasibətlə görkəmli alimin məzarı ailə üzvləri, yaxın qohumları və dostları tərəfindən ziyarət olunub.

Tarixçı-alimin məzarı başında çıxış edən BDU-nun kafedra müdiri, tarix elmləri doktoru Tarix Dostiyev,  “Soydaş” İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı, “Xəzər” klinikasının baş həkimi, şair İlqar Yusifli Kərəm Məmmədovla bağlı xatirələrini danışdılar, alimin Azərbaycan və ümumtürk tarixinə verdiyi töhfələri qeyd etdilər.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin  Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov 10 iyun 2023-cü ildə ürəktutmasından vəfat edib.

Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstan Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. 1982-ci ildə BDU-nun Tarix fakültəsinə daxil olub. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin (Sankt-Peterburq Universiteti) Tarix fakültəsinə  göndərilib.

1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb. 1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2019-cu ildə Prezidentin İlham Əliyevin sərəncamı ilə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.

Kərəm Məmmədov 1991-1993-cü illərdə BDU-nun Tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışıb.

1996-cı ildən BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 2004-cü ildə BDU-nun Arxeologiya ve Etnoqrafiya kafedrasının dosenti, 2019-cu ildə Arxeologiya ve Etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib.

Kərəm Məmmədov elmi-pedaqoji fəaliyyətdi dövründə 2 dərslik, 100-dən çox elmi-metodiki vəsait və elmi məqalənin müəllifi, 2 kitabın və 6 dərsliyin həmmüəllifi

Allah rəhmət eləsin!

araz.az xəbər portalı.